Vətəndaşlar yazırlar: Azərbaycan xalqı çox xoşbəxt xalqdır ki, qayğıkeşliyi, humanistliyi ilə örnək olan Sizin kimi Prezidenti var
Samux rayonundan şəhid atası İlyas Ləzgiyev, Qarabağ müharibəsi əlili Səfər Hüseynov, 1-ci qrup əlil Bayram Məmmədov, əmək veteranı Ədalət Yusifova və Xurşid İbrahimova yazırlar: “Hörmətli cənab Prezident, Azərbaycan Prezidenti kimi ölkəmizin bütün sahələrdə inkişafı, xalqımızın sağlam və gümrah olması üçün böyük işlər görürsünüz. Siz və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ölkəmizdə yeni məktəblərin, uşaq bağçalarının tikilməsinə böyük diqqət göstərirsiniz. Siz gördüyünüz işlərlə bütün Azərbaycan xalqı kimi, Samux rayonunun Sərkar kəndinin ağsaqqallarının və ziyalılarının da rəğbətini qazanmısınız. Bu yaxınlarda 6 minə yaxın əhalisi olan Sərkar kəndində Heydər Əliyev Fondunun təşəbbüsü ilə üçmərtəbəli, 800 yerlik məktəb binasının və 100 yerlik uşaq bağçasının tikintisinə başlanılması sakinlərin böyük sevincinə səbəb oldu. Siz dünyanı bürüyən koronavirus bəlasından xalqımızı xilas etmək və onun sağlamlığını qorumaq üçün gecə-gündüz çalışırsınız. Bu günlərdə Sizin və Mehriban xanımın kəndimizdə imkansız ailələrə, əlillərə, qocalara, şəhid və Qarabağ müharibəsi əlillərinin ailələrinə etdiyiniz bu yardımlara görə Sizə minnətdarlığımızı bildiririk. Əminik ki, bizim sağlamlığımızın keşiyində müdrik və uzaqgörən Prezidentimiz dayanır. Ulu Tanrı Sizi və Mehriban xanımı qorusun!”.