Samux rayonunda ilk dəfə barama yetişdiriləcək.
Qax Damazlıq İpəkçilik Stansiyasında 20 min qutu hibrid ipəkqurdu sənaye toxumlarının (qrena) kümçülərə paylanması mərasimi keçirilib. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxsləri, Qax rayon İcra Hakimiyyətinin nümayəndələri, 8 rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərləri iştirak ediblər.
Hibrid ipəkqurdu sənaye toxumlarının kümçülərə paylanılması prosesinin may ayının birinci on günlüyünə qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, bu ilki mövsümdə Samux rayonunda 50 qutu olmaqla ilk dəfə barama yetişdiriləcək.
Xatırladaq ki, dövlətin baramaçılıq və ipəkçiliyi dəstəkləməsi nəticəsində fermerlər əsas işlərindən ayrılmadan kifayət qədər əlavə gəlir əldə etmiş olurlar. Belə ki, “Azərİpək” MMC yaş baramanı kümçülərdən 4 manata təhvil alır, dövlət isə istehsal olunan hər kiloqram yaş baramaya görə kümçülərə 5 manat subsidiya ödəyir.