Samux rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatı
25 aprel 2012-ci il tarixində “Samux rayon İcra Hakimiyyəti başçısının 2012-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda rayon hüquq - mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə müəssisə və təşkilat rəhbərləri, iş adamları, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar və mətbuat nümayəndələri iştirak edirlər.
Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev hesabat yığıncağını açaraq giriş nitqi söylədi. Cənab Alı Qocayev müstəqil Azərbaycan Respublikasının tarix baxımdan qısa bir müddət ərzində çox böyük siyasi və iqtisadi uğurlara nail olduğu, xüsusən son 8 il ərzində iqtisadi inkişaf səviyyəsinə görə ölkəmizin dünyada lider ölkəyə, regionda isə əsl iqtisadi güc mərkəzinə çevrildiyini diqqətə çatdıraraq, bütün bunların çox nəhəng əməyin, dərin siyasi biliyin və idarəçilik təcrübəsinin vəhdətlə bir araya gəlməsi, ən əsası isə, dövlət başçısı cənab İlham Əliyev tərəfindən düzgün seçilmiş siyasi prioritetlər nəticəsində mümkün olduğunu vurğuladı.
“2012-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat məruzəsi ilə Samux rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tahir Qarayev çıxış etdi. Məruzədə qeyd edilmişdir ki, respublikamızda sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdə Samux rayonunun da özünə məxsus payı vardır. 2012-ci ilin birinci rübünün yekunları ilə bağlı əsas iqtisadi göstəricilərin təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi cari ildə də rayon iqtisadiyyatında yüksək nəticələr əldə olunacaqdır. Belə ki, birinci rübdə rayon üzrə ümumi məhsul buraxılışı 16,9 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 18,0 faiz çoxdur. Ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 95,3 faiz təşkil etmişdir. Cari ilin ilk rübündə ötən ilin müvafiq dövri ilə müqayisədə sənaye istehsalı 18,1 faiz artaraq 2,3 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı 25,4 faiz artaraq 5,9 milyon manat, tikinti 26,2 faiz artaraq 3,5 milyon manat, ticarət dövriyyəsi 6,0 faiz artaraq 4,6 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 17,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 37,5 faiz, əhalinin gəlirləri 63,2 faiz, orta aylıq əmək haqqı 16,3 faiz artmışdır. Rüb ərzində əsas kapitala yönəldilən investisiyanın həcmi təxminən 3,5 milyon manat təşkil etmişdir.
Məruzədə əhalinin məşğulluğunun daim diqqət mərkəzində saxlanıldığı və hesabat dövründə 216 yeni iş yeri yaradıldığı, onlardan da 131 iş yerinin daimi, 85 iş yerinin müvəqqəti iş yeri olduğu bildirilmişdir. Ümumilikdə birinci Dövlət Proqramının icrasına başlanılandan bu günə qədər rayonda 14872 yeni iş yerinin yaradıldığı qeyd edilmişdir.
Məruzə ətrafında çıxışlar olmuşdur. Rayon Maliyyə şöbəsinin müdiri Qəmbər Sadıxov, Elektrik Şəbəkəsinin rəisi Razim Qasımov,Suvarma Sistemləri İdarəsinin rəisi Gülağa Bağırov, Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi İlham Həsənov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin dürektoru Cəsur Məmmədov və Təhsil şöbəsinin müdiri Hidayət Əhmədov çıxış etmişdir.
Samux rayon İcra Hakimiyyəti başçısı cənab Alı Qocayev yekun nitqində görülmüş işlərlə yanaşı qarşıda yerinə yetiriləsi daha böyük vəzifələrin durduğunu qeyd edərək, Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu nitqlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün bütün qüvvələrin səfərbər olunmasını diqqətə çatdırdı. 2012-ci ildə rayonumuzda daha çox tikinti - quruculuq və abadlıq işləri aparması, inşasına başlanmış inzibati və məktəb binaların vaxtında istifadəyə verilməsi, yeni inzibati binaların inşa edilməsi, bir neçə məktəbin əsaslı təmir edilməsi, səhiyyə, mədəniyyət ocaqlarının tikintisi və əsaslı təmiri, yeni istehsal və emal müəssisələrinin yaradılması, kəndlərarası və daxili yolların yenidən qurulmasının qarşıda duran ən vacib məsələlərdən olduğunu, bir sözlə növbəti rüblərdə rayonda daha böyük layihələr həyata keçiriləcəyini vurğuladı .
Hesabat yığıncağının Qərar layihəsi oxunmuş , əlavə və dəyişikliklərlə qəbul edilmişdir.
Yığıncağın sonunda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.