Şriftin ölçüsü :

Saytın rəngi :

Samux: görülən iş üz ağardır

03 mart 2020 | 16:00

Samuxda 2019-cu ilə yekun vurulmuş, 2020-ci ilin vəzifələri müzakirə edilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Alı Qocayev demişdir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də Samuxda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmir və tikintisi işləri davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur.
Hesabat ilində rayon üzrə ümumi məsul buraxılışının həcmi 159 milyon manat təşkil etmişdir. Pərakəndə  əmtəə  dövriyyəsi  117,9 milyon manat, əhalinin  gəliri  174,1 milyon manat olmuşdur.
Rayonda  tikinti-quruculuq və abadlıq işləri daha da sürətləndirilmişdir. Samux şəhərində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda, təmirə ehtiyacı olan 4  çoxmənzilli yaşayış binasında təmir-bərpa işləri  başa çatdırılmışdır. 2019-cu il ərzində növbəlilik əsasında  2 şəhid ailəsinə və 7 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisinə başlanılmış və işlər tamamlanmışdır. Yaxın vaxtlarda fərdi yaşayış evləri sahiblərinə təhvil veriləcəkdir.
İlin əvvəlində Yenikənd–Köbər–¬Qaraağaclı  yolu üzərində bir aşırımlı körpünün tikintisinə başlanmış və  ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddət ərzində başa çatdırılaraq istifadəyə verilmişdir.
Alabaşlı qəsəbə 2 saylı uşaq bağçasının qəza vəziyyətində olan binasında əsaslı təmir və bərpa işlərinə başlanmış və bağça körpələrin istifadəsinə verilmişdir.
Samux şəhər 2 saylı uşaq bağçası üçün ayrılmış yeni binada yenidənqurma və bərpa işlərinə başlanmış,  hazırda işlər başa çatmaq üzrədir.
Hesabat ilində Samux şəhərinin mərkəzləşmiş içməli su sisteminin qurulmasına başlanmışdır. 2018-ci ildən icrasına başlanılmış və dövlət büdcəsi hesabına həyata keçirilən bu iş perspektiv inkişafı nəzərə alınmaqla Samux şəhərində 13 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində 27 min nəfər sakinin yaşadığı 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulur. Hesabat ilində Gəncə şəhərindəki anbarlardan Samux şəhərinə qədər 9,3 kilometr magistral su kəməri və 5 min kubmetr həcmi olan iki su anbarı inşa edilmiş, nəzərdə tutulan 56 kilometrlik içməli su şəbəkəsinin 46 kilometri  inşa olunmuş, 2500-ə qədər abonentə su xətti çəkilmiş, 1100 abonent üçün su sayğacları quraşdırılmışdır. Hazırda işlər başa çatmaq üzrədir və yaxın vaxtlarda içməli su şəbəkəsinin  istifadəyə verilməsi nəzərdə tutulur.  Bununla bərabər, Samux şəhərində 56 kilometr kanalizasiya şəbəkəsinin, 12 kilometr kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 7 min kubmetr olan tullantı su təmizləyici qurğunun inşası planlaşdırılır.
Ötən il Samux şəhərində bir sıra küçələrə yeni asfalt örtüyü salınmış, su keçidləri quraşdırılmış, cari təmir işləri aparılmışdır.İlin sonunda Samuxun Gürcüstan Respublikası ilə sərhəddə yerləşən beş kəndini rayon mərkəzi ilə birləşdirən Yenikənd–Poylu–Qarabağlı–Salahlı–Kəsəmən yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılmış və hazırda həmin yolun tikintisinə başlanılmışdır.
2019-cu ilin sonunda Heydər Əliyev  Fondu tərəfindən   Sərkar kənd tam orta məktəbi üçün 800 şagird yerlik, Sərkar kənd körpələr evi-uşaq bağçası üçün 100 yerlik, Ziyadlı kənd uşaq bağçası üçün 80 yerlik binaların tikintisinə, Ziyadlı kənd tam orta məktəbinin binasının əsaslı təmirinə və  rayonun Mərkəzi Xəstəxanası üçün müasir tələblərə cavab verən yeni  kom¬pleksin inşasına başlanılmışdır.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 20 layihə üzrə  1,5 milyon  manat güzəştli kredit verilmiş və bunun hesabına 79 yeni iş yeri yaradılmışdır. Bütövlükdə, ¬2002-2019-cu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 768 layihə üzrə 33,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 2016 yeni iş yerinin açılmasına imkan vermişdir.
Həyata keçirilən tədbirlər sahəsində 2019-cu ildə kənd təssərrüfatında 89,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ildəkindən 10,5 faiz çoxdur.
2019-cu ildə rayon əhalisinin gəlirləri 174 milyon 109 min manat təşkil etmişdir ki, bu da 2018-ci illə müqayisədə 4,1 faiz çoxdur. Hesabat ilində rayon üzrə  orta aylıq əmək haqqı  32,3 faiz artaraq, 380,9 manat olmuşdur.
Rayonun  təhsil, səhiyyə və mədəniyyət  sahələrinin  inkişafı  da daim diqqətdə saxlanılmışdır. Son  illərdə  rayonda  inşa  edilən  məktəblər, onların  maddi  texniki  bazasının yaxşılaşdırılması  və informasiya kommunikasiya  texnologiyaları  ilə  təmin  olunması  rayonun  təhsil sisteminə   müsbət  təsir  göstərmişdir. Son 16  ildə  rayonda 18 yeni məktəb binası   inşa  edilmiş, 17 məktəbdə  əsaslı  təmir  işləri  aparılmışdır. Yuxarıda qeyd edilən kimi, ilin sonunda Sərkar kənd tam orta məktəbinin tikintisinə, Ziyadlı kənd tam orta məktəbinin əsaslı təmirinə başlanmışdır.
Alı Qocayev Samuxda əldə olunan nailiyyətləri ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların nəticəsi kimi qiymətləndirmiş, istifadəyə verilən, təmir olunan hər bir obyektin bu rayona göstərilən diqqət və qayğısının parlaq təzahürü olduğunu qeyd etmişdir.
Məruzə ətrafında çıxışlarda ötən ilin yekunları müzakirə olunmaqla yanaşı, problemlərdən, çatışmazlıqlardan da söhbət açılmış, təkliflər irəli sürülmüş, qarşıda duran vəzifələrdən danışılmışdır.
Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Orxan Mürsəlov çıxış etmiş, ölkədə görülən işlərdən, perspektiv vəzifələrdən söz açmışdır.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri

Keçidlər