“Samux Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirildi
Hesabat yığıncağı qeyd edir ki, əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də rayonumuzda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin təmiri-tikintisi, abadlıq quruculuq işlərinin aparılması istiqamətində həyata keçirilən tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Rayon iqtisadiyyatının əsas göstəricilərində bu öz əksini tapmışdır. Hesabat ilində rayon üzrə ümumi məsul buraxılışının həcmi 159,0 milyon manat təşkil etmişdir. O cümlədən, sənaye məsullarının həcmi, 6,0 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 89,4 milyon manat olmuş, tikintinin həcmi 20,6 milyon, nəqliyyat 3,2 milyon, rabitə 0,8 milyon və ticarət dövrüyyəsi 38,9 milyon manat təşkil etmişdir. Eyni zamanda pərakəndə əmtəə dövriyyəsi 117,9 milyon manat, əhalinin gəlirləri 174,1 milyon manat olmuşdur.
Hesabat ilində rayonda tikinti-quruculuq və abadlıq işləri daha da sürətləndirilmişdir. Belə ki, “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq Samux şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda təmirə ehtiyacı olan 4 çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri başa çatdırılmışdır. 2019-cu il ərzində növbəlilik əsasında 2 şəhid ailəsinə və 7 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evinin tikintisinə başlanılmış və işlər tamamlanmışdır. Yaxın vaxtlarda fərdi yaşayış evləri sahiblərinə təhvil veriləcəkdir.
İlin əvvəlində Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində bir aşırımlı körpünün tikintisinə başlanmış və ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi qısa müddət ərzində başa çatdırılaraq istifadəyə verilmişdir.
Alabaşlı qəsəbə 2 saylı uşaq bağçasının qəza vəziyyətində olan binasında əsaslı təmir və bərpa işlərinə başlanmış və qısa müddət ərzində işlər başa çatdırılaraq körpələrin istifadəsinə verilmişdir. Bağçanın istilik sistemi qurulmuşdur.
Samux şəhər 2 saylı uşaq bağçası üçün ayrılmış yeni binada yenidənqurma və bərpa işlərinə başlanmış, hazırda işlər başa çatmaq üzrədir.
Hesabat ilində Samux şəhərinin mərkəzləşmiş içməli su sisteminin qurulmasına başlanmışdır 2018-ci ildən icrasına başlanılmış və dövlət büdcəsi hesabına həyata keçirilən “Samux şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə qədər perspektiv inkişafı nəzərə alınmaqla Samux şəhərində 13 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində 27 min nəfər sakinin yaşadığı 8 kəndin içməli su təchizatının yaxşılaşdırılması da nəzərdə tutulur. Hesabat ilində Gəncə şəhərindəki anbarlardan Samux şəhərinə qədər 9,3 km magistral su kəməri və iki 5 min kubmetr həcmi olan su anbarı inşa edilmiş, nəzərdə tutulan 56 km içməli su şəbəkəsinin 46 km inşa olunmuş və 2500-ə qədər abonentə su xətti çəkilmiş, 1100 abonent üçün su sayğacları quraşdırılmışdır. Hazırda işlər başa çatmaq üzrədir və yaxın vaxtlarda içməli su şəbəkəsinin istifadəyə verilməsi nəzərdə tutulur. Bununla bərabər Samux şəhərində 56 km kanalizasiya şəbəkəsinin, 12 km kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 7 min kubmetr olan tullantı su təmizləyici qurğunun inşası planlaşdırılır.
Ötən il Samux şəhərində üzunluğu 670 m olan Şah İsmayıl Xətai və uzunluğu 330 metr olan Şahlar Rüstəmov, uzunluğu 1100 metr olan Xəzər küçələrinə və Hacı Zeynalabdin Tağıyev küçəsinin 960 metrlik hissəsinə yeni asfalt örtüyü salınmış və su keçidləri quraşdırılmışdır. Şəhərin Nəbiağalı, Şeyzamanov,Yusifli, Xəlil Rza Ulutürk, A.Şaiq Ə.Hacıyev, C.Cabbarlı və X.B.Natavan küçələrində cari təmir işləri aparılmışdır. Eyni zamanda M.P.Vaqif, 28 May və A.Nəbiyev küçələrində su keçidləri quraşdırılmış və cari təmir işləri aparılmışdır. İlin sonunda rayonun ucqar, Gürcüstan Respublikası ilə sərhəddə yerləşən beş kəndini rayon mərkəzi ilə birləşdirən Yenikənd-Poylu-Qarabağlı-Salahlı-Kəsəmən yolunun tikintisi ilə bağlı hazırlıq işləri aparılmışdır. Hazırda həmin yolun tikintisinə başlanılmışdır.
2019-cu ilin sonunda Heydər Əliyev Fondu tərəfindən Sərkar kənd tam orta məktəbi üçün 800 şagird yerlik, Sərkar kənd körpələr evi-uşaq bağçası üçün 100 yerlik, Ziyadlı kənd uşaq bağçası üçün 80 yerlik binaların tikintisinə, Ziyadlı kənd tam orta məktəbnin binasının əsaslı təmirinə və rayon mərkəzi xəstəxanası üçün müasir tələblərə cavab verən yeni xəstəxana binasının inşasına başlanılmışdır. Hazırda işlər davam etdirilir.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, il ərzində 408 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 14-u hüquqi şəxsdir. Hazırda rayonda 1879 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, onlardan da 102-si hüquqi şəxslərdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Heyvandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda 110 müasir istixana fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 77,5 hektar təşkil edir. Bu istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
5000 ha ərazidə yaradılmış “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət 2019-cu ilin məhsulu üçün müəssisə tərəfindən 3306 ha sahədə əkilmiş taxıl sahəsindən 7333 ton məhsul əldə olunmuşdur. Təkrar əkinlə 2720 payızlıq qarğıdalı əkilərək 7826 ton məhsul əldə edilmişdir.
“Region Agro” MMC tərəfindən 2019-cu ilin məhsulu üçün 562 ha buğda sahəsindən 1602 ton, (məhsuldarlıq 2 8,5 sent/ha), 253 ha arpa sahəsindən 820 ton, (məhsuldarlıq 32,4 sent/ha), məhsul yığılmışdır. 493 ha təkrar əkin aparılmışdır ki, buradan 4214 ton payızlıq qarğıdalı və 3669 ton silos üçün istehsal olunmuşdur.
Məlumat üçün qeyd edək ki, rayon üzrə istehsal olunan taxıl məhsulunun 30,4 faizi, qarğıdalının 95 faizi məhz bu təsərrüfatların payına düşür. Bu da iri təsərrüfatların nə qədər effektli olmasının göstəricisidir.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 20 layihə üzrə 1,5 milyon manat güzəştli kredit verilmiş və bunun hesabına 79 yeni iş yeri yaradılmışdır. 2002-2019-cu illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 768 layihə üzrə 33,5 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 2016 yeni iş yerinin açılmasına imkan vermişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə, iqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonumuzda sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər sahəsində 2019-cu ildə kənd təssərrüfatında 89,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ildəkindən 10,5 faiz çoxdur.
2019-cu ilin məhsulu üçün 9623,0 hektar sahədə taxıl əkilmişdir ki, onun da 5941,0 hektarı buğda, 3682,0 hektarı dən üçün arpadır. Cari ildə 7254,3 hektar sahədə yazlıq bitkilərin əkini aparılmışdır. Onlardan 369,0 hektarı şəkər çuğunduru, 3329,0 hektarı dən üçün günəbaxan, 334,0 hektarı kartof, 697,5 hektarı tərəvəz, 272,0 hektarı bostan, 456,8 hektarı qarğıdalı və 14 hektarı çəltik və 1782 hektarı digər kənd təsərrüfatı məhsullarıdır. 2020-ci il 01 yanvar tarixinə 5941 hektar buğda sahəsindən 19343 ton buğda, 3676 hektar arpa sahəsindən 12699 ton arpa məhsulu toplanmışdır ki, məhsuldarlıq ümumilikdə 33,2 sentner təşkil etmişdir.
Digər əkinlər üzrə 334 ha kartof sahəsindən 6077 ton kartof, 272 ha bostan sahəsindən 3464 ton bostan, 3329 hektar günəbaxan sahəsindən 7397 ton günəbaxan, 14 hektar çəltik sahəsindən 35 ton çəltik məhsulu yığılmışdır. Bundan başqa hesabat dövrü ərzində 18101 ton meyvə və giləmeyvə, 11624 ton üzüm, 65302 ton quru ot, 11042 ton küləş yığılmışdır.
2020-ci ilin 01 yanvar tarixinə iri buynuzlu mal-qaranın sayı 23302 baş olmuşdur. Bundan ana inək və camışların sayı 12099 baş təşkil edir. Qoyun və keçilərin sayı isə 139092 başdır.
Hesabat dövrü ərzində 5739 ton diri çəkidə ət, 31358 ton süd, 7,4 milyon ədəd yumurta istehsal olunmuşdur.
2020-ci ilin məhsulu üçün 13347 hektar sahədə şum qaldırılmış,10347 hektar sahədə payızlıq səpin işləri aparılmışdır ki, bunun 5797 hektarı buğda, 3765 hektarı arpa, 777 hektarı xəsil məqsədi ilə əkilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən kənd təsərrüfatının stimullaşdırılması məqsədi ilə cari ildə istehsalçılar əkin və yanacaq dəyərinə görə 7382 istehsalçıya 1140539,0 manat, o cümlədən 5305 hektar buğda əkini üzrə 477480,0 manat, təkrar əkinə görə 96 istehsalçıya 166108,0 manat, çuğundur əkininə görə 151 istehsalçıya 67812,0 manat, süni mayalanma yolu ilə alınmış 470 buzova görə 47000 manat və arıçılıq üzrə 1739 ədəd arı ailəsinə görə 126 nəfər arıçıya 20080 manat, ümumilikdə 1441539 manat subsidiya plastik kartlarla istehsalçılara ödənilmişdir.
Eyni zamanda istehsalçılara güzəştli şərtlərlə 1,7 milyon manat dəyərində 2725,0 ton müxtəlif növ gübrələr və 234,0 min manat dəyərində müxtəlif növ pestisidlər satılmışdır ki, onların da dəyərinin 70 faizi dövlət vəsaiti hesabına ödənilmişdir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 81 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onların 66-sı istifadəyə verilmiş 15 subartezian quyusu cari ildə istifadəyə veriləcəkdir. Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
Bununla bərabər rayon İcra Hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ suvarma suyuna, xüsusilə yay aylarında ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi 2020-ci ildə əkin sahələrinin daha da genişlənməsini nəzərə almalı, suvarma suyuna ehtiyac olan yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir.
Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər görülmüşdür. Əhali qrupu üzrə yararsız sayğacların dəyişdirilməsi və yeni abonentlərə elektrik enerjisi verilməsi məqsədilə SİP kabel xətti çəkilmiş, 225 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hal-hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövründə abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Lək və Hacıalılı kəndlərini təbii qazla təmin edən xəttin dəyişdirilməsi istiqamətində işlər davam etmiş, xəttin 9,3 km hissəsində işlər başa çatmışdır. Bundan başqa hesabat dövrü ərzində 3,3 km uzunluğunda Qarayeri-Alabaşlı daşıyıcı xətti 160 mm-lik polietlen boru ilə əvəz edilmişdir. Alabaşlı və İnstitut qəsəbələrində qaz xətlərinin çəkilişi davam etdirilir. 2019-cu ildə 610 yeni abonent təbii qazla təmin edilmiş, 2987 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 97,5 faizi, təbii qazın dəyərinin 107,5 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Hesabat ilində rayon Telekommunikasiya qovşağının yeni inzibati binası istifadəyə verilmiş və burada rayon mərkəzinə xidmət edən S-12 tipli elektron avtomat telefon stansiyası daha müasir NGN EATS-lə əvəz edilmişdir. İl ərzində yüksəksürətli internet portalının tutumu 624 port artırılaraq, montaj tutumu 5472 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 5194 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 790 və ya 17,9 faiz çoxdur.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektrik enerjisi, təbii qazla, içməli su və yüksəksürətli internet təminatında müəyyən nöqsan və çatışmazlıqlar hələ də mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2019-cu ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə birgə yaxından iştirak etmişdir. İl ərzində bələdiyyələr tərəfindən “Bir bələdiyyə - bir layihə” çərçivəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir. Bununla bərabər bələdiyyələrin fəaliyyətində də ciddi nöqsanlar vardır. Xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan istifadə edilməsində, torpaqların alqı - satqısı və icarəyə verilməsində, vergilərin yığılmasında olan nöqsanlar daha çoxdur. Hələ də qəsəbə və kəndlərdə ərazilərin təmizliyinin qorunub saxlanılması tam təmin edilmir, məişət tullantılarının yığılıb - daşınması təşkil edilməmişdir. Əhalinin üzləşdiyi yerli problemlərin vaxtında aradan qaldırılması bir çox hallarda təmin edilmir. Hesab edirik ki, yeni seçilən bələdiyyələr mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılmasını və bələdiyyə torpaqlarından və mülkiyyətlərində olan əmlaklardan qanunvericiliyə uyğun istifadə edilməsinin təmin edəcəklər.
Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də əhalinin sosial müdafiəsi diqqətdə saxlanmışdır. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçirmişlər.
2019-cu ildə rayon əhalisinin gəlirləri 174 milyon 109 min manat təşkil etmişdir ki, bu da 2018-ci illə müqayisədə 4,1 faiz çoxdur. Hesabat ilində rayon üzrə orta aylıq əmək haqqı 32,3 faiz artaraq, 380,9 manat olmuşdur.
İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə götürülməsi hesabat ilində də davam etdirilmişdir. İl ərzində 2 nəfər imtiyazlı mənzil növbəsinə daxil edilmişdir. 01.01.2020-ci il tarixinə mənzil növbəsində 82 nəfər dayanır ki, onlardan da 9 nəfəri üçün inşa edilən mənzillər artıq tamamlanmışdır.Yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Son 16 ildə 71 Qarabağ müharibəsi əlili, şəhid ailəsi və Çernobıl əlili mənzillə təmin olunmuşdur. 2020-cu ildə də bir neçə fərdi evin tikilməsi gözlənilir. Hazırkı vaxta kimi 21 Qarabağ müharibəsi, 4 nəfər Böyük Vətən Müharibəsi və iki nəfər Çernobıl əlilinə ümumilikdə 27 nəfərə fərdi minik avtomobili verilmişdir.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 2019-cu il ərzində 592-si daimi olmaqla 1000 yeni iş yeri yaradılmışdır.
Bununla bərabər, il ərzində əsas tədbirlərdən biridə Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar, Özünüməşğulluğun təmin edilməsi Proqramına Mərkəzdə qeydiyyatda olan işaxtaran vətəndaşlardan 122 nəfər aztəminatlı ailələrdən biznes ideyası, bacarığı olan seçilib təlimə cəlb edilmişdir, onlardan 72 nəfəri kənd təsərrüfatı üzrə əmlakla - 50 nəfəri iribuynuzlu malqara, 13 nəfəri qoyun və 9 nəfəri cins keçi ilə təmin olunmuşdur. Eyni zamanda 2018-ci ildə kursu müvəffəqiyyətlə başa vuranlardan 9 nəfəri xidmət sahəsi, 8 nəfəri isə kənd təsərrüfatı üzrə əmlakla təmin olunmuşdur. Həmin ailələrin təsərrüfatlarını necə idarə etmələri Mərkəz tərəfindən müşahidədə saxlanılır.Bununla bərabər hesabat ilində 31 nəfər peşə kurslarına cəlb edilmişdir.
Rayonun təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı da daim diqqətdə saxlanılmışdır. Son illərdə rayonda inşa edilən məktəblər, onların maddi texniki bazasının yaxşılaşdırılması və informasiya kommunikasiya texnologiyaları ilə təmin olunması rayonun təhsil sisteminə müsbət təsir göstərmişdir. Son 16 ildə rayonda 18 yeni məktəb binası inşa edilmiş, 17 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Qeyd etdiyimiz kimi ilin sonunda Sərkar kənd tam orta məktəbinin tikintisinə, Ziyadlı kənd tam orta məktəbinin əsaslı təmirinə başlanmışdır.
2018-2019-cu tədris ilində buraxılış imtahanlarında müvəffəq qiymət alanların faizi 9-cu siniflər üzrə ana dili- 70,6 faiz, riyaziyyat-53,7 faiz, xarici dil-49,8 faiz olmuşdur. 11-ci siniflər üzrə isə ana dili- 69,1 faiz, riyaziyyat-40,0 faiz, xarici dil-48,31 faiz təşkil etmişdir. Qeyd etmək lazımdır ki, bütün fənlər üzrə nəticələr əvvəlki tədris ilindən aşağı olmuşdur. Bu nəticələr təhsil yanı şurada geniş təhlil edilməli, rayon Təhsil şöbəsi və məktəb rəhbərləri məsələni ciddi nəzarətə götürməli, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müvafiq tədbirlər görməlidirlər.
Əhalinin sağlamlığının qorunması və bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında 2019-cu il fevral ayının 12-dən may ayının 12-dək rayon əhalisinin kütləvi tibbi müayinədən keçirilməsi işi təşkil edilmişdir. Rayon əhalisinin 44842 (78%) nəfəri müayinədən keçirilmişdir. Müayinədən keçirilmiş əhali qrupunun 1686 (4%) nəfərində müxtəlif xəstəliklər aşkar edilmiş, müvafiq müalicələr təyin edilmiş və 332 nəfərə Bakı və Gəncə şəhərlərinə göndəriş verilmişdir. Müayinənin gedişi və nəticələri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə olunmuşdur.
Eyni zamanda böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə “Şahin” hərbi idman oyununun rayon birinciliyi keçirilmişdir. Qeyd etmək lazımdır ki, şəhər 2 saylı tam orta məktəbin komandası rayon birincisi olaraq rayonu zona birinciliyində təmsil edərək birinci yerə çıxmışdır. Komanda Respublika birinciliyində diploma layiq görülmüşdür.
Gənclər siyasəti sahəsində "Dini dözümlülük, tolerantlıq və multikulturalizm inkişafın və sabitliyin başlanğıcıdır" “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Biz tezliklə Qarabağa qayıdacağıq”, "26 fevral-Xocalı soyqırımı bəşəriyyət tarixinin ən qanlı səhifələrindəndir", “ Şəhidlər ölməz – Vətən bölünməz”, “Narkomaniyaya Yox Deyək”, “ İdman sağlamlıqdır” mövzularında dəyirmi masalar təşkil edilmişdir. İl ərzində Qol güləşi, Kinqboksinq və Sərbəst güləş üzrə açıq rayon birincilikləri, Güllə atıcılığı, “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çöxnövçülüyü üzrə rayon birincilikləri, Futbol üzrə bələdiyyə komandaları arasında "Samux Kuboku" yarışı təşkil olmuşdur. Rayon idmançılarının respublika yarışlarında iştirakı təmin edilmişdir.
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılmışıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi İli” elan edilməsi ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir.
Hesabat dövründə rayon ərazisində cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması istiqamətində müvafiq tədbirlər həyata keçirilmiş, qanun pozuntularının qarşısının vaxtında alınması təmin olunmuşdur. 2019-cu ildə rayonda 71 cinayət hadisəsi qeydə alınmış, qeydiyyatda olan cinayət hadisələrindən 62-nin və ya 88,6 faizinin açılması təmin edilmiş, 8 cinayət hadisəsi bağlı qalmışdır. 2018-ci ildə bu göstərici 85,5 faiz olmuşdur. Hesabat ilində rayon Polis şöbəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aparılmış əməliyyat - axtarış tədbirləri nəticəsində dörd cinayət və 2 inzibati fakt aşkar olunmuş və həmin faktlar üzrə aşkar edilmiş narkotik vasitələr dövriyyədən çıxarılmışdır. Qeyd edək ki, ötən il iki cinayət və bir inzibati fakt aşkar olunmuşdur.
2019-cu ildə Samux Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 576 (528) ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da 2018-ci ildəkindən 48 müraciət və ya 9,1 faiz çodur. Daxil olmuş müraciətlərdən 246-sı (215) yerli sakinlərdən, 330-u (313) isə respublikanın yuxarı təşkilatlarından daxil olmuşdur.
Respublikanın yuxarı təşkilatlarından daxil olmuş müraciətlərin təhlili göstərir ki, onlardan 272-si ərizə (226) , 58-i (87) şikayət xarakterli olmuşdur. Vətəndaşlardan daxil olmuş müraciətlərin 228-i (196) ərizə , 18 (19) müraciət şikayət xarakterli olmuşdur. Göründüyü kimi hesabat ilində şikayət xarakterli müraciətlərin sayı ümumilikdə 33 ədəd azalmışdır. İl ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.