Samux rayonunda Xocalı faciəsinə həsr olunmuş tədbir keçirildi
Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının inzibati binasında Xocalı soyqırımının 28 -ci ildönümünə həsr edilmiş "Xocalı qan yaddaşımız" mövzusunda anım tədbiri keçirilmişdir. Tədbir iştirakçıları öncə Heydər Əliyev prospektindən başlayan və Bayraq meydanında başa çatan Xocalıya həsr olunmuş yürüyüşdə iştirak etmişlər. Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatının inzibati binasının foyesində məktəblilər tərəfindən hazırlanmış Xocalıya həsr olunmuş foto və əl işlərindən ibarət kompozisiyalara tamaşa edilmişdir. Daha sonra Xocalı soyqırımında həlak olan həmvətənlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə tədbir başladı.
Tədbiri giriş sözü ilə açan Samux rayon İcra Hakimiyyətinin Başçısı, cənab Alı Qocayev bildirdi ki, fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin və Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhşicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
Tədbir Xocalı faciəsinə həsr olunmuş sənədli filmin nümayişi ilə davam etdirildi.