2019-cu ildə Samux rayonun iqtisadi və sosial inkişafın makroiqtisadi göstəriciləri
2019-cu ilin makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
2019-cu ilin məhsulu üçün rayon üzrə 9546 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1064 hektar və ya 10,0 faiz azdır. 2019-cu ilin məhsulu üçün 7404 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 157 hektar və ya 2,2 faiz çoxdur.
Yazlıq səpinin 657 hektarı və ya 8,9 faizi çoxillik otlar, 334 hektarı və ya 4,5 faizi kartof, 697 hektarı və ya 9,4 faizi tərəvəz, 3329 hektarı və ya 45,0 faizi günəbaxan, 369 hektarı və ya 4,9 faizi şəkər çuğunduru, 197 hektarı və ya 2,7 faizi yazlıq arpa, 862 hektarı və ya 11,6 faizi buğda, 21 hektarı və ya 0,3 faizi paxlalılar, 14 hektarı və ya 0,2 faizi çəltik, 149 hektarı və ya 2,0 faizi tərəvəz(toxumluq), 457 hektarı və ya 6,2 faizi qarğıdalı, 272 hektarı və ya 3,7 faizi bostan, 16 hektar və ya 0,2 faizi birillik otlar, 30 hektarı və ya 0,4 faizi vələmir olmuşdur.
Hesabat dövründə 9617 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 32042,8 ton məhsul yığılmışdır. Məhsuldarlıq orta hesabla 33,3 sentner/hektar olmuşdur.
2019-cu ildə 18101,8 ton meyvə istehsal olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 749,4 ton və ya 4,3 faiz çoxdur.
Hesabat ilində bundan başqa 11624,9 ton üzüm, 6077,6 ton kartof, 14319,1 ton tərəvəz, 3464,6 ton bostan, 35,0 ton çəltik, 7534,6 ton günəbaxan, 13312,2 ton qarğıdalı, 7855,3 ton şəkər çuğunduru, 53,8 ton paxlalılar, 45,0 ton vələmir, 64602,1 ton quru ot, 9860,0 ton küləş və s. istehsal olunmuşdur.
Təsərrüfatlarda 13701,5 hektar sahədə şum qaldırılmışdır. Həmin sahələrdə 11184,2 hektar payızlıq səpin aparılmışdır ki, bunun da 6326,2 hektarı buğda, 4081,0 hektarı arpa, 777,0 hektarı isə xəsildir. 3513,9 hektar sahədə təkrar əkin aparılmışdır.
2019-cu ilin sonuna 23572 baş iri buynuzlu mal-qara, 139946 baş qoyun və keçilər mövcud olmuşdur.
Əvvəlki illə müqayisədə iri buynuzlu mal-qara 111 baş və ya 0,5 faiz, qoyun və keçilər isə 7504 baş və ya 5,1 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 2,7 faiz artaraq 5739 ton, süd istehsalı 1,9 faiz artaraq 31358 ton, yumurta istehsalı 13,7 faiz artaraq 7435 min ədəd, yun istehsalı 6,6 faiz azalaraq 260,5 ton olmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 89392,5 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,5 faiz çoxdur.
Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 6040,6 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,4 faiz azdır.
2019-cu ildə fiziki şəxslər və ev təsərrüfatları da daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 828,8 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da əvvəlki ilin nisbətən 79,8 faiz azdır. Rayon üzrə istehsal olunmuş 6040,6 min manat mal və xidmətlərin 5211,8 min manatı dövlət, 828,8 min manatı qeyri-dövlət sektorunun, ondan 371,3 min manatı fiziki şəxslərin, 403,3 min manatı isə ev təsərrüfatlarının payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun qalığı olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 2352,8 min manatlıq təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7002,5 min manat və ya 74,9 faiz azdır. Təmir-tikinti işlərinin 1937 min manatı və ya 82,3 faizi dövlət mülkiyyətinin, 415,8 min manatı və ya 17,7 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür. Təmir-tikinti işlərinin 676,9 min manatı əsaslı təmirin, 1393,8 min manatı cari təmirin, 282,1 min manatı isə sair təmirin payına düşür.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 8821,7 min manat olmuşdur. Sənaye sahəsinə 4303,1 min manat, kənd təsərrüfatına 1050,0 min manat, sosial sahəyə 3302,3 min manat, digər sahələrə isə 166,3 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 5451,4 min manatı və ya 61,8 faizi istehsal təyinatlı, 3370,3 min manatı və ya 38,2 faizi isə qeyri-istehsal təyinatlıdır. 4794,9 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 2253,0 min manat olan 5742 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 6568,7 min manatı və ya 74,5 faizi dövlət büdcəsindən ayrılmış, 2253,0 min manatı və ya 25,5 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2019-cu il ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir.
Hesabat dövrü ərzində Rayon Mərkəzi Xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işlərinə başlanılmışıdır. Xəstəxananın tikintisinə yaxın vaxtlarda başlanılacaqdır.
Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama uyğun olaraq 3,24 hektar təmizləyici qurğuya və 2,22 hektar su anbarının inşa edilməsinə torpaq sahəsi ayrılmışdır. Təmizləyici qurğu və su anbarının tikintisinə artıq başlanılmışdır.
Gəncə-Samux, Samux-Yenikənd, Samux-Hacıalılı avtomobil yollarında asfalt beton qarışığı ilə 12830 m2 sahədə təmir işləri aparılmışdır. Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu
hissəsinin layihələndirmə işləri həyata keçirilir.
Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu üzərindəki körpünün inşası tamamlanmışdır. Körpü bir aşırımlı olmaqla uzunluğu 24 metr, eni 8,4 metr, hündürlüyü isə 4,5 metrdir. Texniki qurğuda avtomobillərin hərəkəti ilə yanaşı piyada zolağı da nəzərdə tutulub. Körpünün təyinatı Boz dağ silsiləsindən və Ceyrançöl ərazisindən yaz və payız aylarında gələn sel sularının Kür çayına axıdılmasıdır.
. Hesabat dövrü ərzində əhaliyə xidmət edən 17 ədəd subartezian quyusundan 13 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir. Şəhərin Elçin Məmmədov küçəsində yolun çəkilişi ilə bağlı içməli su xətləri yenidən təmir olunmuşdur. Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m3 su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir. Hesabat dövrü ərazində dövlət layihəsinə əsasən Samux şəhərində yeni su sisteminin qurulmasına başlanılmış, 53154 metr yeni su xətti çəkilmişdir. Hal-hazırda işlər davam etdirilir.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. 2019-cu il ərzində əsas telefon aparatlarının sayı 90 ədəd artırılaraq, 9040 ədədə çatdırılmışdır. Yüksəksürətli internet portalının tutumu 624 port artırılmış və aztelekom.net portalının montaj tutumu 5442 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 5194 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 790 abunəçinin artmasını göstərir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 66 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, bu işlər tam başa çatdırılmışdır. Bu subartezian quyuları yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar işaxtaran vətəndaşlar arasında özünüməşğulluq proqramının həyata keçirilməsi proqramı uğurla davam etdirilir. Hesabat dövrü ərzində proqrama 122 nəfər cəlb edilmiş, müvafiq söhbətlərdən sonra, onlar Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmışdır. Cəlb edilən 122 nəfərdən 34 nəfəri qadın, 32 nəfəri əlil, 2 nəfəri şəhid ailəsi, 6 nəfəri məcburi köçkün, 6 nəfəri müharibə veteranıdır.
2019-cu ildə təlimi bitirənlərdən 72 nəfəri kənd təsərrüfatı üzrə əmlakla təmin olunmuşdur. 2018-ci ildə təlimlərdə iştirak edib, biznes planları uğurlu hesab edilən vətəndaşlardan 2019-cu ildə 9 nəfəri xidmət sahəsi üzrə , 1 nəfər isə kənd təsərrüfatı üzrə əmlakla təmin olunmuşdur. Bununla yanaşı Məşğulluq Mərkəzinə müraciət etmiş 534 nəfər qadından 272 nəfəri daimi işə təmin olunmuşdur. Ümumiyyətlə, hesabat dövrü ərzində Mərkəzə 1916 nəfər vətəndaş müraciət etmiş, onlardan 1529 nəfəri qeydiyyata alınmışdır. Müraciət edənlərdən 716 nəfəri müvafiq işlərlə təmin olunmuşdur ki, bu da müraciət edənlərin 49%-ni təşkil edir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda təmirə ehtiyacı olan 4 çoxmənzilli yaşayış binalarında təmir- bərpa işləri başa çatdırılmışdır.
Hesabat dövrü ərzində 20 uşaq yerlik Alabaşlı qəsəbə 2 saylı uşaq bağaçasında əsaslı təmir işlər görülümüş və istifadəyə verilmişdir. İnstitut qəsəbəsinin 960 şagird yerlik məktəb binasının tikintisi üçün layihə sənədlərinin hazırlanması işləri davam etdirilir.
120 yerlik Sərkar kənd uşaq bağçasının və 800 şagird yerlik Sərkar kənd orta məktəbinin binalarının tikintisi işlərinə başlanılmışdır.
Samux şəhərinin Şah İsmayıl Xətai, Şahlar Rüstəmov, Xəzər və Hacı Zeynalabdin Tağıyev küçələrində əsaslı təmir işləri aparılaraq, yeni asfalt örtüyü salınmışdır.
2019-cu ildə sərnişin daşınması 1, 3 faiz artaraq, 9646 min sərnişin olmuşdur.
Mal və xidmətlərin həcmi 3,5 faiz artaraq, 3206,4 min manata çatmışdır.
Hesabat dövründə sərnişin dövriyyəsi 68486,6 min sərnişin km olmuşdur.
Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə telefon çəkilişi 90, telefon aparatlarının sayı isə 8593 ədəd olmuşdur.
Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 831,0 min manat və ya əvvəlki ilə nisbətən 9,0 faiz çox olmuşdur.
2019-cu ildə rayon üzrə pərakəndə ticarət dövriyyəsi 117882,6 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,3 faiz çoxdur.
Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 2015,3 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 52,8 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 74619,7 min manatı və ya 63,3 faizi ərzaq mallarının, 43262,9 min manatı və ya 36,7 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
Topdansatış əmtəə dövriyyəsi 1020,2 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 246,8 min manat və ya 19,5 faiz az olmuşdur.
2019-cu ildə əhaliyə 29382,7 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,3 faiz çoxdur. Ödənişli xidmətin 2498,7 min manatını və ya 8,5 faizini məişət xidməti təşkil edir.
Fiziki şəxslər tərəfindən 23324,5 min manatlıq və ya ümumi həcmin 79,4 faizi qədər ödənişli xidmət göstərilmişdir.
Hesabat dövründə əhaliyə cəmi 3726,9 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 55,1 min manat, faktiki qiymətlərlə 1,5 faiz, müqayisəli qiymətlərlə isə 0,3 faiz çoxdur. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 54 fiziki şəxs məşğul olmuşdur.
2019-cu ildə muzdla çalışan işçilərin orta siyahı sayı 5432 nəfər, həmin işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği 24832333,8 min manat, hər bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 380,9 manat olmuşdur.
Samux Rayon Statistika İdarəsi