Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayon sakinləri ilə görüşləri
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2012-ci il tarixli 2182 saylı Sərəncamı ilə Samux rayon icra Hakimiyyətinin başçısı təyin edilmiş cənab Alı Qocayev 20-30 aprel tarixlərində rayonun 35 yaşayış məntəqəsinin hər birində əhali ilə görüşlər keçirmişdir. Görüşlərdə rayon hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri də iştirak etmişdir.
Bu görüşlərdə rayon sakinləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti ürəkdən bəyəndiklərini və ölkəmizdə həyata keçirilən Dövlət Proqramlarının onların rifah halının yüksəlməsinə xidmət etdiyini bildirmişlər. Bununla bərabər sakinlər onları narahat edən məsələlərlə bağlı cənab Alı Qocayevə müraciət etmişdir.
Cənab başçı sakinlər tərəfindən söylənilmiş təklif və şikayətləri dinləyərək, onların həlli ilə bağlı aidiyyəti üzrə tapşırıqlar vermişdir. Vətəndaşların qaldırdığı problemlər və irəli sürdükləri təkliflər rayon İcra Hakimiyyətində sahələr üzrə ümumiləşdirilmiş və rayon səviyyəsində həll olunası işlərin dərhal icrasına başlanmışdır.
Respublikanın mərkəzi icra hakimiyyəti orqanları səviyyəsində həll olunası məsələlərlə bağlı aidiyyəti nazirliklər, komitələr və dövlət şirkətlərinə müraciətlər olunmuşdur.
Rayon rəhbərliyi tərəfindən vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.