Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gənclərlə Samuxda görüş keçirilib
Samux rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılmış hərbi vəzifəlilərin qarşılanma mərasimi keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Samux rayon bölməsinin təşkilatçılığı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəhbərliyi, ehtiyata buraxılmış gənclərin valideynləri, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotostendlərlə tanış olublar.
Mərasimdə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Azərbaycan Silahlı Qüvvələri sıralarından ehtiyata buraxılan gəncləri həqiqi hərbi xidməti müvəffəqiyyətlə yerinə yetirmələri münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
SHXÇDX-nin Samux rayon bölməsinin rəisi, polkovnik-leytenant Səbuhi Abdullayev Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların müsbət nəticələrindən danışıb. Bölmə rəisi gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirilən işlərin müsbət nəticələr verdiyini deyib.
Ehtiyata buraxılmış gənclər adından danışan Dəyanət İsmayılov Azərbaycan Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçdikləri ilə fəxr etdiklərini bildirib.
Tədbirdə, həmçinin hərbi vəzifəlilərə ehtiyatda xidmət haqqında məlumat verilib, onların hüquq və vəzifələri diqqətlərinə çatdırılıb.
Sonda müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış gənclərə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev avqustun 28-də Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, 2001-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1984–2000-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2019-cu il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Həmçinin “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2019-cu il oktyabrın 1-dən 30-dək ehtiyata buraxılırlar.