Samux rayonunda Xocalı Soyqırımının 22-ci il dönümü anıldı
Samux rayonunda 26 fevral 2014-cü il tarixində XOCALI SOYQIRIMININ 22-ci il dönümünə həsr olunmuş geniş tədbir keçirilmişdir. Tədbir Samux şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur. Anım tədbiri XOCALI SOYQIRIMINA həsr olunmuş filmin nümayişi ilə başlandı. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev tədbirdə çıxış edərək soyqırım haqqında ətraflı məlumat verdi. Natiq bildirdi ki, Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini - Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrinin və Rusiyanın 366-cı motoatıcı alayının əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır. Ermənilər bu faciədən sonra belə, vertolyotlar vasitəsilə ağ xalat və maskalarda meşələri gəzərək insanları əsir götürməkdən çəkinməmişdilər.Martın 1-də xarici və yerli jurnalistlərdən ibarət qrup buraya gəldikdən sonra faciənin miqyası daha aydın görünmüşdür. Bəşəriyyət XX əsrdə bir çox müdhiş soyqırımı və etnik təmizləmə cinayətlərinin şahidi olmuşdur. Xocalı onların içərisində daha dəhşətlisidir. Xocalı soyqırımının təşkilatçıları və icraçıları bəşəriyyətə qarşı ən ağır cinayətlər törətmiş canilər kimi beynəlxalq qanunlar əsasında mühakimə olunmalıdırlar.
Xocalı faciəsinin canlı şahidləri rayon Təhsil şöbəsi müdirinin müavini Faiq Həsənov və rayon Məhkəməsinin Baş icraçısı Rusif Quliyev çıxışlarında o müdhiş hadisə haqqında ətraflı məlumat vermişdir.