Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbirlərini Samux rayonunda davam etdirmişdir
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafına dövlət dəstəyinin həyata keçirilməsi, sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi və onların maarifləndirilməsi məqsədilə “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbirlərini davam etdirir. Bu dəfəki tədbir Samux rayonunda keçirilib. Tədbirdə rayonda fəaliyyət göstərən 50-dən çox sahibkar iştirak edib. Tədbirin açılışını Samux Rayon İcra Hakimiyyətinin başçısının müavini Qəzənfər Əliyev edib. O, dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlar kimi, Samuxun da sürətlə inkişaf etdiyini, rayonda yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib.
Tədbirdə sahibkarlar üçün treninq də keçirilib. Treninqdə biznes ideyalarının formalaşdırılması, investisiya layihələrinin hazırlanması və təqdim edilməsi qaydaları barədə ətraflı məlumat verilmiş, güzəştli kreditlərin əldə olunması proseduru, sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair minimal tələblər və müvəkkil kredit təşkilatları barədə məlumatları əks etdirən broşürlər, investisiya layihələrinin hazırlanmasına dair tövsiyə xarakterli materiallar təqdim edilib. Tədbirin sonunda müvəkkil kredit təşkilatları vasitəsilə Samux və ətraf rayonlarda fəaliyyət göstərən 18 sahibkarlıq subyektinə güzəştli kreditlər verilib.
Tədbirdə çıxış edən sahibkarlar ölkədə özəl bölmənin inkişafına yaradılmış şəraitə, göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.