Samux rayon Heydər Əliyev Mərkəzində “18 may Beynəlxalq Muzeylər günü” ilə əlaqədar olaraq tədbir təşkil edildi.
18.05.2019-cu ildə Samux rayon Heydər Əliyev Mərkəzində “18 may Beynəlxalq Muzeylər günü” ilə əlaqədar olaraq tədbir təşkil edildi. Tədbiri giriş sözü ilə açan Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova çıxışında bildirdi ki, Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da hər il geniş miqyasda qeyd edilir. Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər. Onların içərisində qədim zəngin maddi mədəniyyət nümunələrimizi nümayiş etdirən muzeylərlə yanaşı, azərbaycançılıq məfkurəsinin təbliğində xüsusi əhəmiyyətə malik Heydər Əliyev Mərkəzlərinin də müstəsna xidmətlərini vurğuladı. Bu günün həm də Qarabağımızın dilbər guşələrindən olan Laçınımızın işğal günü olmasını ürək ağrısı ilə vurğuladı. Qarabağımızda erməni vandalizminə məruz qalmış mədəniyyət abidələrimizdən danışdı. Ən qısa vaxtda güclü ordumuzun sayəsində Qarabağımızda üçrəngli, ay ulduzlu müqəddəs bayrağımızın dalağalanacağını söylədi.
Çıxışları davam etdirən Samux rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi Aygül Cabbarova, Mərkəzin işçisi Qlıcova Zenfira, Samux rayon Qarabağlar kənd tam orta məktəbinin ədəbiyyat müəlliməsi Sevinc Quliyeva öz çıxışlarında muzeylərin insanların həyatında, mədəni zövqünün formalaşmasında mühüm rol oynamasından danışdılar. Həmçinin mədəni sərvətlərimizdən bəhs edən film izlənildi. Daha sonra muzeylərimizdə uşaqlar nəyi görmək istəyirlər? Mövzusunda uşaqların təklif və fikirləri dinlənildi.