Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolu əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir
Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 04.08.2018-ci il tarixli, 385 saylı Sərəncamı ilə 4 milyon manat vəsait ayrılmışdı. Bu vəsaitə əsasən Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu əsaslı təmir edilmişdir.Bu yol ümumi əhalisi 4409 nəfər olan yuxarıda adı çəkilən yaşayış məntəqələrini birləşdirir. Avtomobil yolunun uzunluğu 12.7 kilometrdir. Yolun üzərində qannıqobu deyilən ərazidə sel sularının axıdılması üçün dəmir-beton konstruksiyalı və 18 metr uzunluğundə yeni körpü inşa edilmişdir. Yol üzərində borular vasitəsi ilə 144 ədəd su ötürücüsü yerləşdirilmişdir. Açılışda rayon rəhbərliyi ilə yanaşı “Azəryol”ASC-nin məsul işçisi Əvəz Qocayev də iştirak edirdi.
Sakinlərlə səmimi söhbət zamanı Samux Rayon İcra Hakimiyyətinin başçısı, cənab Alı Qocayev onları təbrik etdi və bildirdi ki, Cənab Prezidentimiz İlham Əliyevin məqsədyönlü və uğurlu sosial-iqtisadi siyasətinin nəticəsidir ki, bu gün rayon mərkəzindən 20 km uzaqlıqda yerləşməsinə baxmayaraq rayonun bu kənd və qəsəbələrinə gedən yolların təmir-bərpasına vəsaitlər ayrılmışdır. Hətta bu yaşayış məntəqələrinə ilk dəfə təbii qazın verilməsi məhz ölkə rəhbərliyinin kəndlərimizin sosial inkişafına olan diqqətin bariz nümunəsidir.
“Azəryol”ASC-nin məsul işçisi Əvəz Qocayev çıxış edərək qeyd etdi ki, respublikamız hər bir rayonunda olduğu kimi Samux rayonunda da yol infrastrukturu yenilənir və bu iş daha da geniş şəkildə davam etdiriləcəkdir.
Ağayev Hüseynxan Yusif oğlu sakinlər adından çıxış edərək ölkə rəhbəri cənab İlham Əliyevə kəndlərin sosial inkişafi üçün göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.