YAP Samux rayon təşkilatında Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanımızın qurucusudur” mövzusunda gənclərin iştirakı ilə dəyirmi masa keçirildi.
03 May 2019-cu il tarixdə YAP Samux rayon təşkilatında Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə “Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanımızın qurucusudur” mövzusunda gənclərin iştirakı ilə dəyirmi masa keçirilib.Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Bütün ömrünü xalqa həsr etmiş ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.
Sonra YAP Samux rayon təşkilatının Gənclər Birliyinin sədri Qurban Həsənov cıxış edərək vurğulayıb ki, Azərbaycan gənclər ölkəsidir. Əhalinin 66%-i gənclərdir. Gəncləri təhsil almağa, oxumağa çağıran Heydər Əliyev öyrədirdi ki, dünyada mövcud olan bütün elmlərə yiyələnmək mümkün deyil, lakin vətənini sevən gənc mütləq iki elmi mükəmməl öyrənməlidir. Bu elmlərdən biri ana dilimiz, digəri Azərbaycan tarixidir. Bu elmləri dərin bilən gənc xalqını və vətənini çox sevəcək. Vətəni sevmədən isə onu işğaldan qurtarmaq mümkün deyil.
Tədbirdə YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri Aytən Məmmədova , Ülviyyə Salmanova, İlahə Əsgərova, Xədicə Qasımova və Rəşid Şabanov çıxış edərək bildiriblər ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyi Azərbaycanın hər guşəsində, eləcə də azərbaycanlıların yaşadıqları xarici ölkələrdə böyük təntənə ilə qeyd olunmaqdadır. Bu tədbirlər tarixi şəxsiyyət olan Heydər Əliyevin misilsiz xidmətlərinə qədirbilən xalqımız tərəfindən verilən qiymətin, sonsuz ehtiram və sevginin, inamın təzahürüdür.İndiki gəncliyin qarşısında əsas vəzifə – müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü qorumaq və bərpa etməkdir. Heydər Əliyev ideyalarının layiqli davamçısı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanın aydın səhərlərindən xəbər verir. Bütövlüyü pozulmuş torpaqlarımızı yenidən qaytarmaq üçün Heydər Əliyev ideyaları ilə möhkəm silahlanmalıyıq.