Samux Rayon İcra Hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini ifadə edərkən, diqqəti ötən il keçirilən prezident seçkilərindən sonra başlanan islahatlara yönəltmişdir. Belə ki, Prezident seçkiləri ərəfəsində islahatların anonsu verilmiş və islahatların məqsədyönlü şəkildə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmış və hazırlıq işləri aparılmışdır. Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, ölkəmizdə aparılan islahatların alternativi yoxdur.
Azərbaycan Prezidentinin seçkilərdən sonra imzaladığı ilk fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Bu mühüm sənədin icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsinə dövlət tərəfindən 11 min manat məbləğində vəsait ayrıldı. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, bunlarla bərabər tələbələrin təqaüdü, şəhid ailələrinə, məcburi köçkünlərə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər də artırıldı. Əlbəttə, əhalinin sosial cəhətdən həssas təbəqəsinə belə qayğı və diqqətin əsasında qeyd etdiyimiz kimi, aparılan islahatlar dayanır. Başqa sözlə, idarəetmənin yenilənməsi, dövlət strukturlarında səmərəli fəaliyyət, şəffaflığın təmin olunması, özəl bölmədə inkişafın sürətləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması əhalinin sosial müdafiəsinin gücləndirilməsini şərtləndirdi.
Yuxarıdakı fikri bir qədər də konkretləşdirib deyə bilərik ki, islahatların yeni mərhələyə daxil olması ölkəyə əlavə maliyyə resursu əldə etmək üçün əlverişli şərait yaratdı. Birinci rübdə büdcə daxilolmaları 200 milyon manatdan çox artdı. Bunun 150 milyon manatdan çox hissəsi vergi sahəsindən, 50 milyon manatdan çox hissəsi isə gömrükdən əldə olundu. Ölkə rəhbərinin vurğuladığı kimi, sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vəsait toplamışdır. Bu, islahatların bariz nümunəsidir.
Cənab Prezident giriş nitqində sosial-iqtisadi sahələrdə aparılan siyasətin uğurlu nəticələrinin rəqəmlərdə də öz ifadəsini tapdığını diqqətə çatdırıb. Bildirib ki, cari ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,4 faiz, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz, kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar investisiya qoyulub. İnflyasiya aşağı səviyyədə olub, 2,1 faiz təşkil edib. Dövlət başçısı bu gün diqqətin əsasən qeyri-neft sektorunun inkişafına yönəldildiyini vurğulayıb. Bildirib ki, əgər əvvəlki illərdə investisiya qoyuluşu daha çox neft-qaz sektorunda reallaşdırılırdısa, hazırda bu, qeyri-neft sahəsində icra olunur. Təbii ki, belə bir vəziyyət görülən işlərin məntiqi nəticəsidir.
Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Ölkəmiz bir il ərzində 32 pillə irəlilləyərək, ən islahatçı 10 ölkə sırasında yer almışdır. Xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi bundan sonra da təmin ediləcəkdir.
Dövlət başçısı çıxışında yeni islahatların həyata keçirilməsi nəticəsində ölkənin maliyyə potensialının daha da güclənməsini və bunun nəticəsində uzun müddət vətəndaşları narahat edən kredit probleminin həllini tapdığını, habelə çoxmənzilli binaların istismarında yaranan çətinliyin aradan qaldırıldığını diqqətə çatdırdı. Bununla da dövlətimizin başçısı “çoxillik həllolunmaz problem”ə son qoydu.
Son 16 ildə cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.
İslahatların yeni mərhələsində iqtisadi göstəricilər daha da yaxşılaşıb Nazirlər Kabinetinin son iclasında ölkə Prezidenti tərəfindən 2003-cü ildən etibarən siyasi, sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edildiyi xatırladılıb. Bildirilib ki, həyata keçirilən iqtisadi islahatlar, regionların sosial-iqtisadi inkişaf proqramları və digər qətiyyətli addımlar Azərbaycanda nəhəng infrastruktur layihələrinin reallaşmasına, iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşunun əhəmiyyətli dərəcədə artırılmasına gətirib çıxarıb. Gələcəkdə turizmin, kənd təsərrüfatının və qeyrineft sektorunun digər sahələrinin inkişafını reallaşdıracaq möhkəm təməl bərqərar olunub. Son bir ildə yeni islahatların gerçəkləşdirilməsi nəticəsində isə iqtisadi göstəricilər daha da yaxşılaşıb. Belə ki, illik inflyasiya göstəricisi 2016-cı ildəki 12,4 faizdən 2018-ci ildə 2,3 faizə qədər enib, strateji valyuta ehtiyatları 2016-cı ildəki 37,9 milyard dollardan 2019-cu ildə 46,7 milyard dollara yüksəlib. Büdcə xərcləri 2016- cı ildəki 17 milyard 800 milyon manatdan 2019-cu ildə 25 milyard 200 milyon manata qədər artıb.
İclasda icbari tibbi sığortanın tətbiqi məsələsinə də toxunulub. Bildirilib ki, icbari tibbi sığorta dövlət başçısının növbəti uğurlu siyasəti olaraq, səhiyyə sisteminin daha da sürətlə inkişaf etməsinə öz töhfəsini verəcək. Genişmiqyaslı sosial layihə olan icbari tibbi sığortanın başlıca məqsədləri səhiyyə sisteminin maliyyələşdirilməsini dayanıqlı iqtisadi əsaslarla qurmaq, tibbi xidmətlərin əlçatanlığını təmin etməklə əhalini sağlamlıqla bağlı maliyyə risklərindən qorumaqdır. Ölkədə icbari tibbi sığortanın tətbiqi səhiyyə sahəsinə ayrılan maliyyə vəsaitlərinin daha da səmərəli istifadə edilməsinə və əhalinin tibbi xidmətlərdən istifadə imkanlarının artırılmasına zəmin yaradacaqdır.
Ölkə başçısı yekun nitqində, qazlaşdırmanın Azərbaycanda ən yüksək səviyyədə olduğunu qeyd edərək, bu gün hələ də qaz almayan qəsəbələrə, kəndlərə qaz xətləri çəkiləcəyini vurğulamışdır. Bununla bərabər bu sahədə olan neqativ hallara diqqət çəkmişdir. Bəzi yerlərdə qazın təzyiqinin aşağı olduğunu, “Azəriqaz” tərəfindən bəzi hallarda əsası olmayan işlərin görüldüyünü, bəzi hallarda insanlara problemlər yaradıldığını, qazın keyfiyyəti ilə bağlı problemlərin olduğunu bildirərək, mövcud problemlərin aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar vermişdir. Bütün sahələrdə - elektrik enerjisi, içməli su, təbii qazın verilməsi ilə bağlı maksimum şəffaflıq və ədalət olması diqqətə çatdırılmışdır.
Son 15 il ərzində 2 milyon iş yeri yaradıldığını, eyni zamanda, bu müddət ərzində əhalinin 1,7 milyon artdığını vurğulayaraq, artan əhalinin infrastruktur layihələrinin, iş yerlərinin yaradılması üçün əsas şərt olduğunu göstərmişdir. Cari ildə ölkəmizdə 40 min ödənişli ictimai iş yeri açılmış və artıq 35 min insan bu il ödənişli ictimai işlərlə təmin edilib.
İş yerlərinin yaradılması üçün vacib amillərdən biri də özünüməşğulluq proqramıdır. Bu proqram ölkəmizdə çox böyük rəğbət qazanıb. Hər il özünüməşğulluq proqramı çərçivəsində təqribən 7 minə yaxın insan işə cəlb ediləcəkdir.
Bunlar müstəqil Azərbaycanın həm də son 16 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.
2019-cu ilin birinci rübünün yekunu ilə bağlı görülmüş işlərin təhlili göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri cari ildə də uğurla davam etdirilir.
Birinci rübün sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəriciləri bunu deməyə əsas verir. Belə ki, hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 27,0 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən (26,8 mln.manat) 0,7 faiz çoxdur. Cari ilin üç ayında ötən ilin müvafiq dövri ilə müqayisədə kənd təsərrüfatı məhsullarının həcmi 13,6 faiz artaraq, 12,9 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 1,7 faiz artaraq, 27,8 miliyon manat təşkil etmişdir. Əhalinin pul gəlirləri 41,9 milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövründəkindən 0,4 faiz çoxdur. Hesabat dövründə tikintinin həcmi 2,1 milyon manat, əsas kapitala yönəldilən investisiyanın həcmi isə 2,3 milyon manat olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 yanvar tarixli 500 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi məqsədi ilə rayon İcra Hakimiyyəti üzrə geniş tədbirlər planı hazırlanmış və onun icrasına başlanmışdır.
2019-cu ilin birinci rübü ərzində 2018-ci ilin sonunda başlanmış işlər tamamilə başa çatdırılmışdır. Belə ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş 36 mənzilli binanın dam örtüyünün dəyişdirilməsi, eyni zamanda təmirə ehtiyacı olan 4 çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri başa çatdırılmışdır.
İlin əvvəlində Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində bir aşırımlı körpünün tikintisinə başlanmışdır. Ümumi uzunluğu 24 metr, eni 8,4 metr olan körpünün tikintisi başa çatdırılmışdır. Samux şəhər 2 saylı uşaq bağçası üçün ayrılmış yeni binada yenidənqurma və bərpa işlərinə başlanmış, hazırda işlər başa çatmaq üzrədir. Rayonun Qarağaclı qəsəbəsində su nasos stansiyası yenidən qurulmuşdur. Burada əlavə nasos quraşdırılmış, 2 km uzunluğunda 220 mm boru ilə su xətti çəkilmişdir. Bu da əlavə 100 hektar sahənin suvarılmasını təmin edəcəkdir.
Rüb ərzində bütün istiqamətlərdə yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir. Gəncə - Samux, Samux - Lək, Samux- İnstitut, Qaraağaclı-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 67,9 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq, 4,5 min m3 həcmində çınqıl materialı işlədilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , Vest Milk MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Hevandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda 200 müasir istixana fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 80,0 hektar təşkil edir. Bu istixanalarda il ərzində 8000 tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, rüb ərzində 151-i daimi olmaqla 409 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 1-i Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 1 layihə üzrə verdiyi 7,0 min manat güzəştli kreditin hesabınadır. Eyni zamanda ödənişli ictimai işlərə 295 nəfər rayon sakini cəlb edilmişdir.
Bununla bərabər Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar işaxtaran vətəndaşlar arasında özünüməşğulluq proqramının həyata keçirilməsi proqramı uğurla davam etdirilir. Cari ildə bu proqrama 16 nəfər cəlb edilmiş, müvafiq söhbətlərdən sonra, onlar Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmışdır. 2018-ci ildə təlimlərdə iştirak edib, biznes planları uğurlu hesab edilən vətəndaşlardan 2019-cu ilin 1-ci rübündə 8 nəfəri xidmət sahəsi üzrə əmlakla təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə, iqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonumuzda cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2019-ci ilin məhsulu üçün 9546,0 hektar sahədə taxıl əkilmişdir ki, onun da 5267,0 hektarı buğda, 3544,0 hektarı dən üçün arpadır.
Cari ildə 3061,0 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Onlardan 234,0 hektarı şəkər çuğunduru, 798,0 hektarı dən üçün günəbaxan, 276,0 hektarı kartof, 341 hektarı tərəvəzdir.
2018-ci ilin 01 aprel tarixinə iri buynuzlu mal-qaranın sayı 23 608 baş olmuşdur. Bundan ana inək və camışların sayı 12218 baş təşkil edir. Qoyun və keçilərin sayı 149170 başdır.
Birinci rübdə 1502 ton diri çəkidə ət, 8153 ton süd, 2,6 milyon ədəd yumurta istehsal olunmuşdur. Heyvandarlıq mənsullarının istehsalında da ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 66 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki ,onlardan 56-sı istifadəyə verilmişdir. Digər 10 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Bununla bərabər 2019-cu ilin birinci rübü ərzində 75 ədəd nasos, 7 ədəd elektrik avadanlığı təmir edilmişdir. Torpaqların suvarılması üçün kanallarda 212 min m3 lildən təmizləmə, 35 min m3 sahilbərkitmə işləri görülmüşdür. Kanallarda 4 ədəd hidrotexniki qurğu, 4 ədəd hidropostlar təmir edilmiş, 6800 m2 kol-koslardan təmizləmə işləri aparılmışdır. Rüb ərzində Gəncə çayında 6 min m3, Qabırrı çayında 4 min m3, Qoşqar çayında 2 min m3 əlavə sahilbərkitmə işləri görülmüşdür.
Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2019-cu ilin birinci rübü ərzində Sərkar, Ziyadlı kəndlərində elektrik şəbəkəsinin yenidənqurulması istiqamətində 2500 metr SİP kabel xətlərinin çəkilişi işləri həyata keçirilmişdir. Kolayır massivində 10 kv-luq hava xəttinin yenidən qurulması üçün 476 ədəd dayaq basdırılaraq 83,0 km As 70 naqili çəkilmişdir. Rüb ərzində Kolayır massivində 11, Sarıqaya kəndində 1, Yuxarı Ağasıbəyli kəndində 1, Aşağı Ağasıbəyli kəndində 1 ədəd, ümumilikdə 14 ədəd yeni kompleks transformator məntəqəsi (KTM) quraşdırılmışdır. Çobanabdallı kəndində 106 ədəd 0.4 kv-luq dayaq basdırılaraq 4,1 km uzunluğunda SİP kabel xətti çəkilmiş, 83 abonentin sayğac dəsti dəyişdirilmişdir. Rüb ərzində əhali qrupu üzrə yanmış sayğacların dəyişdirilməsi və yeni abonentlərə elektrik enerjisi verilməsi məqsədilə 65 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hal-hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Rüb ərzində rayonun abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Rüb ərzində 42 yeni abonent təbii qazla təmin edilmiş, ümumilikdə 440 sayğac dəsti yenisi ilə əvəz edilmişdir.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 95,9 faizi, təbii qazın dəyərinin 82,88 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. 2019-cu ilin birinci rübü ərzində əsas telefon aparatlarının sayı 24 ədəd artırılaraq, 8527-yə çatdırılmışdır. Yüksəksürətli internet portalının tutumu 64 port artırılmış və aztelekom.net portalının montaj tutumu 4912 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 4588 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 759 abunəçinin artmasını göstərir.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və fərdi qəbullarda edilən müraciətlər göstərir ki, əhalinin elektirik enerjisi və təbii qazla təminatında müəyyən problemlər hələ də mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2019-cu ilin birinci rübündə Samux rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 102 ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 22 ədəd (124 ədəd) və ya 17,7 faiz azdır. Müraciətlərdən 44-ü (38) yerli sakinlərdən, 55-sı (86) isə respublikanın yuxarı təşkilatlarından olmuşdur. Rüb ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Birinci rübdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində 13 səyyar qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 32 müraciət edilmişdir. Müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təminatı, torpaq, suvarma suyu ilə təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı olmuşdur.
2019-cu ildə qarşımızda yerinə yetiriləsi daha böyük vəzifələr durur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı proqram xarakterli nitqlərində qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün imkanlarımızı səfərbər etməliyik.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramında 2019-cu il üçün nəzərdə tutulmuş tədbirlərin icrası təmin edilməlidir.
- Xəstəxana kompleksinin tikintisinə;
-İnstitut qəsəbə tam orta məktəbi üçün 960 şagird yerlik;
- Sərkar kənd tam orta məktəbi üçün 800 şagird yerlik;
- Çobanabdallı kəndində 600 şagird yerlik yeni məktəb binalarının tikintisinə;
- Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikilməsinə nail olmalıyıq.
Eyni zamanda qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsinin sürətləndirilməsidir.
Ölkə başçısı tərəfindən 2019-cu ilin “Nəsimi İli” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Bu il Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasını 650 ili tamam olur. Bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi istiqamətində müvafiq işlər görülməlidir.






