Şriftin ölçüsü :

Saytın rəngi :

Bu il Samuxda 600 hektarda şəkər çuğunduru əkilib

20 aprel 2019 | 16:00

Samux rayonunda şəkər çuğundurunun səpininə martın əvvəlindən başlanılıb. Artıq 340 hektar sahədə səpin işləri yekunlaşıb. Yüksək məhsul əldə etmək üçün dekabrda şum aparılarkən əkilən hər hektara 200 kiloqram amofos və 100 kiloqram kalium gübrəsi də verilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu il İmişli Şəkər Zavodu Samuxda şəkər çuğunduru əkmək üçün 80 mülkiyyətçi ilə müqavilə bağlayıb.
Müqavilənin şərtlərinə görə bütün xərcləri zavod öz üzərinə götürüb.
İmişli Şəkər Zavodunun Samux bölgəsi üzrə nümayəndəsi bildirib ki, mülkiyyətçiyə kömək üçün zavod tərəfindən bir hektara 1230 manat subsidiya verilir. Zavod mülkiyyətçiləri zəruri texnika ilə təmin edir, məhsulun daşınmasını həyata keçirir və nəqliyyat xərclərini ödəyir.
Bununla yanaşı, şəkər çuğunduru əkən mülkiyyətçiyə dövlət tərəfindən hər hektara görə 4 manat subsidiya verilir. Bütün bunlar isə fermerlərin şəkər çuğunduru əkininə marağını artırır.
Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahil Həsənov bildirib ki, ötən il Samux rayonunda 560 hektar şəkər çuğunduru əkilib. Fermerlər sahələrdən hər hektara görə orta hesabla 45 ton olmaqla, ümumilikdə, 24000 ton məhsul yığıblar. Bu il isə samuxlu fermerlər şəkər çuğunduru sahələrini daha 40 hektar artırıblar.
Qeyd edilib ki, səpin aprelin sonuna kimi tam yekunlaşacaq. İyunun əvvəlindən şəkər çuğundurunun mərhələli şəkildə suvarılması aparılacaq. Məhsul yığımına isə sentyabrdan başlanılacaq.
Samux, 19 aprel, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər