Samux Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq Xocalı soyqırımına həsr edilmiş film izlənildi
Samux Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar olaraq dəhşətli Xocalı soyqırımına həsr edilmiş film izlənildi. Filmdən əvvəl Heydər Əliyev Mərkəzinin müdiri Nuranə Həsənova çıxış etdi. O, çıxışında tariximizdə baş vermiş bu dəhşətli hadisədən nəticə çıxarmağı, gələcəkdə xalqımıza qarşı bu cür tarixi faciələrin təkrarlanmaması üçün gələcək nəsilləri vətənpərvərlik ruhunda böyütməyin vacibliyindən danışdı. Elmi işçisi Cabbarova Aygül Xocalı hadisələri haqda məlumat verdi. “1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.
Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir.
Film izlənildikdən sonra tədbir iştirakçıları mövzu ətarafında müzakirə apardılar.