Samux rayon Heydər Əliyev Mərkəzində 20 yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar olaraq “ Tarixin qan yaddaşı” adlı dəyirmi masa keçirildi
Samux rayon Heydər Əliyev Mərkəzində 20 yanvar hadisələrinin 29-cu ildönümü ilə əlaqədar olaraq “ Tarixin qan yaddaşı” adlı dəyirmi masa keçirildi. Tədbiri giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova vurğuladı ki, 20 yanvar hadislərində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə dayandırılmışdır. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq baş verənlər haqqında informasiya almaq hüququndan məhrum edilmişdir. Planlaşdırılmış bu cinayət əməliyyatını həyata keçirmək üçün keçmiş SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və başqa yüksək rütbəli hərbçilər Bakıya gəlmişdilər. Bu cinayət bəşəriyyət tarixində görülməmiş vəhşilik idi. Biz bu hadisələri heç vaxt unutmayacağıq. Sonra çıxış edən Heydər Əliyev Mərkəzinin işçisi Cabbarova Aygül qeyd etdi ki, 20 yanvar hadisələri sözlə ifadə edilməyəcək qədər dəhşətli hadisədir. Biz bu hadisələri hər an xatırlayırıq. 20 yanvar hadisəsi haqqında qısa statistik məlumat vermək istərdim, fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda belə yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Bu vandalizm nümunəsidir. Dinc, sakit, silahsız əhaliyə qarşı amansız qırğın. Sonra çıxış edən hər bir kəs qeyd etdi ki, 20 yanvar hadisələri bizim qan yaddaşımız olmaqla bərabər müstəqillik xəbərçimiz idi. Neçə neçə oğulların, qız gəlinin qanlarıyla tarixin yaddaşına yazılan bu dəhşətli gecə Azərbaycan xalqının mübarizə əzmini daha da qaldırdı. Sonda bütün şəhidlərə Allahdan rəhmət diləndi.