Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-ci ildönümü münasibəti ilə Samux rayonunda tədbir keçirildi.
21 noyabr 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının akt zalında partiyanın yaradılmasının 26-ci ildönümü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu öndərin əziz xatirəsinə ehtiramlarını ifadə etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan dövlətçiliyinin inkişafında partiyamızın xidmətlərindən danışdı. O qeyd etdi ki, Ulu öndər Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirib və xalqımızın taleyində silinməz izlər qoyub: “Bu izlərdən biri də Yeni Azərbaycan Partiyasıdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyası bizim qarşımızda xalqımıza, dövlətimizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur”.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi: “Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Ulu öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan Samux sakinləri bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər”. A.Qocayev həmçinin, Samux rayonunda həyata keçirilən geniş quruculuq işləri haqqında da məlumat verdi.