Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir

15 oktyabr 2018 | 16:00

2018-ci ilin doqquz ay ərzində ölkə iqtisadiyyatı yüksək inkişaf dinamikasını saxlamağa müvəffəq olmuş, mürəkkəb xarici risklər və çağırışlar şəraitində dayanıqlılıq və sabitlik nümayiş etdirilmişdir. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin reallaşdırdığı strateji inkişaf kursunun uğurla həyata keçirilməsi və iqtisadiyyatın şaxələndirilməsi siyasətinin məntiqi nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci  ilin doqquz ayının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, ölkə başçısı proqram xarakterli çıxışlarında daxili-xarici siyasətdə,  iqtisadiyyatda və digər sahələrdəki  vəziyyəti geniş təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir. Qeyd edilmişdir ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşıya  qoyulan  bütün vəzifələr uğurla və vaxtında icra edilmiş, Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmiş və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.
2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənmişdir. Doqquz ay ərzində ölkə başçısı  12 xarici səfər etmiş, 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmaların  icra edilməsinin nəticəsidir ki, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və hörmət olunur.
Ordumuzun gücləndirilməsi istiqamətində geniş tədbirlər həyata keçirilir. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər, hərbi uğurlarımız da bunu sübut edir. Bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirmişdir.
Hər il olduğu kimi, bu il də ölkəmizdə iqtisadi sahədə islahatların dərinləşməsi istiqamətində çox önəmli addımlar atılmışdır. Bunu iqtisadi göstəricilərə nəzər yetirdikdə aydın şəkildə görmək olar. Doqquz ayda iqtisadiyyatın, yəni, ümumi daxili məhsulun 0,8 faiz, qeyri-neft sektorunun 1 faiz, sənaye istehsalının 2 faiz, qeyri-neft sənayesinin isə 10,8 faiz artımı onu təsdiqləyir ki, ölkədə uğurlu sənayeləşmə siyasəti aparılır. Respublikamızda idxal artır, bu isə əsasən sənayenin inkişafı ilə bağlıdır. İxrac idxalı böyük dərəcədə üstələyir.
Bu inkişaf təkcə sənaye sektorunda deyil, kənd təsərrüfatında da müşahidə olunmaqdadır. Cənab Prezidentin bu sahəyə xüsusi diqqəti öz nəticəsini göstərir. Dövlət başçısının aqrar sektorun inkişafı ilə bağlı keçirdiyi respublika müşavirələrində verdiyi tapşırıqlar kənd təsərrüfatında əsaslı  canlanma yaratmışdır. Doqquz ayda kənd təsərrüfatında əldə olunmuş 4,3 faiz artım isə kifayət qədər uğurlu göstəricidir.
İlin əvvəlindən valyuta ehtiyatlarımız 3 milyard dollar artmış və  hazırda bu rəqəm 45 milyard dollar təşkil edir. Son 15 ildə Azərbaycanın valyuta ehtiyatları 25 dəfə artmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin göstərişi və şəxsi nəzarəti ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramı hazırlanarkən Azərbaycan cəmi 1,8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Qısa müddət ərzində valyuta ehtiyatlarının 25 dəfədən çox artımı onu deməyə əsas verir ki, Azərbaycan 15 ildə bütün istiqamətlər üzrə düşünülmüş  proqramlar əsasında çox böyük tarixi uğurlara imza atmışdır.
Azərbaycanda yaradılan əlverişli biznes mühiti hər zaman yerli və xarici investorlara geniş imkanlar yaradır. Bu ilin 9 ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyuluşu bunu bir daha təsdiqləyir.
Həm xarici ticarət dövriyyəsi, həm də ixrac 37 faiz artmış,qeyri-neft ixracı isə təxminən 14 faiz yüksəlmişdir.
Sevindirici hal ondan ibarətdir ki, iqtisadiyyata yatırılan 9 milyardlıq vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulmuşdur. Bu, əlbəttə ki, iqtisadiyyatın bundan sonra da şaxələndirilməsinə xidmət edəcəkdir.
Doqquz ayda ölkədə 85 min daimi iş yeri açılıb və inflyasiya cəmi 2,6 faiz təşkil edib.  Əhalinin  gəlirləri isə 9,5 faizdir, yəni gəlirlər inflyasiyanı üstələyir.
Bütün bunlar Azərbaycanın sosial-iqtisadi inkişafının əsas göstəriciləridir. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu, reytinq təşkilatları da hesabatlarını açıqlayarkən göstərilən bu rəqəmlər sayəsində dünya birliyi Azərbaycanın uğurlu inkişafının şahidi olur.
Azərbaycanda düşünülmüş iqtisadi siyasət aparılır. Əlbəttə bu bir həqiqətdir ki, dövlətin qarşıya qoyduğu bütün planlarını həyata keçirilməsi üçün iqtisadiyyat uğurla inkişaf etməli və bu istiqamətdə ardıcıl addımlar atılmalıdır. Cənab Prezidentin dediyi kimi, əgər bu gün Azərbaycanın güclü iqtisadi imkanları olmasaydı, bu layihələrin heç birini reallaşdırmaq mümkün olmazdı. Lakin ölkəmizdə heç bir sosial layihə indiyədək təxirə salınmayıb.
Onu da qeyd edək ki, bu il regionların sosial-iqtisadi inkişafına dair üçüncü dövlət proqramının icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilmişdir. Gələn ilin əvvəlində növbəti, yəni dördüncü proqramın icrasına başlanılacaqdır ki, hazırda sənədin hazırlanması son mərhələdədir.
Bu gün təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində öz yolu ilə uğurla gedən Azərbaycan inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən biridir. Həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat Azərbaycanın əsas inkişaf göstəriciləridir.
Nazirlər Kabinetinin iclasında dövlət başçısı  bir daha vurğulamışdır ki, “Bundan sonrakı illərdə də ölkə iqtisadiyyatı dinamik şəkildə inkişaf etməlidir. Dövlət İnvestisiya Proqramı iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına istiqamətləndirilməlidir”.
Bunlar müstəqil Azərbaycanın həm də son 15 ildəki inkişaf göstəricisidir. Bu reallıqlar verilən bütün vədlərin vaxtlı-vaxtında uğurla yerinə yetirildiyini bir daha təsdiqləyir.
2018-ci ilin doqquz ayı ərzində rayonda bütün sahələrdə yüksək  göstəricilər əldə olunmuş və təmir-tikinti, abadlıq işləri daha da sürətləndirilimişdir. 
Cari ilin doqquz ayının   sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəricilərinə nəzər salsaq buna əmin ola bilərik.  Belə ki, hesabat dövründə    rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 120,4 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən    (99,8 mln.manat)  20,7 faiz  çoxdur.  Cari  ilin 9 ayında ötən  ilin  müvafiq  dövri  ilə  müqayisədə sənaye məhsulunun həcmi 36,8 faiz artaraq 6,3 milyon manat,    kənd  təsərrüfatı  məhsullarının həcmi 25,7  faiz  artaraq  67,7 milyon  manat,  tikinti 40,2 faiz artaraq  15,1 milyon manat təşkil etmişdir.   Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  5,3 faiz, əsas kapitala yönəldilən investisiya 39,9  faiz artmışdır.
2018-ci ilin doqquz ayı ərzində Sahibkarlığın İnkişaf Fondu tərəfindən kənd təsərrüfatı ilə məşğul olan  rayon sahibkarlarına 13 layihə üzrə 131,0 min manat güzəştli kredit verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral tarixli 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir.
Belə ki, Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Şəhərin  Heydər Əliyev və Kolayır prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov, Arif Nəbiyev küçələrində, Kür yolunda aparılan yenidənqurma və bərpa işləri başa çatdırılmışdır. Yararsız bort daşları və tavalar sökülərək yenilənmiş, keyfiyyətsiz hasarlar yenidən hörülmüş, suvanma və  rəngləmə işləri həyata keçirilmişdir. Heydər Əliyev prospektində və Arif Nəbiyev küçəsində hasarların “Aqlay” tava daşları ilə üzlənməsi və bərpa işləri aparılmışdır. Kolayır prospektində 54, Elçin Məmmədov küçəsində 27, Kür küçəsində 27, Nəriman Nərimanov küçəsində 8 ədəd olmaqla, ümumilikdə 116 ədəd, eyni zamanda Qarayeri qəsəbəsində 14 ədəd müasir işıqlandırıcı quraşdırılmış və abadlıq işləri həyata keçirilmişdir. Şəhərin Heydər Əliyev prospektinin  300 metrlik hissəsi, Göygöl, Qalalı küçələrində əsslı təmir işləri aparılmış və yeni asfalt örtüyü salınmışdır. Misginli küçəsində yenidən qurma işlərinə başlanmış, 6 ədəd dəmir boru ilə su keçidi quraşdırılmış, küçəyə balans verilərək  hamarlanmışdır. İsmət Qayıbov küçəsində yerləşən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmiş  8 mənzilli binanın ətrafında abadlıq işləri aparılmış və  yeni asfalt örtüyü salınmışdır.
Qarayeri qəsəbəsində  ümumi sahəsi 1,5 hektar olan istirahət parkında təmir-bərpa işlərinə başlanmışdır. Parkın ətrafında 390 metr uzunluğunda  hasarlama işləri aparılmış, gəzinti yollarının kənarına 450 p.metr bardür düzülmüş, 500 kv.m  üzlük daşların döşənmişdir. Hasarların üzərinə dekorativ barmaqlıqlar vurulmuşdur.  Parkda 2 ədəd fəvvarə quraşdırılmışdır ki, onların hovuzlarının  içərisinə 150 kv.metr mozayka vurulmuş, kənarları aqlay daşları ilə üzlənmişdir. Əhlinin dincəlməsi üçün 2 ədəd “besetka” quraşdırılmışdır.  Parkın suvarma sistemi üçün  250 metr üzunluğunda 25 mm diametrli kapron boru ilə su xətti çəkilmişdir. 1100 kv.metr rəngləmə işləri aparılmışdır.    Hazırda parkda son tamamlama  işləri həyata keçirilir.
Rayonun Çobanabdallı kəndində  yataqxana tipli, ikimərtəbəli bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m. olan iki binada blokların təmiri, qapı və pəncərələrin quraşdırılması işləri tam başa çatdırılmış, hər iki binada son tamamlama işləri həyata keçirilir. İstixana kəndində ikimərtəbəli, iki bloklu, hər biri 12 mənzilli, sahələri 1445 kv.m olan iki binada isə təmir-bərpa işlərinə başlanmış, hazırda işlər davam etdirilir.
Rayonun,  uzunluğu 15,3 km olan İnstitut - Çobanabdallı - Lək - Sarıqaya və uzunluğu 12,7 km olan Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanmışdır. Həmin yollarda işlər əsasən başa çatdırılmış, yeni asfalt örtüyü salınmışdır. Hazırda  Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində olan körpünün tikintisi üzrə işlər aparılır.
Salahlı kəndində Qabrrı çayı üzərindəki körpüdə yaranmış qəza qısa müddət ərzində aradan qaldırılmışdır.
9 ay ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux - Lək, Samux- İnstitut, Qaraağaclı-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 156 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq 26,3 min m3 həcmində çınqıl materialı işlədilmişdir.  Qış mövsümünə hazırlıq məqsədi ilə avtomobil yollarının kənarında  300 kub metr  qum, 6,1 ton texniki duz ehtiyatı yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Hevandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  155  müasir  istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 75,0  hektar təşkil edir.  Bu istixanalarda il ərzində 8000 tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 9 ay ərzində 247-si daimi olmaqla 459 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 14-ü Sahibkarlığın İnkişaf Fondu tərəfindən verilmiş güzəştli kreditlərin hesabınadır.
Bununla bərabər işaxtaran vətəndaşlar arasında özünəməşğulluq proqramının həyata keçirilməsinə başlanmışdır. Bu proqrama 59 nəfər cəlb edilmiş və Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmış və bir aylıq təlimlər başa çatmışdır. Təlim keçənlərdən  50 nəfəri müvəfəqiyyətlə biznes planını həyata keçirmişdir. Onlardan  iqtisadiyyatın fəaliyyət növləri üzrə 40 nəfəri kənd təsərrüfatı, 9 nəfəri xidmət, 1 nəfər isə istehsal sahələrində  özünəməşğulluqlarını təmin etmişlər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir.
Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən kənd təsərrüfatının stimullaşdırılması məqsədi ilə cari ildə istesalçılar əkin və yanacaq dəyərinə görə 7372 istehsalçıya  1132735,2 manat, buğda əkini üzrə 1459 istehsalçıya 516004,2 manat, təkrar əkinə görə 93 istehsalçıya 167368,5 manat və  süni mayalanma yolu ilə alınmış 201 buzova görə 20100 manat subsidiya plastik kartlarla istehsalçılara ödənilmişdir.
Eyni zamanda istehsalçılara güzəştli şərtlərlə 534,2 ton ammonium nitrat, 395 ton ammofor, 67,3 ton karbomit və 142,7 ton nitromofoska kübrəsi satılmışdır.
2018-ci  ilin  məhsulu  üçün 10675  hektar  sahədə taxıl əkilmişdir ki, onun da  6570 hektarı  buğda,  4105  hektarı isə  dən  üçün  arpadır.
Cari ildə 12141 hektar sahədə  yazlıq  bitkilərin  səpini    aparılmışdır.  Onlardan 526 hektarı şəkər çuğunduru, 2865,5 hektarı dən üçün günəbaxan,  245,0  hektarı  kartof, 710 hektarı  tərəvəz, 212 hektarı bostan bitkiləri, 359 hektarı qarğıdalı, 400 hektarı pambıq və sair bitkiçilik məhsullarıdır.
Cari ildə   sahələrdən 36601,0 ton taxıl məhsulu yığılmışdır ki, bununda 23210,0 tonu buğda, 13 391,0 tonu isə arpadır. Məhsuldarlıq 34,3 sent təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən (26,1 sent.) 8,2 sent. və ya 31,4 faiz yüksəkdir.
Eyni zamanda 01.10.2018-ci il tarixinə sahələrdən 2,65 min ton kartof, 12,1 min ton tərəvəz, 2,93 min ton bostan bitkiləri, 5,84 min ton günəbaxan, 0,82 min ton qarğıdalı, 5,57 min ton şəkər çuğunduru, 0,12 min ton pambıq, 6,0 min ton meyvə və  6,0 min ton üzüm  toplanmışdır.
2018-ci  ilin  01 oktyabr  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 347 baş  olmuşdur. Bunlardan  ana inək və camışların  sayı  11716 baş təşkil edir. Qoyun və keçilərin  sayı isə  146442 başdır.
9 ayda 3645 ton diri  çəkidə  ət, 18079 ton süd,  5,6 milyon  ədəd  yumurta  istehsal  olunmuşdur. Heyvandarlıq mənsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 46-sı istifadəyə verilmiş, 10 subartezian quyusunun qazılması başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Bununla bərabər 2018-ci  ilin doqquz ayında 276 ədəd nasos, 35 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 264 min m3  lildən  təmizləmə, 57 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 26 ədəd hidrotexniki qurğu, 11 ədəd   hidropostlar təmir edilmiş, 12600 m2  kol-koslardan  təmizləmə  işləri  aparılmışdır.9 ay  ərzində  Gəncə  çayında  9 min m3, Qabırrı  çayında 7 min  m3, Qoşqar çayında 5 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür. 
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2018-ci ilin doqquz ayında  Samux şəhərinin Kolayır massivində, Sərkar, Ziyadlı və Çobanabdallı kəndlərində elektrik şəbəkəsinin yenidənqurulması işləri həyata keçirilir. Kolayır massivində 10 kv-luq hava xəttinin yenidən qurulması üçün 476 ədəd dayaq basdırılaraq 83,0 km AS70 naqili çəkilmişdir. 0,4 kv-luq şəbəkənin qurulması üçün 755 dayaq basdırılmış,  30,4 km kabel çəkilmişdir. Çobanabdallı kəndində 106 dayaq basdırılmışdır. Çobanabdallı kəndində 4,1 km,  Sərkar və Ziyadlı kəndlərində 2,5 km SİP kabel çəkilmişdir.
Kolayır massivində 11, Sarıqaya kəndində 1, Yuxarı Ağasıbəyli kəndində 1, Aşağı Ağasıbəyli kəndində 1 ədəd, ümumilikdə 14 ədəd yeni kompleks transformator məntəqəsi (KTM) quraşdırılmışdır. Eyni zamanda Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2,5 MVA gücündə transformator quraşdırılmışdır. Yeni abonentlərə 560 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövründə abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Lək və Hacıalılı kəndlərini təbii qazla təmin edən xəttin dəyişdirilməsi istiqamətində işlər davam etmiş, xəttin 9,0 km hissəsində işlər başa çatmışdır. 9 ay ərzində 143 yeni abonent təbii qazla təmin edilmiş, 340 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 91,05 faizi, təbii qazın dəyərinin (debütor borclarda daxil olmaqla) 130,9 faizi yığılmışdır.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətlər göstərir ki, əhalinin elektirik enerjisi və təbii qazla təminatında  müəyyən problemlər hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2018-ci  ilin doqquz ayında   Samux  Rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə 394 ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən  36 ədəd (430 ədəd) və ya 8,4 faiz azdır.  Müraciətlərdən 153-ü (188) yerli  sakinlərdən, 241-i (242) isə respublikanın   yuxarı  təşkilatlarından  olmuşdur. Hesabat dövründə daxil olmuş ərizələrdə qaldırılan məsələlər müəyyən olunmuş müddətlərdə  yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir. Eyni zamanda rayon İcra Hakimiyyətinin elektron poçtuna, saytına və  qaynar xəttə daxil olan müraciətlər təxirəsalınmadan araşdırılmış, nəticəsi barədə vətəndaşlar məlumatlandırılmışdır.
Doqquz ayda rayon İcra Hakimiyyətinin başçısı   tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində 34 səyyar  qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 102 müraciət  edilmişdir.  Müraciətlər  əsasən    yolların  təmiri,  yeni  yaşayış  massivlərinin  elektrik  enerjisi  və  təbii  qazla  təminatı, torpaq, suvarma suyu  ilə   təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı  olmuşdur.  Müraciətlərin 85-i (83,3 %)  icra  edilmiş, 17-si isə (16,7 %)  hazırda  icradadır.
2018-ci  ilin ikinci yarısında  qarşımızda  yerinə  yetiriləsi vacib olan  daha  böyük  vəzifələr  durur.  Nazirlər  Kabinetinin  2018-ci  ilin  doqquz ayının  sosial-iqtisadi  inkişafının  yekunlarına  və qarşıda duran vəzifələrə  həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək  üçün bütün imkanlarımızı səfərbər etməliyik: 
- Qarşımızda duran ən vacib məsələlərdən  birincisi ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya layiqincə cavab vermək,  bu imkandan maksimum yararlanaraq rayon  iqtsadiyyatının əsasını təşkil edən  kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi;
     - Başlanmış işlərin müvəffəqiyyətlə başa çatdırılması;
- Tikinti - quruculuq işlərinin  davam etdirilməsi;
- Şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- Rayonun 14 yaşayış məntəqəsini əhatə edən mərkəzləşdirilmiş içməli su sisteminin çəkilişinə başlanmışdır ki, onuda uğurla başa çatdırmalıyıq;
     -  Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  həyata keçirilməsi əsas vəzifələrdəndir.
      Eyni zamanda əhalinin məşğulluğunun təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılması istiqamətində də işlər görülür.

Keçidlər