Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda təhsil işçilərinin sentyabr konfransı keçirildi

13 sentyabr 2018 | 16:00

         12.09.2018-ci il tarixdə rayon təhsil işçilərinin  sentyabr konfransı keçirilib.
Konfransdan əvvəl Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev, Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Anar Abdullayev, Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov, rayonun təhsil işçiləri və müəllim heyəti Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət etmiş və abidənin önünə gül dəstələri qoymuşlar.
          Konfrans Dövlət himninin səsləndirilməsi ilə başladı. Konfransı ilk olaraq Samux Rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov iclası açıq elan edərək  2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış etdi. Çıxışı zamanı Gülağa Hüseynov qeyd etdi ki, ötən tədris ilində Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 35 məktəbəhazırlıq qrupunu 587 nəfər uşaq, I siniflərini 942 nəfər, IX siniflərini 670 nəfər,  XI siniflərini 469 nəfər şagird bitirib. XI sinfi bitirən məzunlardan 303 nəfər ali məktəblərə qəbul imtahanında iştirak edib və onlardan 159 nəfəri tələbə adına layiq görülüb. 2017-2018-ci tədris ilinin yekununda həm ali məktəbə qəbul olanların sayı, həm də IX və XI sinif buraxılış imtahanlarının nəticəsi ötən illərlə müqayisədə daha yüksək qiymətləndirilə bilər.
         Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Anar Abdullayev çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli peşələrində uğurlar arzulayıb. Anar Abdullayev həlli vacib məsələlərlə bağlı fikirlərini bildirərək yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq qeyd edib ki, ölkəmizin təhsil sisteminin qarşısında duran əsas vəzifələrdən biri keyfiyyətli təhsil və yüksək ixtisaslı kadr hazırlığıdır. A. Abdullayev 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsinin bu vəzifənin uğurla həll olunmasında mühüm rol oynadığını vurğulayıb.
         Rayon icra hakimiyyətinin başçısı cənab Alı Qocayev çıxış edərək son illərdə ölkə miqyasında Ölkə başçısı cənab İlham Əliyevin qayğısı nəticəsində bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm irəliləyişlərin olması haqqında söhbət açıb. Həmçinin rayon təhsilində son illər ərzində əldə edilmiş uğurları xüsusi qeyd edib. Təhsil işçilərinə yeni tədris ilində uğur və müvəffəqiyyət arzulayıb.
Sonra bir qrup müəllim və 600 dən çox bal toplayan şagirdə fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda isə konfrans iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətin mətni oxunub.

Keçidlər