Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

14 iyul 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, iqtisadiyyatın strukturunda keyfiyyət dəyişikliklərinin baş verməsinə, sənayeləşmənin geniş vüsət almasına, iqtisadi sabitliyə öz töhfəsini verməkdədir. 2018-ci ilin birinci yarısında da ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin  sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci  ilin birinci yarısının  yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu haqda ətraflı danışılmış və ölkə başçısı proqram xarakterli çıxışlarında daxili-xarici siyasətdə,  iqtisadiyyatda və digər sahələrdəki  vəziyyəti geniş təhlil etmiş, qarşıda duran vəzifələri müəyyənləşdirmişdir.
İclasda qeyd edilmişdir ki, aprel ayında keçirilən prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı cənab Prezidentə çox böyük dəstək verir. Seçkilərdə qazanılmış inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu seçkilərlə  Azərbaycan bütün dünyaya bir daha sübut etdi ki, müasir, demokratik ölkədir. O ölkədir ki, burada bütün azadlıqlar təmin edilir.  Xalq cənab İlham Əliyev siyasətinə alternativ siyasət görmür və bundan sonra da xalq ölkə başçısının siyasətini  dəstəkləyəcəkdir.
Hazırkı siyasət xalqın maraqlarını təmin edən siyasətdir,  müstəqillik siyasətidir, inkişaf siyasətidir. Məhz bu siyasət nəticəsində Azərbaycan son 15 il ərzində çox böyük və şərəfli yol keçmişdir, bütün göstəricilərə görə dünya miqyasında çox yüksək yerlərdədir.
Aparılmış uğurlu xarici siyasət nəticəsində Azərbaycan, demək olar ki, bütün ölkələrlə, bütün güc mərkəzləri ilə çox səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər qura bilmişdir. Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin işinə qarışmamaq prinsipləri əsasında qurulur.
Azərbaycandan tamamilə fərqli olaraq  20 il ərzində kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyət Ermənistanda tam iflasa uğradı. Bunu erməni xalqı təsdiqlədi. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Bu rejimin çökməsində Azərbaycanında özünə məxsus rolu vardır. Ölkə rəhbərliyinin apardığı düşünülmüş siyasət  nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Onlara qarşı təcrid siyasəti uğurla aparılır və bu  siyasət ərazi bütövlüyümüz tam təmin olunana qədər davam edəcəkdir.
2016-cı ilin Aprel döyüşləri və qazandığımız böyük qələbə, 2018-ci ilin mayında Naxçıvan əməliyyatı və minlərlə hektar torpağın işğalçılardan azad edilməsi - bütün bunlar Azərbaycan Ordusunun döyüş qabiliyyətini göstərir. Qarşı tərəf bunu bilir və onların bu gün beynəlxalq təşkilatlara müraciəti, əslində, öz məğlubiyyətlərinin etirafıdır.
Ölkəmizin inkişafının  təməlində ölkə başçısı tərəfindən yürüdülən  həm düşünülmüş siyasət, həm güclü iradə, eyni zamanda, güclü iqtisadiyyat dayanır. Azərbaycanda güclü iqtisadiyyat qurulub, bu gün heç kimdən asılı deyilik, özümüz öz taleyimizin sahibiyik və iqtisadi sahədə böyük uğurlar əldə etmişik. Son 15 ilin göstəriciləri bunu əyani sübut edir. İqtisadi baxımdan 15 il ərzində Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur.
Cari ilin  altı ay ərzində ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz, qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 7,6 faiz, bitkiçilik 14 faiz, əhalinin pul gəlirləri 9,3 faiz, xarici ticarət dövriyyəsi 35 faiz, ixrac 34 faiz, o cümlədən qeyri-neft ixracı 20 faiz artmışdır. İqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 6,3 milyard manat əsas kapitala investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər qeyri-neft sektoru üzrə 22 faiz, qeyri-neft sənayesi üzrə isə 69 faiz artıb.
Orta aylıq əməkhaqqı illik müqayisədə 4 faiz yüksəlib, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda çalışanların əməkhaqqı, həmçinin pensiya və müavinətlər artmışdır.
67 min yeni iş yeri yaradılmışdır ki, onun da 58 mini daimi iş yerləridir. Ölkə iqtisadiyyatına 6 milyard dollar sərmayə qoyulmuşdur. İnflyasiya cəmi 3 faizdir. Xarici ticarətin müsbət saldosu 4,2 milyard dollardır. Ölkəmizin valyuta ehtiyatları 44,3 milyard dollar təşkil edir.
İlin birinci yarsında  Azərbaycanın demək olar ki, bütün şəhər və rayonları tikinti meydançasına çevrilmişdir. Həm dövlət kapital qoyuluşu, həm özəl sektor tərəfindən qoyulan investisiyalar inşaat sektorunun inkişafına böyük təkan vermişdir.
Sosial infrastruktur sürətlə inkişaf edir. Cənab Prezident qeyd etmişdir ki, qazlaşdırma bu ilin sonuna qədər 95 faizə çatacaq, plana görə 2 min kilometr yeni avtomobil yolu salınmalıdır və minimum 600 kənd yeni yollarla təmin edilməlidir. 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu il 137 modul tipli məktəb tikilib istifadəyə verilməlidir. Bakı şəhərində 12 məktəb əsaslı təmir edilməlidir. Bu il 160 milyon manat dəyərində 5 mindən çox kənd təsərrüfatı texnikası alınacaq.
Bu gün ölkədə Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi layihələrimiz var. TAP layihəsi icra edilir.  Bunlar Azərbaycanın xoş gələcəyindən xəbər verir.
Dövlət başçısı yekun nitqində  görülən işlərlə yanaşı Nazirlər Kabineti qarşısında yeni vəzifələr müəyyənləşdirdi:
     -  islahatlar daha da dərinləşdirilməlidir;
-  iqtisadi və maliyyə sektorlarında maksimum şəffaflıq təmin edilməlidir;
- vergi və gömrük orqanları dünyanın inkişaf etmiş ölkələrinin səviyyəsinə qalxmalıdır;
-  sosial təminat sahəsində şəffaflıq və ədalət tam bərqərar olmalıdır;
- azərbaycan qeyri-formal məşğulluğa qarşı çox ciddi tədbirlər görən ölkəyə çevrilməlidir;
-  dövlət xərclərinə nəzarət gücləndirilməlidir;
-   korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha ciddi aparılmalıdır.
Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan dünya miqyasında rəqabətqabiliyyətliliyinə görə 35-ci yerdədir. Yol infrastrukturunun inkişafına görə 36-cı, inkişaf edən ölkələr arasında inklüziv inkişaf indeksinə görə 3-cü yerdədir. Ümumi infrastrukturun inkişafına görə dünya miqyasında 26-cı, xalqın iqtidara dəstəyinə görə dünya miqyasında 20-ci yerdədir. Bu rəqəmlər əyani şəkildə göstərir ki, Azərbaycan hansı böyük uğurlara imza atıb.

Əvvəlki illər kimi 2018-ci il də rayonumuz üçün uğurlu il hesab olunur və cari ilin altı ayının yekunları bunu deməyə əsas verir ki, rayon iqtisadiyyatının  bütün sahələrində artım dinamikası davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və  abadlıq sahəsində işlər daha da sürətləndirilmişdir.
Cari ilin birinci yarısının  sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəricilərinə nəzər salsaq buna əmin ola bilərik.  Belə ki, hesabat dövründə    rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 75,2 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən    (62,5 mln.manat)  20,2 faiz  çoxdur.  Cari  ilin  6 ayında ötən  ilin  müvafiq  dövri  ilə  müqayisədə sənaye məhsulunun həcmi 34,8 faiz artaraq 4,4 milyon manat,    kənd  təsərrüfatı  məhsullarının həcmi 25,7  faiz  artaraq  40,6 milyon  manat,  tikinti 40,2 faiz artaraq  9,4 milyon manat təşkil etmişdir.   Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  3,7 faiz, əsas kapitala yönəldilən investisiya 37,5 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral tarixli 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, Burunqovaq kəndində inşa edilmiş modul tipli məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Şəhərin  Heydər Əliyev və Kolayır prospektlərində, Nəriman Nərimanov, Elçin Məmmədov, Arif Nəbiyev küçələrində, Kür yolunda aparılan yenidənqurma və bərpa işləri başa çatdırılmışdır. Yararsız bort daşları və tavalar sökülərək yenilənmiş, keyfiyyətsiz hasarlar yenidən hörülmüş, suvanma və  rəngləmə işləri həyata keçirilmişdir. Heydər Əliyev pprospektində və Arif Nəbiyev küçəsində hasarların “Aqlay” tava daşları ilə üzlənməsi və bərpa işləri aparılmışdır. Kolayır prospektində 54, Elçin Məmmədov küçəsində 27, Kür küçəsində 27, Nəriman Nərimanov küçəsində 8 ədəd olmaqla,ümumilikdə 116 ədəd, eyni zamanda Qarayeri qəsəbəsində 14 ədəd müasir işıqlandırıcı quraşdırılmış və abadlıq işləri həyata keçirilmişdir.
Cari ilin iyun ayında Qarayeri qəsəbəsində  ümumi sahəsi 1,5 hektar olan istirahət parkında təmir-bərpa işlərinə başlanmışdır. Parkın ətrafında hasarlama işləri başa çatdırılmış, gəzinti yollarına üzlük daşların düzülməsinə başlanmışdır. Hazırda işlər davam etdirilir.
Rayonun Çobanabdallı kəndində  yataqxana tipli, ikimərtəbəli bir bloklu, hər biri 16 mənzilli, ümumi sahəsi 2020 kv.m. olan iki binada blokların təmiri, qapı və pəncərələrin quraşdırılması işləri tam başa çatdırılmış, hər iki binada son tamamlama işləri həyata keçirilir. İstixana kəndində ikimərtəbəli, iki bloklu, hər biri 12 mənzilli, sahələri 1445 kv.m olan iki binada isə təmir-bərpa işlərinə başlanmış, hazırda işlər davam etdirilir.
Rayonun  uzunluğu 15,3 km olan İnstitut - Çobanabdallı - Lək - Sarıqaya və uzunluğu 12,7 km olan Yenikənd-Köbər-Qaraağaclı kəndlərarası avtomobil yollarında yenidənqurma və bərpa işlərinə başlanmışdır. Həmin yollarda işlər əsasən başa çatdırılmış, yeni asfalt örtüyü salınmışdır. Hazırda  Yenikənd-Köbər-Qaraağaclı yolu üzərində olan körpünün tikintisi üzrə işlər aparılır.
Azərbaycan kənd investisiya layihəsi çərçivəsində rayonun Qaraağaclı qəsəbəsində, Yenikənd, Köbər, Çobanabdallı, Qarabağlar və Sarıqaya kədlərində daxili yolların təmir-bərpa işlərinə başlamaq üçün sənədləşmə işləri başa çatmışdır. Yaxın vaxtlarda işlərə start veriləcəkdir.
6 ay ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux - Lək, Samux- İnstitut, Qaraağaclı-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 126 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq 22,3 min m3 həcmində çınqıl materialı işlədilmişdir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Vest Milk” MMC, Murovdağ Kəndli fermer təsərrüfatı, Hevandarlıq və Yemçilik müəssisəsi, “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda  155  müasir  istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 75,0  hektar təşkil edir.  Bu istixanalarda il ərzində 8000 tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların cox hissəsi MDB ölkələrinə ixrac olunur.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 6 ay ərzində 165-i daimi olmaqla 377 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 12-si Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 11 layihə üzrə verdiyi 111,0 min manat güzəştli kreditin hesabınadır.
Bununla bərabər işaxtaran vətəndaşlar arasında özünəməşğulluq proqramının həyata keçirilməsinə başlanmışdır. Bu proqrama 59 nəfər cəlb edilmiş və Beynəlxalq Əmək Təşkilatının təlimlərinə qatılmış və bir aylıq təlimlər başa çatmışdır. Onlardan 1-ci qrup üzrə  24 nəfərinin biznes planlarının müdafiəsi ilə bağlı qiymətləndirmə komissiyasının yekun nəticəsi əldə olunmuşdur. 32 nəfərdən ibarət digər qrupun nəticələri yaxın vaxtlarda məlum olacaqdır. Özünəməşğulluğun əsas istiqamətləri heyvandarlığı və xidmət sahəsini əhatə edir. Qeyd edək ki, ötən il 9 nəfərlə özünəməşğulluq layihəsi üzrə müqavilə bağlanmışdır və hazırda uğurla icra edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2018-ci  ilin  məhsulu  üçün 10675  hektar  sahədə taxıl əkilmişdir ki, onun da  6570 hektarı  buğda,  4105  hektarı isə  dən  üçün  arpadır.
Cari ildə 12141 hektar sahədə  yazlıq  bitkilərin  səpini    aparılmışdır.  Onlardan 526 hektarı şəkər çuğunduru, 2865,5 hektarı dən üçün günəbaxan,  245,0  hektarı  kartof, 710 hektarı  tərəvəz, 212 hektarı bostan bitkiləri, 359 hektarı qarğıdalı,400 hektarı pambıq və saair bitkiçilik məhsullarıdır.
01.07.2018-ci il tarixinə   sahələrdən 31458 ton taxıl məhsulu yığılmışdır ki, bununda 18308 tonu buğda, 13 150 tonu isə arpadır. Məhsuldarlıq 34,5 sent təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründəkindən (26,1 sent.) 8,4 sent. və ya 32,2 faiz yüksəkdir.
2018-ci  ilin  01 iyul  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 23 659 baş  olmuşdur. Bunlardan  ana inək və camışların  sayı  11886 baş təşkil edir. Qoyun və keçilərin  sayı isə  151087 başdır.
6 ayda 2667 ton diri  çəkidə  ət, 13125 ton süd,  4,4 milyon  ədəd  yumurta  istehsal  olunmuşdur. Heyvandarlıq mənsullarının istehsalında da  ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 56 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 46-sı istifadəyə verilmiş, 5 quyu qazılmış, digər 5 subartezian quyusunun qazılması üçün hazırlıq işləri görülür.
Bununla bərabər 2018-ci  ilin birinci yarısında 192 ədəd nasos, 27 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 172 min m3  lildən  təmizləmə, 40 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 17 ədəd hidrotexniki qurğu, 7 ədəd   hidropostlar təmir edilmiş, 8400 m2  kol-koslardan  təmizləmə  işləri  aparılmışdır. 6 ay  ərzində  Gəncə  çayında  7 min m3, Qabırrı  çayında 6 min  m3, Qoşqar çayında 4 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür. 
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2018-ci ilin birinci yarımilində Samux şəhərinin Kolayır massivində, Sərkar, Ziyadlı və Çobanabdallı kəndlərində elektrik şəbəkəsinin yenidənqurulması işləri həyata keçirilir. Kolayır massivində 10 kv-luq hava xəttinin yenidən qurulması üçün 476 ədəd dayaq basdırılaraq 83,0 km AS70 naqili çəkilmişdir.  Kolayır massivində 11, Sarıqaya kəndində 1, Yuxarı Ağasıbəyli kəndində 1, Aşağı Ağasıbəyli kəndində 1 ədəd, ümumilikdə 14 ədəd yeni kompleks transformator məntəqəsi (KTM) quraşdırılmışdır. Eyni zamanda Sərkar kəndinin girişində 1 ədəd 6/10 kv-luq 2,5 MVA gücündə transformator quraşdırılmışdır. Sərkar, Ziyadlı, Çobanabdallı və Burunqovaq kəndlərində ümumilikdə 7,3 km SİP  naqil çəkilmişdir. Yeni abonentlərə 325 ədəd sayğac dəsti quraşdırılmışdır.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövründə  rayonun abonentlərin fasiləsiz və normal təbii qazla təmin olunması məqsədilə müvafiq təmir-bərpa işləri həyata keçirilmişdir. Lək və Hacıalılı kəndlərini təbii qazla təmin edən xəttin dəyişdirilməsi istiqamətində işlər davam etmiş, xəttin 9,0 km hissəsində işlər başa çatmaq üzrədir. 6 ay ərzində 114 yeni abonent təbii qazla təmin edilmiş, 232 qaz sayğacı yenisi ilə əvəz olunmuşdur.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 91,51 faizi, təbii qazın dəyərinin 128,6 faizi yığılmışdır.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətlər göstərir ki, əhalinin elektirik enerjisi və təbii qazla təminatında  müəyyən problemlər hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2018-ci  ilin birinci  yarısında   Samux  Rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə 284 ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 30 ədəd (314 ədəd) və ya 9,6 faiz azdır.  Müraciətlərdən 102-ı (119) yerli  sakinlərdən, 182-si (195) isə respublikanın   yuxarı  təşkilatlarından  olmuşdur. Rüb ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər müəyyən olunmuş müddətlərdə  yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir. Eyni zamanda rayon İcra Hakimiyyətinin elektron poçtuna, saytına və  qaynar xəttə daxil olan müraciətlər təxirəsalınmadan araşdırılmış, nəticəsi barədə vətəndaşlar məlumatlandırılmışdır.
Birinci yarımildə rayon İcra Hakimiyyətinin başçısı   tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində 23 səyyar  qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 69 müraciət  edilmişdir.  Müraciətlər  əsasən    yolların  təmiri,  yeni  yaşayış  massivlərinin  elektrik  enerjisi  və  təbii  qazla  təminatı, torpaq, suvarma suyu  ilə   təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı  olmuşdur.  Müraciətlərin 60-ı (86,9 %)  icra  edilmiş, 9-ü (13,1%)  hazırda  icradadır.
2018-ci  ilin ikinci yarısında  qarşımızda  yerinə  yetiriləsi vacib olan  daha  böyük  vəzifələr  durur.  Nazirlər  Kabinetinin  2018-ci  ilin  birinci yarısının  sosial-iqtisadi  inkişafının  yekunlarına  və qarşıda duran vəzifələrə  həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu  vəzifələri  yerinə  yetirmək  üçün bütün imkanlarımızı səfərbər etməliyik: 
- Qarşımızda duran ən vacib məsələlərdən  birincisi ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafına göstərilən diqqət və qayğıya layiqincə cavab vermək,  bu imkandan maksimum yararlanaraq rayon  iqtsadiyyatının əsasını təşkil edən  kənd təsərrüfatı məhsullarının istehsalının genişləndirilməsi;
     - Başlanmış işlərin müvəffəqiyyətlə başa çatdırılması;
- Tikinti - quruculuq işlərinin  davam etdirilməsi;
- Şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdəndir və bu sahədə müvafiq işlər aparılır;
- Rayonun 14 yaşayış məntəqəsini əhatə edən mərkəzləşdirilmiş içməli su sisteminin çəkilişinə başlanmışdır ki, onuda uğurla başa çatdırmalıyıq;
     -  Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi  həyata keçirilməsi əsas vəzifələrdəndir.
      Eyni zamanda əhalinin məşğulluğunun təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılması istiqamətində də işlər görülür.

Keçidlər