YAP Samux rayon təşkilatında Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyi münasibətilə Gənclər Birliyinin tədbiri keçirildi.
24 May 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatında Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin100 illiyinə həsr edilmiş “Azərbaycanın bugünkü inkişaf mənzərəsi və tarixi köklərə söykənən dövlətçilik ənənələri ” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək bildirdi ki, çoxəsrlik dövlətçilik ənənələrinə malik olan ölkəmizdə 28 may 1918-ci ildə bütün türk dünyasının ilk müstəqil Respublikası doğuldu. Butövlükdə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxdı. Millətimizin demokratik respublika quruculuğundakı ilk tarixi təşəbbüsü və uğuru bütün sonrakı dövrlərdə Azərbaycanın dünya siyasi sistemində suverenlik hüququnu şərtləndirən taleyüklü tarixi bir amil idi.
Tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının Gənclər Birliyinin üzvləri: Dilarə Əsgərova- İnstitut qəsəbə tam orta məktəbin müəllimi, Sevinc Məmmədova - Qarayeri 1 sayli məktəb-liseyin müəllimi, Şükür Əhmədov - Alabaşlı tam orta məktəbin müəllimi, Xədicə Qasımova- YAP Gənclər Birliyinin fəal üzvü də tədbirin əhəmiyyətindən danışdılar. Bildirildi ki, əsrin əvvəllərində itirdiyimiz müstəqilliyimiz əsrin sonunda – 1991-ci ildə bərpa olundu. Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi xalqımızın tarixi yaddaşını özünə qaytardı, müstəqillik arzularının gerçəkləşməsinə və möhkəmlənməsinə zəmin yaratdı. Azərbaycan Xalq Cümhuriyyəti yalnız Azərbaycanın deyil, türk dünyasının, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biridir.
Tədbirdə YAP Samux rayon təşkilatının sədr müavini Şəmistan Yusifov və Şura üzvü Rahil Həsənov da çıxış edərək vurğuladılar ki, yaranmasının 100-cü ilini böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi hər zaman xalqımız tərəfindən böyük ehtiramla yad edilir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası möhkəm və sarsılmaz təməl üzərində hərtərəfli inkişaf dövrünü yaşayır. 20-ci əsrin sonlarında təkrar müstəqilliyini əldə edən Azərbaycan dövləti böyük uğurlara imza ataraq, dünya birliyində mühüm yer tutaraq etibarlı tərəfdaşa çevrilib və bir çox ölkələr üçün nümunədir.
Tədbiri Gündüz Bayramov yekunlaşdıraraq bir daha vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir. 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır.