Samux rayonunda Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş məktəblərarası intellektual viktorina keçirildi.
23.05.2018-ci il tarixdə YAP Samux rayon təşkilatının və Samux rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş məktəblərarası intellektual viktorina keçirildi. Azərbaycanın zəngin tarixinin öyrənilməsi və maarifləndirici yarışlara marağın artırılması məqsədilə təşkil olunmuş intelektual yarışda rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri iştirak edirdilər. Bilik yarışmasının sualları orta məktəbin “Azərbaycan tarixi” fənni proqramına uyğun olaraq hazırlanmışdır.
Viktorina Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Tədbiri giriş sözü ilə açan YAP Samux Rayon Təşkilatının sədri Gündüz Bayramov AXC-nin 100 illik yubileyinin keçirilməsi haqqında ölkə prezidenti İlham Əliyevin 2017-ci il 16 may tarixli sərəncamını yada salaraq, yubileyin keçirilməsinə dair tədbirlər planına uyğun olaraq “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində bütün elm-təhsil müəssisələrində, dövlət və özəl qurumlarda silsilə tədbirlərin təşkil olunduğunu vurğuladı. Belə tədbirlərdən birinin bu gün Samux şəhər 3 saylı tam orta məktəbdə baş tutduğunu deyən G.Bayramov bu tarixi günün əhəmiyyəti barədə məlumat verdi. O, AXC-nin tarixindən danışaraq, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə böyük töhfələr verdiyini qeyd etdi. Çıxışının sonunda Gündüz Bayramov yarış iştirakçılarına uğurlar arzuladı.
Sonra Samux rayon Təhsil şöbəsinin müdiri Gülağa Hüseynov da dövlət başçısının 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsini tarixi hadisə kimi qiymətləndirərək, bu qərarın Azərbaycan xalqının dövlətçilik tarixinə, dövlətçilik ənənələrinin qədimliyinə, zənginliyinə verilən yüksək dəyər olduğunu tədbir iştirakçılrının nəzərinə çatdırdı və “İntellektual viktorina” –nın iştirakçılarına uğurlar arzuladı. Viktorina açıq elan olundu.
İştrakçılara aparıcı tərəfindən verilən suallar monitorda slayd vasitəsilə müşaiyət olunurdu. İntelektual yarışda komandaların cavabları rayon Təhsil şöbəsinin inspektorlarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Qızğın mübarizə şəraitində keçən yarışda öz bilik səviyyəsi ilə digər məktəblərdən fərqlənən Lək kənd tam orta məktəbin komandası I yerə, Samux şəhər 2saylı tam orta məktəbin komandası II yerə, İnstitut qəsəbə tam orta məktəbin komandası III yerə layiq görüldülər. Qalib gələn hər üç komandaya Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.
Sonda iştirakçı məktəblərin tarix müəllimələri “Azərbaycan tarixi” mövzusunda keçirilmiş viktorina haqqında fikirlərini və təşkilatçılara minnətdarlığını bildirdilər