Samuxda torpaqların real vəziyyətini əks etdirən uçot sistemi istifadəyə verilib
Azərbaycanda uğurla reallaşan Torpaqların Elektron Kadastr Uçotu işlərinin nəticələrinin Samux rayonunda praktiki istifadəsi reallaşıb. Rayonda artıq torpaqların real vəziyyətini əks etdirən uçot sisteminin istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 21-də Samux rayonunda regional forum keçirilib.
Komitədən AZƏRTAC-a bildirilib ki, rayonda görülən işlərin nəticələrini əks etdirən məlumatlar elektron şəkildə müvafiq icra hakimiyyəti orqanlarına verilib. Tədbirdə komitənin, rayon icra hakimiyyətinin, bələdiyyələrin, aidiyyəti dövlət qurumlarının nümayəndələri, torpaq və daşınmaz əmlak mülkiyyətçiləri, icarəçiləri, media nümayəndələri iştirak ediblər.
Belə tədbirlərin keçirilməsində əsas məqsəd, torpaqların real vəziyyətini əks etdirən məlumatın nümayişi, əldə edilən nəticələrin izahı, o cümlədən bu işlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaq, torpaqların düzgün şəkildə istifadəsi ilə bağlı tövsiyələrin verilməsidir.
Qeyd edək ki, Samuxda aparılan torpaq uçotu işləri nəticəsində rayonun torpaqlarının ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib. Həmçinin bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Torpaqların uçotu işi Samux rayonunun bələdiyyə hüdudları daxilində 40 min hektar torpaq sahəsinin mövcudluğunu müəyyən etməyə imkan verib. Bunun da 18 min hektara yaxını əkin, 1300 hektarından artığı çoxillik əkmələr təşkil edir. Aparılan işlər nəticəsində məlum olub ki, ümumilikdə rayonda pay torpaqlarının 80 faizə yaxını 1 hektardan artıq deyil. Bu isə daha çox məhsuldarlığın əldə edilməsi üçün torpaqların birləşməsini zəruri edir. Belə ki, hər bir şəxsin öz kiçik həcmli torpağını birləşdirərək vahid məhsul əkini üçün istifadə etməsi daha sərfəlidir. Uçot işinin nəticələri göstərir ki, rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlarda 22 hektar ərazidə 280 ədəd təyinatına uyğun olmayan tiklilər mövcuddur. Əvvəllər torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 15 min hektara yaxın əkin sahəsi olub. Ancaq aparılan işlər zamanı məlum olub ki, bu rəqəm daha artıq - 18 min hektara yaxındır. Bu isə daha çox torpaqların əkinə cəlb edilməsi deməkdir.
Bildirilib ki, sistemdə rayon torpaqlarının dəqiq sərhədləri, həndəsi ölçüləri, konfiqurasiyası, koordinatları, mülkiyyət mənsubiyyəti, kateqoriyası, mühafizə zonaları, kadastr xəritələri, keyfiyyət və iqtisadi göstəricilər və digər məlumatlar yer alıb. Bununla torpaqlarının kadastr göstəriciləri ilə onların yerdəki faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluq aradan qaldırılır.
Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır.
Bələdiyyələr isə onların hesabında olan torpaqların dəqiq sərhədləri, miqyası, istifadə təyinatı barədə məlumat əldə edəcəklər. Bununla vətəndaşlara təyinatı üzrə torpaqların ayrılması və kateqoriyası üzrə istifadəsi, o cümlədən verginin toplanması işi sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparılacaq.
Bu işlərlə paralel olaraq rayonun torpaq xəritəsi, rayonun yay otlaqlarının geobotaniki xəritəsi, rayonun torpaqlarının eroziya xəritələri də tərtib edilib. Bununla hansı ərazilərin münbit olduğunu, hansı torpaqların şorlaşmaya məruz qaldığını müəyyən etmək olur. Kəndli isə alacağı torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilir, torpağın aqrar sahədəki yararlılıq dərəcəsi mülkiyyətçiyə bəlli olur.
Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar isə yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılıb.