Samux rayon Burunqovaq kənd ümumi orta məktəbi üçün yeni modul tipli məktəb binası istifadəyə verilib
Samux Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən Burunqovaq kənd ümumi orta məktəbi üçün Təhsil Nazirliyi tərəfindən tikilmiş yeni modul tipli məktəb binasının istifadəyə verilməsi ilə bağlı açılış mərasimi keçirilib.
Açılış tədbirində ilk olaraq Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək ölkə başçısının bütün sahələrə olduğu kimi təhsil sahəsinə də göstərdiyi qayğı və diqqətdən söz açıb. Daha sonra Samux Rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov çıxış edərək şagirdlər üçün yaradılmış mükəmməl şəraitli məktəb haqqında fikir və təəssüratlarını bildirib. Tədbirdə rayon İcra Hakimiyyəti, Samux RTŞ-si əməkdaşları və rayon ictimaiyyəti nümayəndələri iştirak edib.
80 yerlik tutumu olan və 3 korpusdan ibarət modul tipli məktəbdə 8 tədris üçün otaq, 1 müəllimlər otağı, qarderob, 2 sanitar qovşaq mövcuddur.
Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin ötən ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə Prezidenti cənab İlham Əliyevin 2017-2018-ci illərdə qəzalı vəziyyətdə olan məktəblərin modul tipli məktəblərlə əvəz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq respublika ərazisində belə məktəblər quraşdırılır.
Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması ilə yanaşı, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Həmçinin qəzalı vəziyyətdə olan təhsil müəssisələrində təmir-tikinti işləri aparılarkən tədris prosesinin dayandırılmaması məqsədilə səyyar modul tipli məktəblərin quraşdırılması da nəzərdə tutulur.
Qeyd edək ki, Burunqovaq kəndi rayon mərkəzindən 72 km uzaqda Gürcüstan Respublikası ilə sərhəddə yerləşən ucaq kənddir.