Samuxda pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması məqsədi ilə məktəblərarası görüş keçirilib
Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 nömrəli “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması“ barədə əmrinə əsasən Samux şəhər 2 nömrəli tam orta məktəb ilə Goranboy rayon 2 nömrəli tam orta məktəb və Samux rayon İnstitut qəsəbə tam orta məktəb arasında əməkdaşlıq yaradılıb.
Əməkdaşlıq çərçivəsində həyata keçirilən görüşlərdən biri şəhər 2 nömrəli tam orta məktəbdə həyata keçirilib. Goranboy rayon 2 nömrəli tam orta məktəbin və rayondaxili əməkdaşlıq edilən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin nümayəndələri Samux şəhər 2 nömrəli tam orta məktəbdə olublar.
Tədbirlər planına əsasən IIa sinfində Nərmin Ələkbərova tərəfindən “Azərbaycan dili” fənni üzrə nümunəvi dərs, Xa təmayül sinfində isə rayonun əməkdar tarix müəllimi Səlminə Məmmədova tərəfindən açıq dərs keçirilib. Keçirilən nümunəvi dərslər dərsin mərhələlərinə uyğun şəkildə təşkil olunub. Hər iki dərsin motivasiyası, dərsin gedişi, şagirdlərin fəallığı, hazırcavablığı dinləyicilər tərəfindən müzakirə edilib.
Sonda ”31 Mart Azərbaycanlıların soyqırımı”, ”Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi” və “Aprel şəhidləri”nin ildönümünə həsr edilmiş “Nələr çəkmiş başın sənin Azərbaycan“ adlı vətənpərvərlik mövzusunda tədbir keçirilib.