Samuxda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirildi.
19 mart 2018-ci il tarixində Samux rayonunda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumrayon şənliyi keçirilmişdir. Şənlik Heydər parkında təşkil edilmişdir. Rayon İcra hakimiyyəti tərəfindən təşkil edilmiş şənlikdə rayonda fəaliyyət göstərən bütün müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi əlilləri, şəhid və aztəminatlı ailələr, idmançılar, musiqiçilər və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edirdi.
Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi Novruz bayramı münasibəti ilə təbrik etdi. Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Sonra cənab başçı bayramın rəmzi Novruz tonqalını alovlandırdı. Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurdular. Cənab Alı Qocayev hər bir kollektivə yaxınlaşaraq bayram münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış oldu və onları bayram münasibəti ilə bir daha təbrik etdi. Eyni zamanda rayon idmançılarının nümunəvi çıxışlarına tamaşa etdi.
Novruz bayramının əsas personajları olan Kosa, Keçəl və Bahar Qızı atlıların müşaiəti ilə faytonda meydana daxil oldular. Kosa və Keçəl şənlik iştirakçılarını bayram münasibəti ilə təbrik etdilər.
Şənlik Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirildi.