Samuxda “Sənin səsin-sənin gələcəyin” mövzusunda gənclərlə görüş keçirilib.
Samux rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon mərkəzindən 70 km məsafədə yerləşən ucqar zona olan Eldar zonasında (Burunqovaq, Poylu, Salahlı, Kəsəmən, Qarabağlılar kəndlərində) “Sənin səsin-sənin gələcəyin!” mövzusunda gənclərlə görüş keçirilib. Tədbir ilk növbədə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.7.3 yarımbəndinin (gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili) icrasının təmin edilməsi, qarşıdan gələn seçkilərdə rayon gənclərinin fəallığının artırılması, seçkilər zamanı səsvermə hüququndan ilk dəfə istifadə edən gənclərin maarifləndirilməsi və seçkilərdə iştirakının təmin olunması məqsədi daşıyıb. Tədbirdə kənd ağsaqqalları, icra nümayəndələri 22 nəfəri ilk dəfə səs verən gənclər ümumilikdə 34 nəfər iştirakçı var idi. Tədbiri giriş sözü ilə açan Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev qarşıdan gələn seçki haqqında ətraflı məlumat verərək bildirmişdir ki, seçki hər bir ölkənin ictimai-siyasi həyatında mühüm yer tutur. Seçkilər günü 18 yaşı tamam olan və ya yaşı 18-dən çox olan bütün Azərbaycan Respublikası vətəndaşlarının seçmək hüququ vardır. 18 yaşına çatmış və fəaliyyət qabiliyyəti olan vətəndaşların hamısı seçki hüququna malikdirlər. Tədbirdə 102 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının üzvü Gəray Bayramov seçki günü səsvermə proseduru və qaydaları haqqında ilk seçicilərə ətraflı məlumat verilmişdir. Samux Rayon İcra Hakimiyyəti Aparatının aparıcı-məsləhətçisi Novruz Kazımov və aparıcısı Samir Aslanov ölkəmizdə gənclərin inkişafı istiqamətində görülən işlər, Samux rayonunun inkişafı ilə bağlı gələcək planlar, ictimai-siyasi həyatın vacib hissəsi kimi seçkilərin əhəmiyyətindən söhbət açmışdır. Kəsəmən kənd məktəb direktoru Tahir Bağırov bu zonada görülən və görülməsi nəzərdə tutulmuş dövlət proqramının icrasına görə rayon icra başçısına, zonanın gənclərinə və idmanına göstərdiyi diqqət qayğıya görə isə Samux rayon Gənclər və İdman İdarəsinə təşəkkür etdi.
Seçkinin vacib məsələ olduğunu bir daha vurğulayan məruzəçilər aprelin 11-də keçiriləcək prezident seçkilərində bütün gəncləri fəallıq nümayiş etdirməyə çağırıblar.