Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda “8 Mart-Beynəlxalq Qadınlar Bayramı Günü” münasibəti ilə tədbir keçirildi.

07 mart 2018 | 16:00

7 mart 2018-ci il tarixdə “ 8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə Samux  Rayon İcra Hakimiyyətində tədbir keçirildi. Tədbirdə Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayev, Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun ictimai-siyasi və mədəni həyatında fəallığı ilə seçilən qadınlar iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev  əvvəlcə başda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyeva olmaqla tədbirə toplaşmış qadınları və onların simasında bütün Azərbaycan qadınlarını rayon ictimaiyyəti, eləcə də öz adından təbrik etdi.
Bildirdi ki, respublikamızda olduğu kimi rayonumuzun da sosial-iqtisadi və ictimai-siyasi həyatında qadınların böyük rolu vardır. Bu da ölkəmizdə gender bərabərliyinə tarixən göstərilən müsbət münasibətdən qaynaqlanır. Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə ərazisində yaşayan bütün xalqların və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi. Bununla da, Azərbaycan Şərqdə qadınlara seçki hüququ verən ilk ölkə oldu. Müstəqil Azərbaycan Respublikası Konstitusiyası qəbul edildikdən sonra Azərbaycanda gender bərabərliyinin təmini istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. 2000-ci ildə ümummilli lider Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı.
2000-ci ildə “Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” da təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı.
2006-cı ildə isə Prezident cənab İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırıldı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev qadınların ictimai-siyasi fəaliyyətinin artırılmasına xüsusi önəm verir. Azərbaycan qadını artıq cəmiyyətimizdə öz layiqli yerini tutmuşdur. Bu gün Azərbaycan qadınının səsi-sorağı dünyanın müxtəlif ölkələrindən, ali məclislərindən gəlir.
Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verərək demişdir: "Qadınlar cəmiyyətin bəzəyidir, gözəlliyidir. Qadınsız cəmiyyət ola bilməz, qadınsız həyat ola bilməz. Azərbaycan qadınları da öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə, eyni zamanda gözəlliklərinə görə dünya qadınları içərisində özünəməxsus və çox yüksək yer tuturlar. Ona görə də biz qadınlarımızla fəxr edirik".

Ötən il ölkəmizdə çox əlamətdar bir hadisə də baş vermişdir. Belə ki, Azərbaycan Respublikasının birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva ölkə Başçısı cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmuşdur. Bu, Azərbaycan qadınının tutduğu ən yüksək dövləti vəzifələrdən biridir. Fəxrlə deyə bilərik ki, Azərbaycanın Birinci vitse-prezidenti , ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın haqq-ədalət, humanizm, xeyriyyəçilik və bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan qadınları, eləcə də dünya qadınları üçün əsl örnəkdir.
Digər çıxış edənlər Samux  Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayevin  rayonun fəal qadınlarının əməyinə hər zaman verdiyi qiyməti, göstərdiyi diqqət və qayğını  yüksək dəyərləndirdilər. Bayram tədbirində  əlamətdar gün münasibətilə bütün Azərbaycan xanımlarının  ünvanına xoş sözlər deyildi, səmimi arzular bildirildi.
Bayram tədbirinin sonunda qadınlara qiymətli hədiyyələr verildi

Keçidlər