Şriftin ölçüsü :

Saytın rəngi :

2017- ci ildə Samux rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

28 fevral 2018 | 16:00

 

2017-ci ilin yanvar-dekabr aylarının makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının daha da dinamik inkişaf etdiyini göstərir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əmək haqqı xeyli yüksəlmişdir.
2017-ci ilin məhsulu üçün rayon üzrə 12361 ha payızlıq taxıl səpini aparılmışdır. Bu ötən ilin müvafiq dövrünə nisbətən 4441 ha və ya 56,1% çoxdur. Bu ilin məhsulu üçün 7844 ha sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu ötən ilin müvafiq dövrünə nisbətən 2072 ha və ya 35,8% çoxdur. Yazlıq səpinin 356 ha və ya 4,5%-i çoxillik otlar, 134 ha və ya 1,7% kartof, 675 ha və ya 8,6% tərəvəz, 3618 ha və ya 46,3% günəbaxan, 1194 ha və ya 15,2% şəkər çuğunduru, 241 ha və ya 3,1% yazlıq arpa, 154 ha və ya 1,9% yazlıq buğda, 24 ha və ya 0,3% paxlalılar, 20 ha və ya 0,3% çəltik, 53 ha və ya 0,6% pambıq, 490 ha və ya 6,2% soya, 303 ha və ya 3,9% qarğıdalı, 250 ha və ya 3,2% bostan, 287 ha və 3,7% tərəvəz toxumu, 45 ha və ya 0,5% yem üçün şəkər çuğunduru olmuşdur. 
          Hesabat dövründə 8306 ha taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 22873 ton məhsul yığılmışdır. Məhsuldarlıq orta hesabla 27,5 sent/ha olmuşdur.
         2017-ci ildə 17417 ton meyvə istehsal olunmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 1025 ton və ya 6,2% çoxdur.
        Cari ildə bundan başqa 1592 ton kartof, 12145 ton tərəvəz, 3475 ton bostan, 40 ton çəltik, 7608 ton günəbaxan, 1116 ton qarğıdalı, 53362 ton şəkər çuöunduru, pambıq 50 ton, soya 667,6 ton, 176 ton tərəvəz toxumu və s. istehsal olunmuşdur.
        2017-ci ilin sonuna 24133 baş iri buynuzlu mal, 154738 baş qoyun və keçilər mövcud olmuşdur.
        Keçən ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal 94 baş və ya 0,4% , qoyun və keçilər isə 7718 baş və ya 4,7% azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 0,6% artaraq 5514 ton, süd istehsalı 4,8% artaraq 30412 ton, yumurta istehsalı isə 6,4% artaraq, 6498 min ədəd olmuşdur. Yun istehsalı ötən illə müqayisədə 5,5% azalaraq,  327 ton olmuşdur.
          Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 75540,2 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 21,0% çoxdur.
         Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul və xidmətlərin həcmi 6744,8 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% çoxdur.
          2017-ci il ərzində fiziki şəxslər də daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 1831,3 min manatlıq mal və məhsul istehsal etmişlər ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 51,8% çoxdur. Rayon üzrə istehsal olunmuş 6744,8 min manat mal və xidmətlərin 4862,1 min manatı dövlət sektorunun, 1882,7 min manatı isə qeyri-dövlət sektorunun, o cümlədən 1036,3 min manatı isə fiziki şəxslərin payına düşür. Bu ilin hesabat dövrünün sonuna anbarlarda hazır məhsul qalıqı olmamışdır.
          Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 10294 min manatlıq  təmir- tikinti işləri aparılmışdır. Bu isə ötən illə müqayisədə  9 dəfə çoxdur.  
      Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 39895,2 min manat olmuşdur. O cümlədən sənayeyə 1205,4 min manat, kənd təsərrüfatına 2028,9 min manat, tikintiyə 31466,8 min manat, rabitəyə 861,0 min manat, nəqliyyata 3430,0 min manat, sosial sahəyə 903,1 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 35489,1 min manatı istehsal təyinatlı, 4406,1 min manatı isə qeyri-istehsal təyinatlıdır. 28084,5 min manat əsas fondlar istifadəyə verilmişdir.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  19 avqust 2017-ci il tarixində tikintiləri başa çatmış Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux və Zazalı-“İmamzadə” avtomobil yollarının açılışlarında iştirak etmişdir. 23 min nəfər əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi ölkə başçısının 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilmişdir. Uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və 2 aşırımlı körpü tikilmiş və  16 yerdə avtobus dayanacağı quraşdırılmışdır.            Yol nişanlarının qoyulması, üfiqi və şaquli nişanlama xətlərinin çəkilməsi, siqnal dirəklərinin qoyulması həyata keçirilmişdir.
  Uzunluğu 19 kilometrdən çox olan Zazalı-“İmamzadə”  yolunun tikintisi zamanı  Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək.
Hesabat dövründə eyni zamanda uzunluğu 5 km olan Samux-Gəncə respublika əhəmiyyətli  avtomobil yolu əsaslı təmir edilmiş, “İmamzədə”-Əhmədbəyli yolunda (5,2 km) cari təmir işləri aparılmışdır. Samux-Yenikənd yoluna 2,8 km, Lək-Gəncə yoluna 1,5 km uzunluğunda yeni asfalt örtüyü çəkilmişdir.
Azərbaycan kənd investisiya layihəsi çərçivəsində rayonun Alabaşlı qəsəbəsində 9 km, Alıuşağı kəndində 12,5 km, Zazalı, Tatlı, Qiyaslı kəndlərində 12,5 km daxili küçə və yollarda təmir-bərpa işləri aparılmış, su keçidləri yenilənmişdir. Layihə çərçivəsində Lək kəndində daxili yolların təmiri işləri başa çatmışdır. Yaxın vaxtlarda Əlibayramlı, Çobanabdallı, Qarabağlar və Yenikənd kəndlərində  daxili yolların təmiri işlərinə başlanacaqdır.
Cari ildə Gəncə çayı üzərində rayonun Qarabağlar və Əhmədbəyli kəndlərini birləşdirən körpü tikilib istifadəyə verilmişdir.
   Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 46 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 41-i istifadəyə verilmişdir. Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
   Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövrü ərzində rayonun Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək rənglənmişdir. Sərkar, Çobanabdallı və Əlibayramlı kəndlərində bir ədəd qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yol kənarında olan qaz xətləri əsaslı təmir edilmişdir.  Hesabat dövründə 260 yeni abonent təbii qazla təmin edilmiş, 679  qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
   İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 87,02 faizi, təbii qazın dəyərinin 93,8 faizi yığılmışdır. 
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində  rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, rayon üzrə  təmirə ehtiyacı olan 9  çoxmənzilli yaşayış binalarında təmir bərpa işlərinə başlanmışdır ki, onlardan 1 bina Samux şəhərində, 6 bina Qarayeri qəsəbəsində, 2 bina isə İstixana kəndində yerləşir. 
       Samux şəhərində 16 mənzilli, ikimərtəbəli binanın 1064 kv.m. dam örtüyü tam yenilənmişdir. Blokların girişinə  3 ədəd dəmir qapı, 3 ədəd plastik pəncərə quraşdırılmış və fasadı suvanmışdır.
Qarayeri qəsəbəsi Cavad Məmmədov küçəsində yerləşən 8 mənzilli,  ikimərtəbəli binanın 470 kv.m.  və həmin küçədə  6 mənzilli , ikimərtəbəli binanın 420 kv.m. və İstixana kəndində yerləşən 12 mənzilli, ikimərtəbəli  iki binada dam örtüyünün  yenilənməsi başa çatmışdır. Hazırda binaların  hamsında işlər başa çatmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 21.08.2017-ci il tarixli 3176 saylı Sərəncamı ilə  ayrılmış vəsait hesabına rayonda 59  ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasadlarında suvaq işləri aparılmış və rənglənmişdir. Həmin binaların bloklarında cari təmir təmir işləri həyata keçirilmişdir.
Eyni zamanda Samux şəhərinin Elçin Məmmədov və Arif Nəbiyev küçələrində, Heydər Əliyev prospektində, Samux-Yenikənd yolunda təmir bərpa işləri başlanmışdır. Hazırda işlər davam etdirlir.
  Hesabat dövründə rayonun  Alabaşlı qəsəbəsi, Zazalı, Alıuşağı, Tatlı, Qiyaslı  yaşayış məntəqələrinin ümumilikdə 34 km olan  daxili yollarında çınqıl materialı ilə  təmir bərpa işləri görülmüş, Alabaşlı qəsəbəsində 2 ədəd, Alıuşağı kəndində 2 ədəd, Zazalı kəndində isə 3 ədəd yeni dayanacaq quraşdırılmışdır.
Hesabat dövrü ərzində Burunqovaq kənd ümumi orta məktəbi üçün modul tipli 80 şagird yerlik məktəb binasının tikintisi əsasən başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Əhmədbəyli kəndində fəaliyyət göstərən 80 yerlik uşaq bağçası yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilmişdir. 
      Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün  müvafiq sərəncama uyğun olaraq 3,24 hektar təmizləyici qurğuya və 2,22 hektar su anbarının inşa edilməsinə torpaq sahəsi ayrılmışdır. Yaxın vaxtlara təmizləyici qurğu və su anbarının tikintisinə başlanması nəzərdə tutulur.
      Bundan başqa iri taxılçılıq təsərrüfatlarının yaradılmsı məqsədilə “Region Samux” və Goranboy rayonları  ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi  məqsədi ilə rayonun Əhmədbəyli kəndi ərazisindən 12 km uzunluğunda  1600 mm diametrli boru ilə su xəttinin çəkilməsi istiqamətində işlər davam etdirilir. Xəttin 9,4 km-i kompozid, 2,6 km-i isə dəmir boru ilə çəkiləcəkdir. Tutumu 100 min kub m. olan su ambarının tikintisi üçün qazıntı işləri aparılmışdır.
       Samux Elektrik Şəbəkəsinin yeni inzibati binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
      Samux Telekommunikasiya Qovşağının inzibati binasının tikintisi başa çatdırılmışdır və yaxın günlərdə istifadəyə veriləcəkdir.
       Bu ilin hesabat dövrü ərzində sərnişin daşınması 2,0% artaraq, 9372 min  nəfər olmuşdur.
       Mal və xidmətlərin həcmi isə 3,8% artaraq, 3029,7 min manata çatmışdır.
       Hesabat dövründə sərnişin dövriyyəsi 65604 min sərnişin km olmuşdur.
       Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə 56 ədəd yeni telefon çəkilmiş və beləliklə telefon aparatlarının sayı 8341 ədəd olmuşdur.
       Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 702,5 min manat olmuşdur. Bu ötən ilin müvafiq dövrünə nisbətən 3,2% çoxdur.
       
        2017-ci ilin hesabat dövründə rayon üzrə pərakəndə əmtəə dövriyyəsi 111984,2 min manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 0,3% çoxdur. Aylıq adambaşına düşən əmtəə dövriyyəsi 161,3 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq əmtəə dövriyyəsinin 55,8%-i qədərdir.         
        Cari ilin müvafiq dövrü ərzində iaşə əmtəə dövriyyəsi 3575,3 min manat olmuşdur.
        Pərakəndə əmtəə dövriyyəsinin 70774,0 min manatı və ya 63,2%-i ərzaq mallarının, 41210,2  min manatı və ya 36,8%-i  isə qeyri- ərzaq mallarının payına düşür.
         2017-ci ilin hesabat dövründə rayon üzrə əhaliyə cəmi 27350,4 min manatlıq pullu xidmət göstərilmişdir. O, cümlədən 2364,4 min manat və ya 8,6% məişət xidməti göstərilmişdir.
         Fiziki şəxslər tərəfindən 21752,2 min manat və ya ümumi həcmin 79,5%-i  qədər pullu xidmət göstərilmişdir.
         2017-ci ilin hesabat dövründə muzdla çalışan işçilərin orta siyahı sayı 5499 nəfər, həmin işçilərə hesablanmış əmək haqqı fondunun məbləği 18555,2 min manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq əmək haqqının  məbləği 281,2 manat olmuşdur.

Samux Rayon Statistika İdarəsi

Keçidlər