Ötən il Samuxda kənd təsərrüfatı məhsullarının istehsalı 21 faiz artıb
Ötən il Samux rayonunun sosial-iqtisadi inkişafında əldə edilən yüksək nəticələrlə və mühüm hadisələrlə tarixə düşüb. 2017-ci il avqustun 19-da Prezident İlham Əliyev Samuxa sayca üçüncü səfərini edib, rayonun sosial-iqtisadi inkişafı, aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olub, tövsiyələrini verib. Bu səfər çərçivəsində dövlətimizin başçısı Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının, Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında, Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində, Zazalı- “İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib, Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub, rayon ictimaiyyəti ilə görüşüb.
Keçən il rayon iqtisadiyyatının bütün sahələrində müsbət nəticələr əldə olunub, tikinti-quruculuq, abadlıq işləri davam etdirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Samux rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında danışılıb.
Rayon icra hakimiyyətinin başçısı Alı Qocayevin məruzəsində qeyd olunub ki, 2017-ci ildə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 162,6 milyon manat olub. Bu da ötən ildəkindən 41,6 faiz çoxdur. Kənd təsərrüfatı məhsullarının istehsalı 21 faiz artaraq, 75,5 milyon manat, sənaye məhsulunun həcmi 12,6 faiz artaraq, 6,7 milyon manat, tikinti məhsullarının həcmi isə 3,6 dəfə artaraq 39,4 milyon manat təşkil edib.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı layihəsinə uyğun olaraq şəhərin Kür və 28 May küçələrində inşa edilmiş iki körpələr evi-uşaq bağçası istifadəyə verilib. Hər biri 100 yerlik olan körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması ilə 46 yeni iş yeri yaradılıb. Həmçinin ötən il Əhmədbəyli kəndində fəaliyyət göstərən 80 yerlik uşaq bağçası yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib.
Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC, “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 200-dən çox istixana yaradılıb ki, onların da ümumi sahəsi 65 hektardan çoxdur. Bu istixanalarda 5 min tondan çox faraş tərəvəz yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
Məruzə və çıxışlarda uğurlarla yanaşı, problemlər də sadalanıb, onların həlli üçün təkliflər irəli sürülüb.
Prezident Administrasiyasının məsul işçisi Əlibaba Əliyev hesabat yığıncağında çıxış edib. Çıxışda “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasından, aqrar sektorda aparılan islahatlardan, ixracyönümlü məhsulların istehsalındakı müsbət dinamikadan söz açılıb, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələr diqqətə çatdırılıb.
Hesabat yığıncağının sonunda qərar layihəsi qəbul olunub, toplantı iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib.