Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.

09 fevral 2018 | 16:00

Daha bir ili də uğurla başa vurduq. 2017-ci il   rayonumuzun sosial-iqtisadi inkişafında əldə edilən yüksək nəticələrlə və mühüm hadisələrlə    tarixə düşdü. 2017-ci ildə ən mühüm hadisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza üçüncü səfəri oldu. 19 avqust 2017-ci il tarixində rayonumuzda səfərdə olan möhtərəm Prezident   rayonun inkişafı, aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olaraq, öz dəyərli tövsiyələrini verdi. Bu səfər çərçivəsində  ölkə başçısı: - Heydər Əliyev Fondunun təşəbbüsü ilə Samuxda inşa olunmuş 100 yerlik körpələr evi-uşaq bağçasının, - Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun açılışında, - Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində, - Zazalı-“İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun açılışında iştirak edib, -Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olmuş və rayon ictimaiyyəti ilə görüşmüşdür.
Ötən il rayonumuzda  bütün sahələrdə yaxşı nəticələr əldə edilmiş, tikinti-quruculuq, abadlıq  işləri davam etdirilmişdir. Rayon iqtisadiyyatının bütün sahələrində əsasən müsbət nəticələr əldə olunmuşdur.  2017-ci  ilin sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəricilərinin  təhlili bunu deməyə əsas verir. Belə ki, 2017-ci ildə rayon üzrə:
-  Ümumi  məhsul  buraxılışının həcmi 162,6 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ildəkindən    41,6  faiz  çoxdur.
-  Kənd təsərrüfatı məhsullarının həcmi 21,0 faiz artaraq,  75,5 milyon  manat,
-    Sənaye məhsulunun həcmi 12,6 faiz artaraq,  6,7 milyon manat
-    Tikinti 3,6 dəfə artaraq  39,4 milyon manat,
-  Əsas kapitala yönəldilən investisiyanın həcmi 3,4 dəfə artaraq 39,9 milyon manat təşkil etmiş, 
-   Pərakəndə  əmtəə  dövriyyəsi  14,3 faiz,
-   Əhalinin  gəlirləri  7,5  faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 18 saylı Fərmanı  ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Samux rayonunda çoxmənzilli binaların əsaslı təmiri və abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 21.08.2017-ci il tarixli 3176 saylı Sərəncamı ilə  ayrılmış vəsait hesabına rayonda 59  ədəd çoxmənzilli yaşayış binasının dam örtüyü dəyişdirilmiş, fasadları suvanaraq, rənglənmiş və bloklarında cari təmir  işləri aparılmışdır. Bütün binaların ətrafında abadlıq işləri        həyata keçirilmişdir. Binaların  1-i Samux şəhərində, 7-si  İstixana, 1-i Əhmədbəyli kəndlərində, 50-si isə İnstitut qəsəbəsində yerləşir.
Sərəncama müvafiq olaraq, Samux şəhərinin Elçin Məmmədov və Arif Nəbiyev küçələrində, Heydər Əliyev prospektində, Samux-Yenikənd yolunda təmir bərpa işlərinə  başlanmışdır. Hazırda işlər davam etdirilir.
Eyni zamanda   təmirə ehtiyacı olan 9  çoxmənzilli yaşayış binalarında təmir bərpa işləri aparılmışdır ki, onlardan bir  bina Samux şəhərində, altı bina Qarayeri qəsəbəsində, iki bina isə İstixana kəndində yerləşir. 
Samux şəhərində 16 mənzilli, ikimərtəbəli binanın 1064 kv.m. dam örtüyü tam yenilənmişdir. Blokların girişinə  3 ədəd dəmir qapı, 3 ədəd plastik pəncərə quraşdırılmış və fasadı suvanmışdır.  Qarayeri qəsəbəsi Cavad Məmmədov küçəsində yerləşən 8 mənzilli,  ikimərtəbəli binanın 470 kv.m.  və həmin küçədə  6 mənzilli , ikimərtəbəli binanın 420 kv.m. və İstixana kəndində yerləşən         12 mənzilli, ikimərtəbəli  iki binanın dam örtüyü  yenilənmiş, fasadlarında və bloklarında təmir-bərpa işləri başa çatmışdır.
Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident  Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı layihəsinə uyğun olaraq şəhərin Kür və 28 may küçələrində  inşa edilmiş iki Körpələr evi-uşaq bağçaları hesabat ilinin  sentyabr ayında istifadəyə verilmişdir.
Hər biri 100 yerlik olan  ikimərtəbəli binaların hər birinin   sahəsi 1135 kvadrat metrdir. Müxtəlif yaşlarda 10 qrupun  fəaliyyət göstərdiyi körpələr evi- uşaq  bağçalarında   hazırda 190 uşaq  təlim-tərbiyə alır. Burada uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, oyun zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçalarının  həyətlərində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb. Körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması ilə 46 yeni iş yeri yaradılıb ki, burada rayon sakinləri ixtisasları üzrə işlə təmin edilmişdir.
Hesabat ilində  Əhmədbəyli kəndində fəaliyyət göstərən 80 yerlik uşaq bağçası yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilmişdir. 
Burunqovaq kənd ümumi orta məktəbi üçün modul tipli 80 şagird yerlik məktəb binasının tikintisi əsasən başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin  binasında əsaslı təmir işləri görülmüşdür.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin, rayonda məskunlaşmış qaçqın ailələrinin  mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir. Ötən il  Qarayeri qəsəbəsində şəhid ailəsi üçün, İnstitut qəsəbəsində və Lək kəndində Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş fərdi evlər istifadəyə verilmişdir. Lək və Əlibayramlı kəndlərində Orta Asiya respublikalarından qaçqın düşmüş 16 ailə yeni mənzillərlə təmin edilmişdir.
Şəhərin Kür küçəsində təmir-bərpa işləri aparılmış, evlərin fasadları və divarlar rənglənmişdir. Bununla bərabər şəhərin Xəlil Rza Ulutürk küçəsində 3300 m2, Rəşid Behbudov küçəsində 1800 m2,  Babək küçəsində 600 m3,  Gənclik küçəsində 4680 m3, Azadlıq küçəsində 2400 m2, Çökək məhəllə küçəsində 2100 m2 sahələrdə asfalt örtüyü salınmış,  Talıb Əhmədov küçəsində 3000m2, Zeynalabdın Tağıyev küçəsində 9600 m2, Nəsimi küçəsində 2400 m2 sahələrə qum-çınqıl qarışığı verilərək hamarlama işləri aparılmışdır. Şəhərin yeni yaşayış massivində 3117 m2  sahədə cari təmir işləri görülmüşdür.
23 min nəfər əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil  yolunun tikintisi rayon üçün böyük əhəmiyyət daşıyır. Uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və 2 aşırımlı körpü tikilmiş və  16 yerdə avtobus dayanacağı quraşdırılmışdır. Yol nişanlarının qoyulması, üfüqi və şaquli nişanlama xətlərinin çəkilməsi, siqnal dirəklərinin qoyulması həyata keçirilmişdir. Yolun keçdiyi Samux şəhərində, Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yolboyu abadlıq işləri aparılmış, həmişəyaşıl ağaclar əkilmişdir. Eyni zamanda Samux-Yenikənd yolunun kənarlarında təmizlik işləri aparılaraq ağaclar əkilmişdir.
Zazalı-“İmamzadə”   yolunun  yenidən qurulması da rayon üçün mühüm rol oynayır. Rayonun təxminən 10 km hissəsini əhatə edən bu yol rayona girişin əsasını təşkil edir və  Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu yerinə yetirir.
Hesabat dövründə eyni zamanda uzunluğu 5 km olan Samux-Gəncə respublika əhəmiyyətli  avtomobil yolu əsaslı təmir edilmiş, “İmamzədə”-Əhmədbəyli yolunda (5,2 km) cari təmir işləri aparılmışdır. Samux-Yenikənd yoluna 2,8 km, Lək –Gəncə yoluna 1,5 km uzunluğunda yeni asfalt örtüyü salınmışdır.
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun Alabaşlı qəsəbəsində 9 km, Alıuşağı kəndində 12,5 km, Zazalı Tatlı, Qiyaslı kəndlərində 12,5 km daxili küçə və yollarda təmir-bərpa işləri aparılmış, su keçidləri yenilənmişdir. Alabaşlı qəsəbəsində 2, Alıuşağı kəndində 2 və Zazalı kəndində 3 ədəd dayanacaq quraşdırılmışdır. Layihə çərçivəsində Lək kəndində daxili yolların təmiri işləri başa çatmış, yaxın vaxtlarda Əlibayramlı, Çobanabdallı, Qarabağlar və Yenikənd kəndlərində  daxili yolların təmiri işlərinə başlanacaqdır.
Hesabat dövrü ərzində  bütün  istiqamətlərdə  yolların  çiyin  hissələri  avtoqreyderlə  plana  salınmış,  torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir.  Gəncə - Samux, Samux-Lək, Samux - İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 105 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq 7,5 min m3 həcmində çınqıl materialı işlədilmişdir. Həmçinin 58 ədəd qırılmış siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir.
Rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan  sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, il ərzində        972 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır ki, onlardan da 9 hüquqi şəxsdir.
Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi  müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ”  heyvandarlıq kompleksi,  “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC ,  “Region Aqro” MMC kimi  iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda       200-dən çox istixana fəaliyyət göstərir ki,  onların da ümumi sahəsi 65 hektardan çoxdur.  Bu istixanalarda 5,0 min tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Bu məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
Samux və Goranboy rayonları  ərazisində yaradılan  aqroparkın suvarma suyu ilə təmin edilməsi  məqsədi ilə rayonun Əhmədbəyli kəndi ərazisindən     12 km uzunluğunda  1600 mm diametrli boru ilə su xəttinin çəkilmişdir. Aqroparkın inkişafı üçün iki mərhələdən ibarət layihə hazırlanıb. Layihənin birinci mərhələsində aqroparkın 2 min hektar ərazisində ABŞ-ın “Valley” şirkəti tərəfindən 24 müasir pivot suvarma sistemi qurulub. Aqropark ərazisində 100 min kubmetr su anbarı tikilib, 300 min kubmetrlik ikinci su anbarının  tikintisi isə davam etdirilir. “Region Aqro” MMC- tərəfindən cari ildə 823 hektarda payızlıq taxıl, 93 hektarda yonca səpilib, 500 hektar sahədə isə çuğundur, qarğıdalı, kartof və günəbaxan əkiləcək.
Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının ikinci növbəsinin birinci mərhələsi üzrə qurğular da daxil olmaqla 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi bu layihənin həyata keçirilməsində mühüm əhəmiyyət kəsb edir. Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmişdir. Bu layihənin icrası sayəsində  ötən  ildə Samux rayonunda 8 min hektar sahəyə suvarma suyu çatdırılıb.
Son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş - bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb.  Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb.  Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.
Respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin olunmuş enerji effektli üzüm-tərəvəz istixanası və şəhid A.Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə tətbiqi nəzərdə tutulub.
İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 49 layihə üzrə  746,5 min  manat güzəştli kredit verilmiş və bunun hesabına 86 yeni iş yeri yaradılmışdır.  2002-2017-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 715 layihə üzrə 28,7 milyon manat güzəştli kredit verilmişdir ki, bu da öz növbəsində 1911 yeni iş yerinin açılmasına imkan vermişdir.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 2017-ci il  ərzində 1057-i daimi olmaqla 7530 yeni iş yeri yaradılmışdır. Üçüncü Dövlət Proqramının icrası ərzində 4297-si daimi olmaqla 10449 yeni iş yeri yaradılmışdır. Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07.04.2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Samux rayonu üzrə Məşğulluq Mərkəzində qeydiyyatda olan aztəminatlı ailələrdən 12 nəfər təlimlərə cəlb edilmiş, onlardan 9 nəfərinin biznes-planı müsbət dəyərləndirilmişdir. 9 nəfərlə müvafiq müqavilə bağlanmış  və fəaliyyətə başlamışlar. Onlardan 1 nəfəri istixana qurmaqla, 1 nəfəri fotostudiya açmaqla, 1 nəfəri quşçuluqla, 6 nəfəri isə iribuynuzlu mal-qara saxlamaqla özünəməşğulluğu təmin edəcəkdir. Bu proqrama gələcəkdə daha çox işaxtaran cəlb olunacaqdır.
Son illərdə ölkəmizin Dövlət Büdcəsinə uyğun olaraq rayonumuzun yerli büdcəsi də ildən-ilə artır. Baza ili kimi 2006-cı ili (4202,7 min manat) qəbul etsək, son 11 ildə yerli dövlət büdcəmiz dinamik olaraq 9,8 faiz  artaraq,  2017-cı ildə 4617,0 min manat təşkil etmişdir. Rayonun yerli büdcəsinin gəlirləri 2778,0 min manat  proqnoza qarşı  2902,0 min manat, yəni 104,5 faiz yerinə yetirilmişdir. 2017-ci  maliyyə  ilində  rayonun  yerli  büdcəsi dürüstləşmələr nəzərə alınmaqla 8299,0 min  manat olmuşdur ki, 7945 min manat və ya 95,0 faiz  icra olunmuşdur. Aparılan təhlil göstərir ki, xərclərin 30,7 faizini (2441,0 min manatı) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil etmişdir. Yerli dövlət büdcəsi xərc maddələri üzrə əsasən icra edilmişdir.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan  irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə,  iqtisadiyyatının  əsasını   aqrar  sektor  təşkil  edən rayonumuzda  cari ildə  sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2017-ci  ilin  məhsulu  üçün 8653  hektar  sahədə taxıl əkilmişdir ki, ondan da  5691 hektarı  buğda,  2615 hektarı  dən  üçün  arpa, 347 ha xəsil olmuşdur. Sahələrdən  22873 ton taxıl məhsulu əldə olunmuşdur. Orta məhsuldarlıq  27,5 sentner təşkil edir.
Cari ildə rayonda 3618 hektar günəbaxan,  134  hektar  kartof, 490 hektar soya, 250  hektar bostan bitkiləri, 356 hektar çoxillik otlar,   675 hektar  tərəvəz, 20 hektar çəltik, 303 hektar qarğıdalı, 24 hektar paxlalılar, 1194 hektar şəkər çuğunduru, 53 hektar pambıq əkilmişdir.
Hesabat dövründə sahələrdən 1592 ton kartof, 12145 ton tərəvəz, 3475 ton bostan bitkiləri, 7608 ton günəbaxan, 47 ton paxlalılar, 1116 ton qarğıdalı, 53362 ton şəkər çuğunduru, 40 ton çəltik, 667 ton soya, 50,1 ton  pambıq toplanmışdır.
2018-ci ilin məhsulu üçün 13581 hektar sahədə şum qaldırılmışdır ki, bunun  6183 hektarında buğda, 3604 hektarında arpa, 787 hektarında xəsil, 3007 hektarında isə müxtəlif kənd təsərrüfatı məhsullarının əkin işləri aparılmışdır.
2018-ci  ilin  01 yanvar  tarixinə  iri  buynuzlu  mal-qaranın  sayı 24133  baş  olmuşdur. Bundan  ana inək və camışların  sayı  11716 baş təşkil edir. Qoyun və keçilərin  sayı 154738 başdır.
Hesabat dövrü  ərzində 5514 ton diri çəkidə ət, 30412 ton süd,  6498 min  ədəd  yumurta, 327 ton yun  istehsal  olunmuşdur.
    Nazirlər  Kabinetinin “Buğda  istehsalçılarının  maddi  marağının   artırılması və buğda istehsalının  stimullaşdırılmasına  dair”   müvafiq  qərarına  əsasən  1164 nəfər  buğda istehsalçısına  463,3 min  manat məbləğində yardım  Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilmişdir.
Azərbaycan  Respublikası  Prezidentinin  “Kənd  təsərrüfatı  məhsulları istehsalçılarına  dövlət  dəstəyi  haqqında”  23  yanvar  2007-ci  il  tarixli, 1 907  saylı  sərəncamına  uyğun olaraq 2017-ci  ildə  rayonun  23  ərazi komissiyası üzrə 7465 nəfər  istehsalçıya  1083,0 min manat yardım hesablanmış və istehsalçılara ödənilmişdir. Məhsul istehsalçılarına rayon “Aqroservis” filialı  tərəfindən   güzəştli şərtlərlə        713 istehsalçıya  954,2  ton güzəştli şərtlərlə gübrə satılmışdır ki, ondan da 418,5 tonu azot, 131,3 tonu isə  ammofos, 27,6 tonu karbamid,  77,8 ton nitroammofoska  və 300,0 ton kalium sulfat  gübrəsidir.
  Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq  sərəncamları bunun əyani sübutudur.  Bu sərəncamlar əsasında rayonumuzda 46 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 46-sı da istifadəyə verilmişdir. Daha 10 subartezian quyusunun qazılması üçün hazırlıq işləri aparılır.  Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
Bununla bərabər hesabat dövründə 385 ədəd nasos, 96 ədəd  elektrik   avadanlığı  təmir  edilmişdir. Torpaqların  suvarılması  üçün  kanallarda 386 min m3  lildən  təmizləmə, 60 min m3  sahilbərkitmə işləri  görülmüşdür. Kanallarda 48 ədəd hidrotexniki qurğu, 22 ədəd   hidrotexniki  postlar təmir edilmiş, 30000 m2  kol-koslardan təmizləmə  işləri  aparılmışdır. Cari il  ərzində Gəncə  çayında 34 min m3, Qabırrı  çayında 12 min  m3, Qoşqar çayında 14 min m3 əlavə  sahilbərkitmə  işləri  görülmüşdür.
Bununla bərabər rayon İcra Hakimiyyəti Başçısının yerlərdə keçirdiyi səyyar  qəbul-görüşlərdə və fərdi qəbullarda suvarma ilə bağlı daxil olan müraciətlər göstərir ki, hələ  suvarma suyuna, xüsusilə yay aylarında  ehtiyac olan yerlər vardır. Suvarma Sistemləri İdarəsi 2018-ci ildə əkin sahələrinin  daha da  genişlənməsini nəzərə almalı, suvarma suyuna ehtiyac olan  yerləri vaxtında müəyyən etməli və müvafiq tədbir görməlidir.
Rayon  əhalisini  dayanıqlı   elektrik  enerjisi  ilə  təmin  etmək üçün  2017-ci il ərzində 84 ədəd  müxtəlif  güclü  transformator əsaslı, 175  ədədi  isə  cari  təmir  edilərək  istismara  verilmişdir. Qəsəbə və kəndlərdə 601 ədəd 0,4 kv-luq və 407 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir. 0,4 kV-luq 21 km, 10 kV-luq 211 km uzunluğunda elektrik verici xətləri texniki istismar qaydalarına uyğun olaraq təmir edilmiş, ayrı-ayrı xətlər üzrə 43 km uzunluğunda naqillər yenisi ilə əvəz olunmuşdur. Hesabat dövrü  ərzində əhali qrupu üzrə yanmış sayğacların dəyişdirilməsi və  yeni abonentlərə elektrik enerjisi verilməsi məqsədi ilə 487 ədəd yeni sayğac dəsti quraşdırılmışdır.
Yenikənd yarımstansiyasında 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu” və “2-ci Poylu”, 6 kV-luq “Qırmızı Samux”, “Yenikənd”, “Fövqəladə hallar” hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu” hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq” adlı müasir qapalı tipli yarımstansiya tikilib. 35/10 kV-luq “Qarayeri” yarımstansiyası da tam yenidən qurulub.
Əhalinin   təbii  qazla  təminatının  yaxşılaşdırılması  istiqamətində  də  müəyyən  işlər  görülmüşdür.  Hal-hazırda  rayonun 30  yaşayış  məntəqəsində  mavi  yanacaqdan  istifadə  olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. Hesabat dövrü ərzində təbii qaz verilişinin daha yaxşılaşdırılması məqsədi ilə Samux şəhərində 7 ədəd, Qarayeri qəsəbəsində, Sərkar, Çobanabdallı, Lək, Əlibayramlı və Qiyaslı kəndlərinin hər birində bir ədəd olmaqla 7 ədəd qaz tənzimləyici məntəqələr quraşdırılmışdır. Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək, rənglənmişdir. Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yol kənarında olan qaz xətləri əsaslı təmir edilmişdir.  Hesabat dövründə 260 yeni abonent təbii qazla təmin edilmiş, 679  qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun  dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən  qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 87,02 faizi, təbii qazın dəyərinin 93,8 faizi yığılmışdır.
Rayon əhalisinə göstərilən  rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. İl  ərzində əsas telefon aparatlarının sayı 56 ədəd artırılaraq, 8341 ədədə, yüksəksürətli internet portalının tutumu 232 port artırılmış və aztelekom.net portalının montaj tutumu 3824 porta çatdırılmışdır.  Hazırda rayonda internet xidmətindən 3750  abunəçi  istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən  12,2 faiz  çoxdur.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və  fərdi qəbullarda edilən müraciətləri göstərir ki, əhalinin elektrik enerjisi, təbii qazla, içməli su və yüksəksürətli internet təminatında  müəyyən nöqsan və çatışmazlıqlar  hələ də  mövcuddur. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
2017-ci ildə şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, abadlıq-quruculuq işlərində və yerli əhəmiyyətli məsələlərin həllində  bələdiyyələr, inzibati ərazi dairələri üzrə nümayəndələrlə  birgə yaxından iştirak etmişdir. İl ərzində  bələdiyyələr tərəfindən “Bir bələdiyyə - bir layihə” çərçivəsində müxtəlif layihələr həyata keçirilmişdir. Bu layihələr əsasən ərazilərin abadlaşdırılması və yaşıllaşdırılması, suvarma suyu ilə təchizatı, su arxlarının saxlanması, küçə və yolların təmiri, məişət tullantılarının yığılması və daşınması sahələrini əhatə etmişdir. Bununla bərabər bələdiyyələrin fəaliyyətində də ciddi nöqsanlar vardır. Xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqlardan  istifadə edilməsində,  torpaqların alqı - satqısı və icarəyə verilməsində, vergilərin yığılmasında olan nöqsanlar daha çoxdur.  Hələ də  qəsəbə və kəndlərdə ərazilərin təmizliyinin qorunub saxlanılması tam təmin edilmir, məişət tullantılarının yığılıb - daşınması  təşkil edilməmişdir. Əhalinin üzləşdiyi yerli problemlərin vaxtında aradan qaldırılması bir çox hallarda  təmin edilmir.  Bu nöqsan və çatışmazlıqlar təxirə salınmadan öz həllini tapmalıdır. Bələdiyyə torpaqlarından və mülkiyyətlərində olan əmlaklardan qanunvericiliyə uyğun istifadə edilməlidir.
Əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də əhalinin sosial müdafiəsi diqqətdə saxlanmışdır. Vətəndaşlarının rifah halının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarının və digər normativ hüquqi aktların icrası ilə əlaqədar rayonda aidiyyəti idarə və müəssisələr müvafiq tədbirlər həyata keçirmişlər. 
2017-ci ildə rayon əhalisinin gəlirləri 158 milyon 020,6 min manat təşkil etmişdir ki, bu da 2016-cı illə müqayisədə 7,5 faiz çoxdur. Rayon üzrə pensiyaçıların ümumi sayı 7954 nəfər təşkil etmişdir. Rayon üzrə orta aylıq pensiyanın məbləği 181,09 manat təşkil etmişdir ki, bu da ötən ildəkindən       8,2 faiz çoxdur. Təqaüd və müavinətlərin vaxtında verilməsi əsasən təmin olunmuşdur.
Ölkə başçısının “1941-1945-ci illər” müharibəsi iştirakçılarına, həlak olmuş və sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə”     24  aprel 2014-ci il tarixli  2821 nömrəli Sərəncamına əsasən 71 nəfərə birdəfəlik maddi yardım çatdırılması təmin edilmişdir. Bunlardan üç nəfəri bilavasitə Böyük Vətən Müharibəsi iştirakçılarıdır və sərəncama əsasən onların hər birinə 1000 manat, digər kateqoriyalara 500 manat  məbləğində birdəfəlik yardım göstərilmişdir.
01 yanvar 2018-ci il tarixinə rayon üzrə 622 nəfər ünvanlı dövlət sosial yardımı alır. Bildiyiniz kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmişdir.  “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi”  Qaydalarına uyğun olaraq ünvanlı dövlət sosial yardımları 01 mart 2016-cı il tarixdən   Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi ilə elektron qaydada aparılır. Bu sistem vasitəsi ilə hesabat ilində 97 nəfər rayon sakininə ünvanlı sosial müavinət təyin olunmuşdur.
İmtiyazlı təbəqəyə aid olan şəxslərin rayon üzrə yaradılmış imtiyazlı mənzil növbəsinə götürülməsi hesabat ilində də davam etdirilmişdir. İl ərzində bir nəfər imtiyazlı mənzil növbəsinə daxil edilmişdir. 01.01.2018-ci il tarixinə mənzil növbəsində  78 nəfər dayanır.
2017-cı ildə 2 Qarabağ müharibəsi əlili  və 1 şəhid ailəsi fərdi mənzillə təmin edilmişdir. Ümumilikdə son 12 ildə  62 Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunmuşdur.  2018-ci ildə də  fərdi mənzil tikilməsi gözlənilir. Hazırkı vaxta kimi 21 Qarabağ müharibəsi, 4 nəfər Böyük Vətən Müharibəsi və bir nəfər Çernobıl əlilinə fərdi minik avtomobili verilmişdir.
Rayon əhalisinin məşğulluğu da daim diqqətdə saxlanılmışdır. 2017-ci ildə rayonda iqtisadi əmək fəaliyyəti ilə məşğul olanların sayı  31,7 min nəfər təşkil etmişdir. Onlardan 4,8 min nəfəri və ya 15,1 faizi iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olur. Məşğulluq Mərkəzinə iş axtaran kimi müraciət edən 956 nəfər vətəndaşdan 348 nəfəri və ya 36  faizi müxtəlif sahələrdə işlə təmin edilmişdir. İşsiz kimi qeydiyyata alınmış vətəndaşlardan   46 nəfərinə işsizlik statusu verilərək 51 nəfərinə işsizlik müavinəti ödənilmişdir ki, onlarda da 5-i təkrar müavinət alanlar olmuşdur. Hazırda mərkəzdə 1573 nəfər iş axtaran  qeydiyyatdadır.
2017-ci ildə keçirilən növbəti  “Əmək yarmarkası ”nda  iş axtaranlara 21  müəssisədən 178  boş iş yerləri təklif olunmuş və  41 nəfərə göndəriş verilmiş, onlardan  35  nəfəri  daimi işlə təmin edilmişdir.
Rayonun  təhsil, səhiyyə və mədəniyyət  sahələrinin  inkişafı  da daim diqqətdə saxlanılmışdır. Son  illərdə  rayonda  inşa  edilən  məktəblər, onların  maddi  texniki  bazasının yaxşılaşdırılması  və informasiya kommunikasiya  texnologiyaları  ilə  təmin  olunması  rayonun  təhsil sisteminə   müsbət  təsir  göstərmişdir. Son 13  ildə  rayonda 17 yeni məktəb binası   inşa  edilmiş, 17 məktəbdə  əsaslı  təmir  işləri  aparılmışdır.
Hesabat ilində təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür. İstedadlı uşaqların üzə çıxarılması  və inkişafı məqsədilə  Təhsil şöbəsi tərəfindən mərhələlər üzrə olimpiadalar və bilik yarışmaları  təşkil olunmuş, zona və respublika yarışlarında iştirakı təmin edilmişdir.
2016-2017-cı tədris ilində 11-ci sinfi bitirmiş 487 məzundan 335 nəfəri və ya 79 faizi ali məktəblərə sənəd vermiş, onlardan 157 nəfəri və ya 32 faizi müvafiq ali məktəblərə qəbul olunmuşdur. Qəbul olunanlardan 25 nəfəri 500 baldan yuxarı nəticə göstərmişdir ki, onlardan da 8 nəfəri 600 baldan yuxarıdır.
2016-2017-cı tədris ilində buraxılış imtahanlarında 9-cu siniflər üzrə  57 faiz, 11-ci siniflər üzrə isə 52 faiz yüksək nəticə göstərmişdirlər.  Əvvəlki təhsil ili ilə müqayisədə irəliləyiş olmasına baxmayaraq, bu nəticələr təhsil yanı şurada geniş təhlil edilməli, rayon Təhsil şöbəsi və məktəb rəhbərləri məsələni ciddi nəzarətə götürməli, təhsilin keyfiyyətinin yüksəldilməsi  üçün müvafiq tədbirlər görməlidirlər.
Hesabat ilində məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində müəyyən işlər görülmüşdür. Hazırda rayon məktəblərində 354 ədəd kompüterdən, 52 ədəd notbukdan  və 24 ədəd proyektordan istifadə edilir. 35 məktəbdən 34-ü internet şəbəkəsi ilə təmin edilmişdir. Ümumtəhsil məktəblərinin kadr təminatı ilə bağlı işlər aparılmış, Təhsil nazirliyində müsabiqə və müsahibədən müvəffəqiyyətlə keçmiş  89  nəfər  müəllim ixtisasları üzrə vakant yerlərə  təyin olunmuşlar.
2017-cı ildə  rayon xəstəxanalarında rayon əhalisinə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Vərəm, şəkərli diabet, onkoloji və digər qeydiyyat tələb edən xəstəliklər vaxtında aşkar edilərək qeydiyyata götürülmüşdür. İl ərzində 154 (94) nəfər şəkərli diabeti olan xəstə qeydiyyata götürülmüş, 46 (41) nəfər müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılmışdır. Qeydiyyatda olan 1171 nəfər şəkərli diabeti olan xəstələr vaxtaşırı olaraq müvafiq dərman preparatları ilə təmin olunmuşdur. 2017-cı ildə diri  doğulan  körpələrin  sayı 710 (821)  olmuş,   1  yaşa qədər 4 (3) uşaq ölümü olmuş və ana ölümü olmamışdır.
Əhalinin  sağlamlığının qorunması və bu sahədə qabaqlayıcı tədbirlərin  görülməsi məqsədi ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığı əsasında  2017-ci il fevral ayının 15-dən may ayının 15-dək rayon əhalisinin  kütləvi tibbi müayinədən keçirilməsi işi təşkil edilmişdir. Müayinənin gedişi və nəticələri rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında müzakirə olunmuşdur. Rayon  əhalisinin 45536  nəfəri və ya 81,0 faizi  tibbi müayinəyə cəlb edilmişdir.
Bununla bərabər  rayon  əhalisinə  günün  tələbləri   səviyyəsində səhiyyə  xidmətinin   göstərilməsi  üçün  rayonda  diaqnostik  mərkəzinin   yaradılmasına, mərkəzi  rayon  xəstəxanasının,   qəsəbə  və  kəndlərdə  yerləşən  tibb ocaqlarının  əsaslı  təmirinə  və  ehtiyac  olan yerlərdə  yeni binaların  tikilməsinə, onların  ixtisaslı  həkimlərlə  təmin  edilməsinə  böyük  ehtiyac  vardır.  Bu məsələlərin  həlli istiqamətində  tərəfimizdən  müvafiq  işlər  aparılır.
Rayonda  fəaliyyət  göstərən   mədəniyyət  evləri, klublar  və kitabxanalarda  əhalinin  səmərəli istirahətinin  və  gənclərin  asudə  vaxtlarının  təşkili  istiqamətində müəyyən işlər  görülmüş, əvvəlki illərdə buraxılmış səhvlərin aradan qaldırılması istiqamətində işlər aparılmışdır.
Ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği,  gənclərin vətənpərvərlik tərbiyəsi, istedadlı yeniyetmə və gənclərin aşkar edilməsi, narkomaniya və  neqativ hallara qarşı mübarizə,  asudə vaxtın səmərəli təşkili, gənclər siyasəti, multikulturalizm, tolerantlıq və dini ekstremizm sahəsində tədbirlər həyata keçirilmişdir.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən tərtib edilmiş tədbirlər planı əsasında müxtəlif idman növləri üzrə rayon və zona  birincilikləri keçirilmişdir. Eyni zamanda böyüməkdə olan   gənc nəslin  hərbi vətənpərvərlik  tərbiyəsinə  diqqət və qayğını daha da  artırmaq, məktəb şagirdlərini  hərbi idman oyunlarına  cəlb etməklə  “Şahin” hərbi idman oyununun  rayon birinciliyi keçirilmişdir. Gənclər siyasəti sahəsində "Dini dözümlülük, tolerantlıq və multikulturalizm inkişafın və sabitliyin başlanğıcıdır" ,“Şəhidlər unudulmur”, “Biz tezliklə Qarabağa qayıdacağıq”, “Xocalı  soyqırımı - XX əsrin soyqırımı ” ,  “ Şəhidlər ölməz – Vətən bölünməz “, “ İdman sağlamlıqdır”  mövzularında dəyirmi masalar təşkil edilmişdir.  Rayon idmançılarının respublika yarışlarında iştirakı təmin edilmişdir. 
Rayonda ideoloji işin təşkili, ictimai-siyasi vəziyyət daim diqqət mərkəzində saxlanılmışıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə  2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli”  elan edilməsi ilə bağlı rayonda silsilə tədbirlər keçirilmişdir. Heydər Əliyev Mərkəzi  hesabat ilində fəaliyyətini daha da genişləndirmişdir. Mərkəzə gələnlər Ümummilli liderin həyat və fəaliyyəti ilə yaxından tanış olmuş, kino filmlərə baxmışlar. Mərkəzdə fəaliyyət göstərən tədqiqat qrupları tərəfindən Ulu öndərin rayona səfərləri tədqiq edilmiş, bu səfərlər zamanı onunla görüşüb ünsiyyətdə olmuş insanlarla gənclərin görüşləri təşkil edilmişdir. Görkəmli insanlarla görüşlər təşkil edilmişdir. Mərkəzdə dil və rəqs kursları fəaliyyət göstərmişdir.
Hazırda rayonda  12  qeyri-hökumət təşkilatı və 9 siyasi partiyanın yerli təşkilatı və bir dini icma fəaliyyət göstərir. Bu təşkilatlar il ərzində öz nizamnamələrinə uyğun fəaliyyət göstərmiş, onlar tərəfindən “Qeyri-hökumət təşkilatları və ictimai birliklər (Fondlar) haqqında”, “Siyasi partiyalar haqqında”, “Dini etiqad azadlığı haqqında” və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanunlarının tələblərinin pozulmasına yol verilməmişdir. Siyasi partiyaların yerli təşkilatlarından yalnız Yeni Azərbaycan Partiyasının  rayon təşkilatı rayonda keçirilən bütün tədbirlərdə yaxından iştirak etməklə, Yeni Azərbaycan Partiyasının aparıcı qüvvə olduğunu təsdiqləyir. 2017-ci ildə partiya sıralarına 107 nəfər qəbul olunmuşdur ki, onlardan da 69 nəfəri gənclər, 75 nəfər isə qadınlardır. Beləliklə partiya üzvlərinin sayı 5384 nəfərə çatmışdır. Digər partiyaların fəaliyyəti yox dərəcəsindədir.    Ümumiyyətlə hesabat ilində rayonda ictimai-siyasi vəziyyət və dini durum sabit olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin məruzə və nitqlərinin, ölkədə aparılan sosial-iqtisadi inkişafın  əhaliyə çatdırılması  ilə bağlı yaradılmış təbliğat qrupları tərəfindən 2016-cı ildə rayonun bütün yaşayış məntəqələri, böyük idarə, müəssisə və təşkilatları əhatə olunmaqla  48 görüş keçirilmişdir. Görüşlərdə əhalinin müxtəlif zümrələrinin iştirakı təmin olunmuşdur.  Təbliğat qruplarının  üzvləri tərəfindən ölkə başçısının apardığı daxili və xarici siyasətin uğurları konkret faktlarla görüş iştirakçılarına çatdırılmış, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının nəticələrinin əhalinin məşğulluğunun və sosial rifahının yaxşılaşdırılmasındakı  rolu haqqında məlumatlar verilmişdir.
Rayon  gənclərinin   hərbi vətənpərvərlik ruhunda  tərbiyə  olunması  istiqamətində  də müəyyən  tədbirlər  həyata  keçirilmişdir  ki,  bunun  da  nəticəsi  olaraq son  illərdə  rayon  gənclərinin  hərbi  çağırışdan  yayınma  hallarına  yol  verilməmişdir. 2017-ci ildə də Azərbaycan Respublikası Prezidentinin   sərəncamlarına uyğun olaraq  həqiqi  hərbi  xidmətə  çağırışlar  vaxtında   yerinə  yetirilmişdir.
Hesabat  dövründə  rayon  ərazisində  cinayətkarlığa  qarşı mübarizə və ictimai  asayişin  qorunması  istiqamətində  müvafiq tədbirlər həyata keçirilmiş, qanun pozuntularının qarşısının vaxtında alınması təmin olunmuşdur.  2017-ci  ildə rayonda 52  cinayət  hadisəsi qeydə alınmış, qeydiyyatda olan cinayət hadisələrindən 65-nin və ya 90,3 faizinin açılması  təmin edilmiş, 7 cinayət hadisəsi bağlı qalmışdır. 2016-cı ildə bu göstərici 90,8 faiz olmuşdur.  Hesabat ilində  rayon  Polis  şöbəsi  tərəfindən  narkotik vasitələrin  qanunsuz  dövriyyəsi  ilə  bağlı  aparılmış əməliyyat - axtarış  tədbirləri nəticəsində iki  cinayət, bir inzibati fakt  aşkar  olunmuş  və  həmin  faktlar  üzrə aşkar edilmiş narkotik  vasitələr  dövriyyədən çıxarılmışdır. Qeyd edək ki, ötən il  iki cinayət və bir inzibati  fakt aşkar olunmuşdur.
2017-ci  ildə  Samux  rayon  İcra  Hakimiyyəti başçısı aparatına  ümumilikdə  587 (645)  ərizə,  təklif  və  şikayət   daxil  olmuşdur  ki, bu müraciətlərdən 249-u (317)  yerli  sakinlərdən, 338-i (328)  isə respublikanın   yuxarı  təşkilatlarından daxil olmuşdur.
Respublikanın  yuxarı  təşkilatlarından  daxil  olmuş    müraciətlərin  təhlili  göstərir   ki,  onlardan 177-si ərizə, 168-i  şikayət, və 1-i təklif  xarakterli olmuşdur.  Vətəndaşlardan  daxil  olmuş  müraciətlərin 209-u ərizə,  40  müraciət  şikayət xarakterli olmuşdur. İl ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Müsbət haldır ki, rayonumuzda vətəndaşlara qarşı münasibətdə məmurlar tərəfindən kobudluq  halları qeydə alınmamışdır. Bununla bərabər vəzifəsindən asılı olmayaraq hər bir məmur vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı və onların üzləşdikləri problemlərin arada qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Yerli icra hakimiyyətlərində operativ idarəetmənin təşkili üçün video müşavirə  otaqları yaradılmışdır ki, bu da yerlərə operativ tapşırıqların verilməsini təmin edəcəkdir. Hazırda rayon icra hakimiyyətində və 5 inzibati ərazi dairəsində bu cür otaqlar yaradılmışdır. Eyni zamanda rayon İcra hakimiyyətinin internet saytı yaradılmışdır. Burada vətəndaşlar  onlayn  müraciət  etmək imkanına malikdirlər.
2017-cı ildə rayon İcra Hakimiyyəti başçısı tərəfindən rayonun hüquq  mühafizə  orqanlarının  və xidmət  təşkilatlarının  rəhbərləri  ilə birgə həftədə bir dəfə olmaqla  rayonun bütün yaşayış məntəqələrində səyyar  qəbul-görüşlər keçirilmişdir. İl ərzində keçirilən 50  səyyar  qəbul-görüşlərdə  5821  nəfər  iştirak etmişdir.  Səyyar   qəbullar zamanı vətəndaşlar tərəfindən 148 şikayət və təklif daxil olmuşdur ki, onlardan da 120 və ya 81,1 faizi həll edilmiş,  28 və ya  18,9 faizi  hazırda icradadır. Onlardan 7-nin  həlli ilə bağlı müvafiq mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırılmışdır.
Rayonun şəhər, qəsəbə  və kəndlərində mülkiyyət  formasından asılı olmayaraq vətəndaşların müraciətlərinin  operativ həll edilməsi üçün Samux  Rayon  İcra Hakimiyyəti başçısının   01 aprel  2014-cü il  tarixli  28 saylı  sərəncamı ilə  275-19-74 nömrəli  telefon xətti ilə  “Qaynar  xətt” əlaqə mərkəzi  yaradılmışdır.
2017-cı ildə  “Qaynar xətt ” əlaqə mərkəzinə 64 müraciət  daxil olmuşdur ki, bu müraciətlərdən 31-i dərhal   həll edilmiş, 32-i həftə  ərzində həll edilmiş  bir müraciət isə  əsassız  hesab edilmişdir.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq kadrların hazırlanması, ehtiyat kadr bazasının yaradılması istiqamətində müvafiq işlər aparılır. Kadrların yerləşdirilməsində gənclərə üstünlük verilir. Ehtiyat  kadrların  formalaşması  qanunçuluq, bərabərlik,  şəffaflıq və aşkarlıq  prinsipləri  əsasında  təşkil  edilir. 
2016-cı ilin yekununa dair rayon  İcra Hakimiyyəti  başçısının hesabatında 6, qəsəbə və kənd icra nümayəndəliklərində keçirilmiş hesabat yığıncaqlarında isə yerli əhali tərəfindən 89 müraciət səslənmişdir ki, onlardan da 65-i öz həllini tapmış, 14-i isə icradadır. 5 müraciət  əsasız hesab edilmişdir.
2017-ci ilin yekunu ilə bağlı inzibati ərazi dairələri üzrə nümayəndəliklərdə keçirilən hesabat yığıncaqlarında 92 müraciət və təklif irəli sürülmüşdür ki, onların həlli ilə əlaqədar görüləcək işlər  2018-ci ilin tədbirlər planına salınmış və gələcəkdə öz həllini tapacaqdır.

Keçidlər