Samux tərəvəz toxumlarının istehsalı sahəsindəki keçmiş şöhrətini geri qaytarır
Samux rayonunda tərəvəz toxumlarının istehsalı üçün payızlıq əkin sahələri genişləndirilərək 136 hektara çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda rayon üzrə “Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi" MMC, “Amin” MMC və “Elşad Toxumçuluq Təsərrüfatı”, həmçinin bir sıra fərdi şəxslər xüsusi lisenziya əsasında tərəvəz toxumu becərməklə məşğuldur.
Xüsusi lisenziya əsasında fəaliyyət göstərən əkinçilər isə dövlətin toxumçuluq sahəsinin inkişafı üçün tətbiq etdiyi güzəştli şərtlərdən yararlanaraq, istehsal olunmuş toxumluq məhsulun hər kiloqramına uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən subsidiya alır, bu işi genişləndirməyə çalışırlar.
Yazlıq əkin vaxtı toxumçuluq müəssisələrinin və kəndlilərin tərəvəz toxumu sahələrini daha da genişləndirəcəyini deyən Samux Rayon İcra Hakimiyyətinin sektor müdiri Elmar Qarayev bildirib ki, 2016-cı ildə tərəvəz toxumunun becərildiyi 207 hektar sahədən 163,3 ton, keçən il isə 287 hektardan 176,5 ton məhsul toplanılıb. Bu il məhsuldarlığın daha yüksək olacağı gözlənilir.
Əsas məqsəd respublikada tərəvəz istehsalı ilə məşğul olan təsərrüfatları və fərdi şəxsləri vaxtilə toxumla təmin edən Samux rayonunun bu sahədəki şöhrətini geri qaytarmaqdır.
Xatırladaq ki, sovet hakimiyyəti illərində Samux rayonundakı R.Əliyev və M.F.Axundov adına sovxozlar nəinki Azərbaycanı, hətta ittifaqa daxil olan respublikaları keyfiyyətləri tərəvəz toxumları ilə təmin edirdi