Samuxda istehsal ediləcək qara kişmiş xaricə ixrac olunacaq
Samux rayonunun Sərkar kəndində unikal pilot layihə fəaliyyətə başlayıb. Samux, Şəmkir və Göygöl rayonlarının fermerlərinin becərdiyi məhsulu emalçı ilə əlaqələndirəcək və hazır məhsulun satıcıya çatdırılmasını təmin edəcək layihə “Meyvə qurusu istehsalı üzrə dəyər zənciri” adlanır.
“Dəyər zənciri” Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Olunması üzrə Dövlət Xidmətinin Dünya Bankı ilə birgə icra etdiyi layihədir.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, "Dəyər zənciri" layihəsi təkcə fəaliyyətlər və münasibətlərdə yenilik etməklə kifayətlənmir. Eyni zamanda, kənd təsərrüfatı məhsullarının istehsalı və emalında ən innovativ texnologiyalardan istifadəni nəzərdə tutur. Layihənin məqsədi sağlam fermer təsərrüfatlarının sayını artırmaq və məhsul istehsalını sürətləndirməkdir.
Samuxda yaradılacaq müəssisədə ilk dəfə yerli emalçılar tərəfindən istehsal ediləcək qara kişmiş xaricə də ixrac olunacaq.
"Dəyər zənciri" layihəsinin üstünlüyü həm də ondan ibarətdir ki, ayrılan qrant bir nəfərə və ya tək emalçıya verilməyəcək. Məhsulun istehsalçıdan alıcıya çatdırılmasınadək bütün dəyər zənciri boyu mövcud və yarana biləcək problemlərin aradan qaldırılmasına sərf olunacaq.
Dünya Bankının monitorinq sistemi ödəmə və məsrəflərin tamamilə şəffaflığına nəzarət edəcək.
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə razılaşmasına əsasən, 20 belə dəyər zənciri qrant layihəsi həyata keçiriləcək.