Samuxda 10 min hektardan çox sahədə taxıl səpilib
Samuxda bu ilin məhsulu üçün 10 min 574 hektar sahədə payızlıq dən və yaşıl yem üçün taxıl səpini aparılıb. Bu, ötən illə müqayisədə 2 min 654 hektar çoxdur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Samux Rayon Statistika İdarəsinin rəisi Gündüz Bayramov məlumat verib.
Gündüz Bayramov qeyd edib ki, əkin aparılan sahələrin 6 min 183 hektarına buğda, 3 min 604 hektarına arpa səpilib. 787 hektar sahə isə yaşıl yem məqsədi ilə əkilib.
Sahələrdə şumlama işlərinin davam etdiyini deyən G.Bayramov bu vaxta qədər 13 min 581 hektarda şum qaldırıldığını bildirib.
Samux Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlili sektorunun müdiri Elmar Qarayev isə deyib ki, kəndlilər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Bu sahədə çalışanlar dövlətin yaratdığı güzəştli şərtlərdən istifadə edərək, əkin sahələrini ildən-ilə genişləndirirlər. Hazırda sahələrə aqrotexniki qaydada qulluq göstərilməsi, taxılçılıqda məhsuldarlığın hər hektara görə 50-55 sentnerə çatdırılması üçün lazımi tədbirlər görülür.
Kənd təsərrüfatının istənilən sahəsində çalışan fermerlərin yüksək məhsuldarlıq əldə etməsi üçün lazımi aqrar biliklərə malik olmasının zəruriliyini qeyd edən Elmar Qarayev vurğulayıb ki, sahibkarların vaxtlı-vaxtında taxılbiçən kombaynlarla, kənd təsərrüfatı avadanlıqları, pestisid, herbisid və gübrələrlə təmin edilməsi ilə yanaşı, onlara məşğul olduqları sahələr üzrə mütəxəssis məsləhətlərinin verilməsi və təlimlər keçirilməsi bu il qarşıda duran əsas vəzifələrdəndir.