Samuxlu təsərrüfat sahibləri işgüzar seminarda iştirak etmişdirlər.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq fakültəsində “Günəbaxan bitkisinin becərilmə texnologiyası” mövzusunda təşkil olunan işgüzar elmi-praktik seminarda respublikanın günəbaxan becərilən rayonlarından olan fermerlər, torpaq mülkiyyətçiləri və iş adamları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sədrliyi ilə keçirilən seminarda Samux, Goranboy, Tərtər, Bərdə, Ağdam, Şəmkir və Göygöl rayonlarından olan torpaq mülkiyyətçiləri, fermerlər və sahibkarlar universitet alimlərinin müvafiq məruzələrini dinləyiblər.
Professor İbrahim Cəfərov fermerlərlə alimlərin bir araya gəlməsinin müsbət nəticələrindən, dövlətin aqrar sahəyə diqqətindən danışıb.
Sonra universitetin bitkiçilik və bitki mühafizəsi kafedrasının dosent əvəzi Vüqar Bəşirov “Günəbaxan sahəsinin əkinə hazırlanması, toxumun seçilməsi və səpinin optimal müddətdə aparılması”, bitkiçilik və bitki mühafizəsi kafedrasının professoru Hümbət Hümbətov “Günəbaxan əkinlərində aqrotexniki tədbirlərin həyata keçirilməsi”, həmin kafedranın dosenti Nəzakət İsmayılzadə və dosent əvəzi Aytəkin Məmmədova “Günəbaxan bitkisinin xəstəlik və zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri”, menecment və aqrar marketinq kafedrasının assistenti Fərrux Rəhimov “Günəbaxan məhsulunun istehsalı və satışının təşkili” mövzusunda məruzə ediblər.
Seminarın sonunda universitetin alimləri fermerlərin suallarını cavablandırıblar.