Samux rayonunda qəhrəmanlıq tariximizin “20 Yanvar” səhifəsi anılır.
20 Yanvar faciəsindən 28 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix həm də Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990 - cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Respublikamızın bütün bölgələrində olduğu kimi 20 Yanvar faciəsinin 28-ci il dönümünün qeyd edilməsi ilə bağlı Samux rayonunda da geniş tədbirlər keçirilir. Samux Rayon İcra Hakimiyyəti başçısının 26 dekabr 2017-ci il tarixli 169 saylı Sərəncamı ilə Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına müvafiq olaraq 08 yanvar 2018-ci il tarixindən başlayaraq rayonun bütün idarə, müəssisə və təşkilatlarında 20 Yanvar gününün Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizə rəmzi kimi qeyd edilməsi ilə bağlı tədbirlər keçirilir, mədəniyyət evlərində 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir, şəhidlərin xatirəsinə ucaldılmış abidələrin ətrafında abadlıq işləri aparılır. Eyni zamanda rayonun ümumtəhsil müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər aparılır və “20 Yanvar” mövzusunda məktəblilər arasında rəsm müsabiqəsi təşkil olunmuşdur.
Keçirilən tədbirlərdə xalqımızın igid övladlarının fədakarlığı məhəbbətlə xatırlanır, onların əziz xatirəsi böyük ehtiramla yad edilir. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq. Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir.