Şriftin ölçüsü :

Saytın rəngi :

Vergi Məcəlləsində və bir sıra qanunlarda edilmiş əlavə və dəyişikliklər barədə

06 yanvar 2018 | 16:00

Nağdsız hesablaşmalar haqqında
Sərəncamın 10-cü bəndi ilə verilmiş tapşırıqlara uyğun olaraq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmş, həmin Qanunla nağdsız hesablaşmaların anlayışı verilmiş, ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılmışdır.
Bunlarla yanaşı, həmin qanunda inzibati cərimələrin, maliyyə sanksiyalarının, vergilərin, gömrük rüsumlarının, yığımların, faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişlərinin, dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqlarının və digər yığımların, pensiya, təqaüd, maddi yardım, müavinətlərin, kompensasiyaların və təzminatların, stasionar telefon xidmətləri və kommunal xərclərin, vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsinin, təhsil haqlarının ödənilməsinin və turagentlərə ödənişlərin aparılmasının nağdsız qaydada həyata keçirilməsi müəyyən edilmişdir. 
Eyni zamanda əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqlarının da nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Bu Qanunun tələblərinin pozulmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyasının tətbiq edilməsi ilə bağlı Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə edilmişdir.
Qeyd edilənlərlə yanaşı banklardan nağd pul vəsaitlərinin çıxarılmasının məhdudlaşdırılması məqsədilə Vergi Məcəlləsinin 218.4.4-cü və 221.8.10-cu maddələri ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə banklar və poçt rabitəsinin milli operatorları  tərəfindən 1 faiz dərəcəsi ilə sadələşdirilmiş verginin tutulmasına dair müddəa da daxil edilmişdir.
Nağd qaydada xərclərin çəkilməsinə məhdudiyyətin qoyulması və pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına 1 faiz dərəcə ilə sadələşdirilmiş verginin tutulması vətəndaşlara deyil, yalnız vergi ödəyicilərinə münasibətdə tətbiq olunur.
Bu dəyişikliklər bütövlükdə ölkədə nağdsız əməliyyatların həcminin artmasına, bankların maliyyə vəziyyətinin yaxşılaşmasına, onların likvidliyinin təmin edilməsinə, pul dövriyyəsinin tənzimlənməsinə, büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın təmin edilməsinə, əmək haqqlarının və digər ödənişlərin  leqallaşmasına və nəticədə ölkənin beynəlxalq reytinqinin daha da artırılmasına şərait yaradacaqdır. 
Nağd ödənişlərin məhdudlaşdırılması dünyanın əksər ölkələrinin, o cümlədən Fransa, İtaliya, İspaniya, Belçika, Çexiya, Slovakiya, Qazaxıstan və sair dövlətlərin qanunvericiliyində nəzərdə tutulmuşdur.
Xərclərin süni şəkildə artırılması (transfer qiymətləndirmə) hallarının aradan qaldırılması
Sərəncamın 11-ci bəndi ilə verilmiş tapşırıqlara uyğun olaraq rezident vergi ödəyicisinin ölkə hüdudlarından kənarda təsis edilmiş vergi ödəyiciləri ilə apardıqları əməliyyatlarda gəlir və xərclərinin düzgün bölüşdürülməsinə nəzarət edilməsi məqsədilə ölkə hüdudlarından kənarda, o cümlədən vergi sığınacağı (ofşor) hesab edilən dövlətlərdə və ya ərazilərdə, təsis edilmiş şəxslərlə həyata keçirilən əməliyyatlar üzrə əldə edilən gəlirlərin transfer qiymətləri tətbiq edilməklə vergiyə cəlb edilməsi üçün Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə dəyişiklik edilmiş, 14-1-ci və 16.1-4-cü maddələr əlavə edilmişdir.
Transfer qiymətlərinin təqvim ili ərzində yuxarıda qeyd edilən hər bir şəxs üzrə ümumi dəyəri 500.000 manatdan artıq olan əməliyyatlara tətbiq ediləcəkdir.
Bu dəyişikliklərlə əlaqədar İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının  (OECD-nin) tövsiyyələri öyrənilmiş, beynəlxalq ekspertlərin rəyləri nəzərə alınmışdır. Transfer qiymətqoyma Avropa İttifaqına daxil olan ölkələrdə, Amerika Birləşmiş Ştatlarında və s dövlətlərdə tətbiq olunur.
            ardı var.
   “Yeni Samux” qəzeti.
12 saylı Ərazi Vergilər Departamenti

Keçidlər