“Məktəblilərarası I İntellektual Çempionat- Samux” layihəsi həyata keçirilib
28 və 29 noyabr tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaşlığı və Günel Əhmədovanın təşkilatçılığı ilə “Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsi həyata keçirilib.
Şagirdlərin intellektual inkişafına dəstək olmaq, elmə marağının artırılması, onların asudə vaxtlarının təhsil yönümlü və səmərəli təşkil etmək, intellektli gənclərin aşkarlanması və həvəsləndirilməsi məqsədilə keçirilən bu layihədə 6, 7, 8-ci siniflər olmaqla ümumilikdə 8 məktəbdən 24 komanda kubok və medallar uğrunda mübarizə aparıblar.
Yarışın birinci günündə 6-cı və 7-ci siniflər öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Nəticədə 6-cı siniflər arasından şəhər 1 nömrəli məktəb-liseyini təmsil edən “Atilla” komandası, 7-ci siniflərdən isə İnstitut qəsəbə tam orta məktəbi təmsil edən “Zəfər” komandası qalib gəlib. Yarışın ikinci günündə 8-ci sinif şagirdləri kubok uğrunda mübarizə aparıblar və gərgin keçən mübarizənin sonunda şəhər 2 nömrəli tam orta məktəb təmsilçisi olan “Lider” komandası qalib olub.
Oyunun nəticələri 30 noyabr tarixində Samux Rayon Heydər Əliyev Mərkəzində keçirilən bağlanış marasimində elan olunub. Qalib komandalar kubok və medallarla, eyni zamanda diplomlarla təltif olundular. II və III yerin sahibləri finalçı diplomu, digər iştirakçılar isə şəhadətnamə ilə təltif olunublar.
Qeyd edək ki, ümumilikdə 120 şagirdin iştirak etdiyi “Məktəblilərarası I İntellektual Çempionat - Samux” layihəsi “Nə? Harada? Nə zaman?” formatında Samux rayon məktəbləri arasında keçirilib.