Samux rayon İcra Hakimiyyəti başçısının 2013-cü ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ilin ilk yarısı da ölkəmizin sosial-iqtisadi sahələrində əldə edilən mühüm uğurlarla yadda qaldı. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən dinamik iqtisadi inkişaf strategiyası, dərin millilik və modern ideyaların əsasında reallaşdırılan əzəmətli quruculuq proqramları son 10 ildə ölkənin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırmış və əhalinin həyat səviyyəsini yüksəltmişdir.
Respublikamızın bütün bölgələrində olduğu kimi Samux rayonunda da “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın son ilində geniş abadlıq quruculuq işləri həyata keçirilmişdir. Dövlət Proqramında rayonda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən rayonun elektrik şəbəkələrinin yenidən qurulması, mədəniyyət və səhiyyə obyektlərinin tikintisi və əsaslı təmiri üzrə işlər istisna olmaqla digər sahələrdə işlər uğurla başa çatmaq üzrədir. İcrası müxtəlif səbəblərdən təmin olunmayan sahələrdə nəzərdə tutulmuş tədbirlər, yeni tədbirlərlə birlikdə 2014-2018-ci illər üzrə Dövlət Proqramına daxil edilmək üçün aidiyyəti üzrə İqtisadi İnkişaf nazirliyinə təqdim edilmişdir.
Ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi istirahət parkında yenidənqurma işləri başa çatdırılmışdır. Parkda ümumi sahəsi 1400 kv.m. olan Heydər Əliyev mərkəzi inşa edilmişdir. Mərkəzin tikintisində müasir memarlıq üslubundan və elementlərindən istifadə edilmişdir. Binanın fasadı qranit və yüksək keyfiyyətli aqlay daşları ilə işlənmişdir. Mərkəz Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat zalından, 3D formatlı filmlərin nümayişi və digər tədbirlər üçün nəzərdə tutulmuş zaldan və xidməti otaqlardan ibarətdir. Mərkəzdə eyni zamanda rəsm qalereyası, dil öyrənmə kursu və rəqs dərnəyi fəaliyyət göstərəcəkdir. Heydər Əliyev parkında sakinlərin rahat istirahəti üçün bütün şərait yaradılmışdır. Burada kafe, çay evi, rayon tarix- diyarşunaslıq muzeyi üçün bina , 7 ədəd istirahət köşkü inşa edilmiş, böyük monitor quraşdırılmışdır. Parkın girişindən mərkəzə qədər olan əraziyə 1500 kv.m qranit üzlük, gəzinti yollarının kənarına 2000 p/m. mərmər bordür düzülmüş, yollara 10 000 kv.m üzlük daş döşənmişdir. Parkda dairəvi yolun kənarına 1200 p/m beton bordür düzülmüş, işıqlanma sistemi yenidən qurulmuşdur. Bu məqsədlə yeraltı kabel xətti çəkilərək, 80 ədəd çilçıraq quraşdırılmışdır. Eyni zamanda parkın bütün yaşıllıq hissəsinə həmişəyaşıl ot səpilərək və avtomatik suvarma sistemi qurulmuşdur. İkinci rübün sonunda Heydər Əliyev parkının sahəsi 1 hektar olan artırılmış hissəsinin müasir layihə əsasında yenidən qurulmasına və Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni binasının inşasına başlanmışdır.
Rayonun giriş hissəsində ad göstəricisi kompleksi yenidən qurulmuş, Kolayır prospektində və Samux - Gəncə yolunda dekorativ yamaclar yaradılmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli 4 mərtəbəli yaşayış binasında işlər tam başa çatdırılmış və “Novruz” bayramı ərəfəsində istifadəyə verilmişdir. Seyidlər kənd tam orta məktəbi üçün inşa edilmiş 220 şagird yerlik məktəb binasında işlər başa çatdırılaraq istifadəyə verilmişdir. Qırmızı Samux qəsəbəsində həkim məntəqəsinin və Bağbanlar kəndində kitabxana binasının tikintisi başa çatmaq üzrədir. Eyni zamanda rayon Telekommunikasiya Qovşağının yeni inzibati binasının tikintisinə başlanmışdır.
Ötən il olduğu kimi, bu il də rayonda ümumtəhsil müəssisələrin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində işlər davam etdiriləcəkdir. Yaxın vaxtlarda Əhmədbəyli kəndində 360 şagird yerlik üçmərtəbəli, Qarabağlar kəndində 220 şagird yerlik ikimərtəbəli yeni məktəb binasının tikintisinə, Alabaşlı və Qırmızı Samux qəsəbə, Zazalı kənd tam orta məktəblərində əsaslı təmir işlərinə başlanacaqdır.
2013-cü ilin 6 ayı ərzində bütün istiqamətlərdə yolların çiyin hissələri plana salınmış, keçid boruların giriş-çıxış hissələri təmizlənmişdir. Rayonun Gəncə - Samux, Samux-Çobanabdallı-İnstitut, Samux-Lək və Samux-Yenikənd-Poylu yollarında təmir işləri aparılmışdır. Eyni zamanda Qırmızı Samux qəsəbəsində, Kəsəmən və Burunqovaq kəndlərində giriş yollarına balans verilərək hamarlanmışdır. Samux şəhərinin ümumi uzunluğu 600 metr olan Tofiq İsmayılov küçəsində yenidənqurma işlərinə başa çatmış və Həzi aslanov küçəsinin əsaslı təmirinə başlanmışdır.
Ümumən ölkəmizdə olduğu kimi, rayon iqtisadiyyatının inkişafında da mühüm rol oynayan sahibkarlığın inkişafına rayonda xüsusi diqqət verilir və təsadüfi deyildir ki, hesabat dövründə 191 yeni sahibkarlıq subyekti fəaliyyətə başlamışdır. Onlardan 5-i hüquqi şəxslərdir. Hazırda ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun payı 82,6 faiz təşkil edir. İlin əvvəlində yeni yaradılmış “Aqrikola” MMC istixana kombinatında faraş tərəvəz məhsullarının istehsalına başlanmışdır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən yaradılacaq “Aqroenerji” kompleksində işlər artıq başlamışdır. İl ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayon sahibkarlarına 38 layihə üzrə 1,9 milyon manat güzəştli kredit verilmiş və bunun hesabına 95 yeni iş yeri yaradılmışdır.
İqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonda, cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2013-cü ilin məhsulu üçün 9540 hektar sahədə isə payızlıq səpinlər aparılmışdır. Aparılmış səpinin 5210 hektarı buğda, 3889 hektarı dən üçün arpa, 441 hektarı isə xəsil məqsədi ilə əkilmişdir. 1345 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Onlardan 179 hektarı kartof, 313 hektarı tərəvəz, 470 hektar sahədə günəbaxan, 261 hektarı çoxillik otlar, 50 hektar şəkər çuğunduru və s. olmuşdur. 2013-cü ilin 01 iyul tarixinə iri buynuzlu mal-qaranın sayı 20629 baş onlardan ana inək və camışların sayı 9994 baş olmuşdur. Qoyun və keçilərin sayı 165096 baş təşkil edir. 6 ay ərzində 1975 ton diri çəkidə ət, 8234 ton süd, 3682 min ədəd yumurta, 305 ton yun istehsal olunmuşdur. İyun ayında kənd təsərrüfatı məhsullarının yığımı başlamışdır belə ki, 01.07.2013- cü il tarixə bütün təsərrüfat kateqoriyaları daxil olmaqla 6046 hektar sahədə taxıl biçini aparılmışdır. Müvafiq olaraq həmin sahələrdən 19014 ton taxıl məhsulu yığılmışdır. Məhsuldarlıq 31.4 sentner təşkil edir. Bundan başqa 165 hektar kartof, 520 hektar tərəvəz, 26 hektar bostan sahələrində də məhsul yığımı aparılmışdır. Müvafiq olaraq həmin sahələrdən 1184 ton kartof, 2765 ton tərəvəz, 195 ton bostan məhsulu toplanmışdır. Hesabat dövründə 1404 ton meyvə istehsal olunmuşdur. Hal-hazırda kənd təsərrüfatı məhsullarının yığımı davam etdirilir.
Nazirlər Kabinetinin “Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılmasına dair” müvafiq qərarına əsasən 1636 nəfər buğda istehsalçısına 193083 manat məbləğində yardım Kapital Bankın rayon filialı tərəfindən plastik kartlarla ödənilmişdir. Məhsul istehsalçılarına rayon “Aqroservis” filialı tərəfindən güzəştli şərtlərlə 371,5 ton gübrə verilmişdir.
Əkin sahələrinin suvarma suyu ilə tam təmin olunması məqsədi ilə hesabat dövrü ərzində 182 ədəd nasos, 34 ədəd elektrik avadanlıqları, 14 ədəd quyuda isə transformatorlar təmir edilmişdir. Suvarmaya xidmət göstərən subartezian quyuları tam işlək vəziyyətdə saxlanılmış və nəzərdə tutulmuş işlər bütövlükdə yerinə yetirilmişdir. Kanallarda 162 min m3 lildən təmizləmə, 65 min m3 sahilbərkitmə işləri görülmüşdür. Kanallarda 16 ədəd hidrotexniki qurğu, 10 ədəd hidrotexniki postlar təmir edilmiş, kanalların kol-koslardan təmizləmə işləri aparılmışdır. Gəncə və Qabırrı çaylarında selin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülmüşdür.
Rayon əhalisinin elektrik enerjisinə, mavi yanacağa və içməli suya tələbatının ödənilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün hesabat dövründə 18 ədəd müxtəlif güclü transformator əsaslı, 28 ədədi isə cari təmir edilərək istismara verilmişdir. 10/04 kv-luq elektrik xətlərində cari təmir işləri aparılmışdır. Fərdi abonentlərə 226 ədəd sayğac dəsti quraşdırılmış, təbii fəlakətlə bağlı Poylu şəbəkəsində yaranmış problemlər yerində aradan qaldırılmışdır. Eyni zamanda təbii fəlakət nəticəsində Lək y/st-da zədələnmiş 4 mVa transformator və İstilik Y/st-da 36 kV-luq 4 ədəd yarımstansiya təmir olunaraq istismara verilmişdir.
İlin birinci yarısında əhali təbii qazla fasiləsiz olaraq təmin olunmuşdur. Bu məqsədlə yüksək və aşağı təzyiqli xətlərdə təmir-bərpa işləri aparılmışdır. Şəhərin 28 may və M.P.Vaqif küçələrində, Qarayeri qəsəbəsinin Əlikəndi yaşayış massivində, Qaraarx qəsəbəsində ehtiyac olan yerlərdə yeni qaz xətti çəkilmişdir. Heydər Əliyev prospektində əlaqələndirici diametri 57 mm-lik 364,8 metr uzunluğunda qaz xətti çəkilmişdir. Bundan başqa 28 may küçəsi ilə Molla Pənah Vaqif küçələri arasında əlaqələndirici sistem yaradılmışdır. Hesabat dövründə 296 abonent qeydiyyata alınmış və hər bir abonent məişət qaz sayğacları və təbii qazla təmin edilmişdir. Ümumilikdə 1714 abonentə qaz sayğacı quraşdırılmışdır.
İstehlak olunmuş enerjinin və təbii qazın dəyərinin vaxtında və tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmış və müsbət nəticələr əldə olunmuşdur. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 95,5 faizi, təbii qazın dəyərinin 105,9 faizi yığılmışdır. İstehlak olunmuş enerjinin və təbii qazın dəyərinin istehlakçılar tərəfindən vaxtında və tam ödənilməsinin təmin olunması üçün hər iki təşkilat qərargahla sıx əlaqədə işləməlidir.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. Rüb ərzində əsas telefon aparatlarının sayı 41 ədəd artırılaraq 8230-a çatdırılmışdır. 2 ədəd 128 portluq yüksəksürətli internet avadanlığı alınaraq quraşdırılmış və ümumi tutumu 1784-ə çatdırılmışdır. Hazırda rayonda yüksəksürətli internet xidmətindən 1636 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 3,7 dəfə çoxdur. Telekommunikasiya Qovşağı tərəfindən genişzolaqlı yüksəksürətli internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və portların sayının daha da artırılması istiqamətində işlər aparılır.
Poçt xidmətinin yaxşılaşdırılması məqsədilə Samux şəhər 1 saylı, 2 saylı, Sərkar -2, Qarayeri, Poylu, Çobanabdallı, Qırmızı Samux, Yenikənd, Ziyadlı və Qovlarsarı kənd poçt şöbələrində kompüter quraşdırılmış və həmin kompüterlər vasitəsilə əhaliyə xidmət göstərilir.
2012-ci ildə vətəndaşlar tərəfindən daxil olan müraciətlərin sayında müşahidə olunan azalma hesabat dövründə də davam etmişdir. 2013-cü ilin birinci yarısında Samux rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 326 ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 121 ərizə və ya 27,1 faiz azdır. Müraciətlərdən 209-u yerli sakinlərdən, 117-i isə respublikanın yuxarı təşkilatlarından olmuşdur. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan ərizələrin sayı (89) keçən ilin müvafiq dövrü (118) ilə müqayisədə 29 ədəd az olmuşdur. Rüb ərzində daxil olmuş ərizələrdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Birinci yarımildə rayon İcra Hakimiyyətinin başçısı tərəfidən rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində səyyar qəbul-görüşlər keçirilmişdir. Bu görüşlərdə 88 müraciət edilmişdir. Müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təminatı, torpaq, suvarma suyu ilə təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı olmuşdur. Müraciətlərin 47-si (53,4 %) icra edilmiş, 41-i (46,6 %) hazırda icradadır.