Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda 200-dən çox istixanada yetişdirilən tərəvəz məhsulları MDB ölkələrinə ixrac olunur

13 oktyabr 2017 | 16:00

Samux rayonunda bu ilin doqquz ayında ümumi məhsul buraxılışının həcmi 90,3 milyon manat olub. Bu da ötən ilin müvafiq dövründəkindən 9,6 faiz çoxdur. Ötən ilin müvafiq dövri ilə müqayisədə sənaye məhsulunun həcmi 13,5 faiz artaraq 4,6 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 2,7 faiz artaraq 44,5 milyon manat, tikinti 83,3 faiz artaraq 10,4 milyon manat təşkil edib.
Samux Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabatında məlumat verilib.
Yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev bildirib ki, Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilib. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC, “Region Aqro” MMC kimi iri sahibkarlıq təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda, rayonda 200-dən çox istixana qurulub ki, onların da ümumi sahəsi 61 hektardan çoxdur. Bu istixanalarda 5 min tondan çox faraş tərəvəz - pomidor, xiyar yetişdirilir. Burada istehsal olunan məhsulların çox hissəsi MDB ölkələrinə ixrac olunur.
Hazırda Samux və Goranboy rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi məqsədi ilə rayonun Əhmədbəyli kəndi ərazisindən 12 kilometr uzunluğunda 1600 millimetr diametrli boru ilə su xəttinin çəkilməsi istiqamətində işlər davam etdirilir.
Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilib. Layihənin icrası sayəsində cari ildə Samux rayonunda 8 min hektar sahəyə suvarma suyu çatdırılıb.
Samux Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 meqavatlıq günəş-bioenerji elektrik stansiyası, 1,1 meqavatlıq istilik stansiyası, 10/0,4 kilovotluq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.
Respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin olunmuş enerji effektli üzüm-tərəvəz istixanası və Arif Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə də tətbiqi nəzərdə tutulub.
Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin olunması məqsədi ilə yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər davam etdirilib. Belə ki, 9 ay ərzində 934-ü daimi olmaqla, 7 min 407 yeni iş yeri yaradılıb.
Yığıncaqda aqrar sahədə görülən işlər də diqqətə çatdırılıb. Bildirilib ki, 2017-ci ilin məhsulu üçün 8 min 306 hektar sahədə taxıl əkilib. Sahələrdən 22 min 873 ton taxıl məhsulu əldə olunub. Orta məhsuldarlıq 27,5 sentner təşkil edib. Hesabat dövründə sahələrdən 1534 ton kartof, 10 min 437 ton tərəvəz, 3 min 475 ton bostan bitkiləri, 7 min 608 ton günəbaxan, 47 ton paxlalılar, 1005 ton qarğıdalı, 10 min 567 ton şəkər çuğunduru, 40 ton çəltik, 182 ton soya toplanılıb.

Keçidlər