Samux Rayon İcra Hakimiyyəti başçısının 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Dünyadakı qlobal iqtisadi-maliyyə böhranın təsirlərinin tam aradan qalxmadığı bir vaxtda Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda ölkəmizin mövqeyinin daha iki pillə yüksələrək 35-ci yerdə qərarlaşması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf kursunun daha bir tarixi nailiyyətidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı hesabat dövründə qarşıda duran bütün vəzifələrin uğurla icra olunduğunu, Azərbaycanın daha da gücləndiyini və beynəlxalq əlaqələrimizin getdikcə dərinləşdiyini diqqətə çatdırdı. Ölkə başçısı qeyd etmişdir ki, bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmiş, bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.
Doqquz ayda qeyri-neft iqtisadiyyatımız 2,5 faiz artıb. Bu onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi məsələləri öz həllini uğurla tapıbdır. Qeyri-neft sektorunun sənaye hissəsi də uğurla inkişaf etməkdədir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır.
Son illər kənd təsərrüfatında çox böyük inkişaf vardır və bu sahəyə böyük investisiyalar qoyulur. Kənd təsərrüfatının hərtərəfli inkişafı dövlətin əsas hədəflərindəndir və bu sahədə də nəticələr özünü göstərir. Kənd təsərrüfatı 2,8 faiz artmışdır.
İlin 9 ayında Azərbaycanın valyuta ehtiyatları 4,5 milyard dollar artaraq 42 milyard dollar səviyyəsindədir. Ölkənin valyuta ehtiyatlarının dinamik artması, ümumiyyətlə iqtisadi imkanların yüksəlməsi müstəqilliyimizin əsas şərtlərindən biridir. Bu gün Azərbaycan dünyada müstəqil siyasət aparan ölkə kimi tanınır. Əlbəttə ki, bunun təməlində ölkə başçısının güclü siyasi iradəsi , xalq-iqtidar birliyi dayanır.
Doqquz ayda yeni iş yerlərinin yaradılması prosesi uğurla davam etmişdir. Hesabat dövründə 226 min yeni iş yeri yaradılmışdır ki, onlardan 171 mini daimi iş yeridir. Bu da işsizliyin aşağı səviyyədə saxlanmasına imkan verir.
Əsas infrastruktur layihələrinin icrası da uğurla davam etdirilmişdir. 9 ayda yeddi yüz kilometrdən çox içməli su xətti çəkilmiş, qazlaşdırma ölkəmizdə 93 faiz səviyyəsinə çatdırılmış, elektrik enerjisi ilə təminat yaxşılaşır, yeni yarımstansiyalar tikilir, elektrik xətləri çəkilir, meliorasiya məsələləri öz həllini tapır.
Sosial infrastrukturun inkişafına xüsusi diqqət verilir. Bu ilin əvvəlindən 100-ə yaxın məktəb, 27 tibb ocağı tikilib və təmir edilmişdir. Digər sosial infrastruktur layihələri uğurla icra edilir.
Cənab Prezident və Birinci vitse- president Mehriban xanım Əliyeva tərəfindən məcburi köçkünlərin problemləri daim diqqət mərkəzində saxlanılır. Bu il Cocuq Mərcanlı kəndi bərpa edilmiş, hazırda orada yeni qəsəbə salınır. Artıq 50 evdən ibarət qəsəbənin açılışı həyata keçirilmiş, əlavə 100 evin tikintisi aparılır. Cocuq Mərcanlı kəndinin yenidən qurulması, bərpası tarixi hadisədir. Bakıda, Sumqayıtda, digər bölgələrdə tikinti işləri geniş vüsət almışdır. Bu il minlərlə qaçqın və məcburi köçkün ailəsi yeni evlərlə, mənzillərlə təmin olunacaqdır. Dövlət əlindən gələni edir ki, bu məsələ tezliklə öz həllini tapsın. Bu günə kimi 250 mindən çox məcburi köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdir.
Cari ildə idman sahasində də Azərbaycanın uğurları çox yüksəkdir. Onların arasında, əlbəttə ki, İslam Həmrəyliyi Oyunları xüsusi yer tutur. İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi əslində böyük uğurumuzdur və bu Oyunlar ən yüksək səviyyədə keçirilmişdir. Azərbaycan komandası bu oyunların qalibi olaraq, birinci yerə layiq görülmüşdür. Bu, idmanımızın inkişafını bir daha göstərən çox ciddi amildir. Formula 1 yarışlarının növbəti mərhələsinin də Bakıda keçirilməsi dünya ictimayyətinin diqqətini Azərbaycana yönəltdi.
Bu il beynəlxalq arenada ölkəmizin mövqeləri daha da möhkəmlənmişdir və xarici əlaqələr çoxşaxəlidir. Bütün ölkələrlə qarşılıqlı faydalı və bərabər hüquqlu münasibətlər qurulub. Bu gün Azərbaycan dünya miqyasında çox etibarlı tərəfdaş, ləyaqətli ölkə kimi tanınır. Xarici siyasətimiz də açıqdır, müstəqildir və bu da dünya birliyi tərəfindən böyük rəğbətlə qarşılanır.
9 ayda “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontrakt imzalanmışdır. Kontraktın müddəti 2050-ci ilə qədər uzadıldı. Bu kontrakt Azərbaycan üçün daha da yaxşı şərtlərlə təmin edilmişdir. Digər nəhəng layihə “Cənub Qaz Dəhlizi” layihəsidir. Cənubi Qafqaz kəməri, hansı ki, Azərbaycan qazını Gürcüstana qədər çatdırır, 98 faiz səviyyəsində,TANAP layihəsi 82 faiz, TAP layihəsi isə 53 faiz səviyyəsində icra edilmişdir.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi demək olar ki, başa çatmışdır. Yaxın vaxtlarda bu yolun rəsmi açılışı nəzərdə tutulur. Bu da tarixi layihədir. Yəni, Azərbaycanın iştirak etdiyi və bir çox hallarda təşəbbüskarı olduğu layihələr qlobal xarakter daşıyır. Onların əsas məqsədi və mahiyyəti ondan ibarətdir ki, bu layihələr, bu kontraktlar ölkəmizi gücləndirir. Azərbaycanın qüdrəti, iqtisadi potensialı, siyasi çəkisi, regional müstəvidə rolu artır və bu kontraktlar ölkəmizə böyük iqtisadi mənfəət, səmərə verir. Cənab Prezident tərəfindən bütün bu işlər düşünülmüş şəkildə görülür, neftdən və qazdan gələn gəlirlər insan kapitalına yönəldilib, infrastruktur layihələrinin icrasına, özəl sektorun inkişafına istiqamətləndirilib. Eyni zamanda, bu layihələr ölkəmizin beynəlxalq arenadakı rolunu, çəkisini artırır. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə, hətta heç bir siyasi təşəbbüs reallaşa bilməz. Azərbaycan dünya miqyasında özünü güclü dövlət kimi təsdiqləyib.
Bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımlar atılmışdır. Strateji yol xəritələrinin icrası, sahibkarlığın inkişafı təmin edilmiş, investisiya təşviqi mexanizmi tam işə düşmüşdür. 200-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihə çərçivəsində ölkəmizə özəl sektor tərəfindən 1,7 milyard manat həcmində investisiya qoyuluşu təmin ediləcəkdir ki, bu da 1,7 milyard manat özəl sektor sərmayəsini Azərbaycana cəlb edəcəkdir.
Əlbəttə ki, hər bir ölkənin iqtisadi sahədə uğurlarını göstərən, əks etdirən Davos Dünya İqtisadi Forumunun hesablamalarıdır. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan bu il iki pillə irəliləyərək 37-ci yerdən 35-ci yerə qalxıb və öz reytinqini daha da yaxşılaşdırır. Beləliklə, 140 ölkə arasında keçirilmiş bu təhlil, ölkələrin rəqabətqabiliyyətliliyini əks etdirən bu hesabat göstərir ki, Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasındadır. Bu, əslində ölkəmizin iqtisadi siyasətinin uğurlarının dünyanın ən mötəbər iqtisadi forumu olan Davos Forumu tərəfindən qiymətləndirilməsi deməkdir.
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, xalq-iqtidar birliyi iqtisadi sahədə də həm investisiyaların cəlb edilməsini, həm yerli investorların investisiyaları ölkəmizə həvəslə yatırmalarını təmin etmişdir. Həm xarici investorlar, həm də yerli sahibkarlar tərəfindən ölkəmizin gələcəyinə çox böyük inam var və bu inam əsaslıdır. Təsadüfi deyil ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 8,3 milyard dollar sərmayə qoyulmuşdur. Onun böyük hissəsi xarici sərmayədir.
İlin doqquz ayının yekunları göstərir ki, istər beynəlxalq sahədə, istər daxili siyasətlə, iqtisadi siyasətlə bağlı bütün istiqamətlər üzrə Azərbaycanın yüksək nəticələri var. Cənab Prezidentin rəhbərliyi ilə bu uğurlar davamlı, dinamik artımlı olacaqdır.
2017-ci ilin doqquz ayının yekunu ilə bağlı görülmüş işlərin təhlili göstərir ki, rayon iqtisadiyyatının inkişafındakı artım dinamikası davam etmişdir. Eyni zamanda rayonda tikinti-quruculuq və abadlıq işləri sahəsində işlər uğurla aparılır. 9 ayın sosial-iqtisadi inkişafının əsas iqtisadi göstəriciləri bunu deməyə əsas verir. Ilkin statistikaya görə hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 90,3 milyon manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 9,6 faiz çoxdur. Cari ilin doqquz ayında ötən ilin müvafiq dövri ilə müqayisədə sənaye məhsulunun həcmi 13,5 faiz artaraq 4,6 milyon manat, kənd təsərrüfatı məhsullarının həcmi 2,7 faiz artaraq 44,5 milyon manat, tikinti 83,3 faiz artaraq 10,4 milyon manat təşkil etmişdir. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi 15,5 faiz, əsas kapitala yönəldilən investisiya 67,6 faiz artmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 18 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın yerinə yetirilməsi istiqamətində rayonda görülən işlər davam etdirilmişdir. Belə ki, rayon üzrə təmirə ehtiyacı olan 9 çoxmənzilli yaşayış binalarında təmir bərpa işlərinə başlanmışdır ki, onlardan 1 bina Samux şəhərində, 6 bina Qarayeri qəsəbəsində, 2 bina isə İstixana kəndində yerləşir.
Samux şəhərində 16 mənzilli, ikimərtəbəli binanın 1064 kv.m. dam örtüyü tam yenilənmişdir. Blokların girişinə 3 ədəd dəmir qapı, 3 ədəd plastik pəncərə quraşdırılmış və fasadı suvanmışdır.
Qarayeri qəsəbəsi Cavad Məmmədov küçəsində yerləşən 8 mənzilli, ikimərtəbəli binanın 470 kv.m. və həmin küçədə 6 mənzilli , ikimərtəbəli binanın 420 kv.m. və İstixana kəndində yerləşən 12 mənzilli, ikimərtəbəli iki binada dam örtüyünün yenilənməsi başa çatmışdır. Hazırda binaların hamsında işlər başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 avqust 2017-ci il tarixində Samux rayonuna səfəri çərçivəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı layihəsinə uyğun olaraq Samux şəhərində inşa edilmiş Körpələr evi-uşaq bağçasının binasının aşılış mərasimində iştirak etmişdir.
Hər biri 100 yerlik olan ikimərtəbəli binaların hər birinin sahəsi 1135 kvadrat metrdir. Müxtəlif yaş qruplarının fəaliyyət göstərəcəyi bağçalarda uşaqların təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Dərs otaqlarının hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Yataq otaqları uşaqların zövqünə uyğun qurulub. Bundan əlavə, oyun zalında və yeməkxanada da yüksək şərait yaradılıb. Körpələr evi-uşaq bağçalarının həyətlərində balacaların istirahəti üçün meydançalar salınıb, attraksionlar quraşdırılıb.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Hazırda Qarayeri qəsəbəsində şəhid ailəsi üçün inşa edilən fərdi evin tikintisi başa çatmaq üzrədir. İnstitut qəsəbəsində və Lək kəndində inşa edilən fərdi evlərin tikintisi davam etdirilir.
Burunqovaq kənd ümumi orta məktəbi üçün modul tipli 160 şagird yerlik məktəb binasının tikintisi əsasən başa çatmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin binasında əsaslı təmir işlərinə başlanmışdır.
Samux şəhərinin Kür, Elçin Məmmədov və Arif Nəbiyev küçələrində təmir bərpa işləri başa çatmışdır. Kür küçəsində evlərin fasadları və divarlar rənglənmişdir. E.Məmmədov küçəsində 600 metr, A.Nəbiyev küçəsində 700 metr köhnə asfalt örtüyü sıyrılmış, səkilərə yeni üzlük daşları çəkilməsi üçün köhnə üzlük daşları sökülmüş, su keçidləri yenilənmişdir. E.Məmmədov küçəsində həyətlərə gedən içməli su xətləri yenisi ilə əvəz edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 19 avqust 2017-ci il tarixində tikintiləri başa çatmış Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux və Zazalı-“İmamzadə” avtomobil yollarının açılışlarında iştirak etmişdir. 23 min nəfər əhalinin yaşadığı və 11 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verən bu yolun tikintisi ölkə başçısının 2014-cü ildə imzaladığı müvafiq Sərəncama əsasən həyata keçirilmişdir. Uzunluğu 36 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol inşa olunarkən onun üzərində müxtəlif diametrli suötürücü borular və 2 aşırımlı körpü tikilmiş və 16 yerdə avtobus dayanacağı quraşdırılmışdır. Yol nişanlarının qoyulması, üfiqi və şaquli nişanlama xətlərinin çəkilməsi, siqnal dirəklərinin qoyulması həyata keçirilmişdir. Yolun keçdiyi Samux şəhərində, Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yolboyu abadlıq işləri aparılmış, həmişə yaşıl ağaclar əkilmişdir. Eyni zamanda Samux-Yenikənd yolunun kənarlarında təmizlik işləri aparılaraq ağaclar əkilmişdir.
Uzunluğu 19 kilometrdən çox olan Zazalı-“İmamzadə” yolunun tikintisi zamanı Gəncə çayı üzərində ikiaşırımlı körpü, 45 yerdə yol birləşmələri inşa olunub, 12 avtobus dayanacağı və 111 yol nişanı quraşdırılıb. Bu yolun tikilməsi Gəncə şəhərinin şimal hissəsindən keçən əlavə dairəvi avtomobil yolu rolunu oynayaraq, Samux, Şəmkir, Tovuz, Qazax, Gürcüstan ilə dövlət sərhədi istiqamətində və əksinə hərəkət edən nəqliyyat vasitələrinin Gəncə şəhərinin mərkəzinə daxil olmadan yük və sərnişin daşımasını təmin etməyə imkan verəcək.
Hesabat dövründə eyni zamanda uzunluğu 5 km olan Samux-Gəncə respublika əhəmiyyətli avtomobil yolu əsaslı təmir edilmiş, “İmamzədə”-Əhmədbəyli yolunda (5,2 km) cari təmir işləri aparılmışdır. Samux-Yenikənd yoluna 2,8 km, Lək –Gəncə yoluna 1,5 km uzunluğunda yeni asfalt örtüyü çəkilmişdir.
Azərbaycan kənd investisiya layihəsi çərçivəsində rayonun Alabaşlı qəsəbəsində 9 km, Alıuşağı kəndində 12,5 km, Zazalı Tatlı, Qiyaslı kəndlərində 12,5 km daxili küçə və yollarda təmir-bərpa işləri aparılmış, su keçidləri yenilənmişdir. Alabaşlı qəsəbəsində 2, Alıuşağı kəndində 2 və Zazalı kəndində 3 ədəd dayanacaq quraşdırılmışdır. Layihə çərçivəsində Lək kəndində daxili yolların təmiri işləri başa çatmış, Əhmədbəyli uşaq bağçasının təmir-bərpa işlərində son tamamlama işləri aparılır. Yaxın vaxtlarda Əlibayramlı, Çobanabdallı, Qarabağlar və Yenikənd kəndlərində daxili yolların təmiri işlərinə başlanacaqdır.
9 ay ərzində bütün istiqamətlərdə yolların çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yatağı maillikləri kol-kosdan təmizlənmişdir. Gəncə - Samux, Samux-Lək, Samux- İnstitut, Qırmızı Samux-Burunqovaq, Samux-Yenikənd-Poylu avtomobil yollarında və çiyin hissələrində 105 min m2 sahədə çınqıl materialı ilə təmir işləri aparılaraq 7,5 min m3 həcmində çınqıl materialı işlədilmişdir.Həmçinin 58 ədəd qırılmış siqnal dirəkləri yenisi ilə əvəz edilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin aradan qaldırılması məqsədilə verdiyi müvafiq tapşırığa əsasən rayon ərazisində iri təsərrüfatların yaradılması istiqamətində işlər davam etdirilmişdir. Hazırda rayonda “AQRO DAİRY” Məhdud Məsuliyyətli Cəmiyyət, “Boz dağ” heyvandarlıq kompleksi, “Ulduz 2011” MMC, “Qarabağ Region MKT” MMC , “Region Aqro” MMC kimi iri sahibkar təsərrüfatları fəaliyyət göstərir. Eyni zamanda rayonda 200-dən çox istixana fəaliyyət göstərir ki, onların da ümumi sahəsi 61 hektardan çoxdur. Bu istixanalarda 5,0 min tondan cox faraş tərəvəz - pamidor, xiyar yetişdirilir. Bu məhsulların cox hissəsi MDB ölkələrinə ixrac olunur.
Samux və Goranboy rayonları ərazisində yaradılacaq aqroparkın suvarma suyu ilə təmin edilməsi məqsədi ilə rayonun Əhmədbəyli kəndi ərazisindən 12 km uzunluğunda 1600 mm diametrli boru ilə su xəttinin çəkilməsi istiqamətində işlər davam etdirilir. Xəttin 9,4 km-i kompozid, 2,6 km-i isə dəmir boru ilə çəkiləcəkdir. Tutumu 100 min kub m. olan su ambarının tikintisi üçün qazıntı işləri aparılmışdır.
Cənab İlham Əliyev eyni zamanda Şəmkir-Samux-Goranboy magistral suvarma kanalının 8,55 kilometrlik hissəsinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir.
Şəmkirçay su anbarının, ondan su götürən 60,5 kilometr uzunluğunda magistral kanalların istifadəyə verilməsi ilə Şəmkir, Samux, Göygöl və Goranboy rayonlarında 54 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılıb, 17 min hektar yeni suvarılan torpaqlar istifadəyə verilmişdir. Bu layihənin icrası sayəsində cari ildə Samux rayonunda 8 min hektar sahəyə suvarma suyu çatdırılıb.
Cənab Prezident Samux rayonuna səfəri çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksi ilə tanış olub. Son illər Azərbaycanda alternativ enerji mənbələrindən istifadəyə xüsusi diqqətin göstərilməsi bu sahədə yeni və səmərəli layihələrin icrası ilə yadda qalır. Bu layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Hazırda Aqroenerji Yaşayış Kompleksində birinci mərhələ üzrə işlər başa çatdırılıb, dövlət hesabına 3,8 MVt-lıq günəş-bioenerji elektrik stansiyası, 1,1 MVt-lıq istilik stansiyası, 10/0,4 kV-luq yarımstansiya quraşdırılıb. Həmçinin rezidentlərin iştirakı hesabına Aqroenerji Yaşayış Kompleksinin üçmərtəbəli inzibati binası, heyvandarlıq kompleksi inşa edilib, əkinçilik, bağçılıq, arıçılıq və istixana təsərrüfatları, maşın-mexanizm parkı yaradılıb. Bu layihə çərçivəsində Samux Aqroenerji Yaşayış Kompleksində “Azguntex” zavodunda hazırlanan meyvə quruducuları, soyuducu kameralar və səyyar rejimdə fəaliyyət göstərən günəş işıqlanması ilə təmin olunmuş turist çadırları, günəş əsaslı yol işıqlanma sistemləri tətbiq edilib.
Respublikamızda ilk dəfə günəş texnologiyaları ilə təmin olunmuş enerji effektli üzüm-tərəvəz istixanası və şəhid A.Nəbiyev küçəsində qurulmuş günəş enerjisi ilə çalışan işıq dirəkləri rayon sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Gələcəkdə bu texnologiyaların digər bölgələrdə tətbiqi nəzərdə tutulub.
İlin əvvəlində respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir. Belə ki, 9 ay ərzində 934-ü daimi olmaqla 7407 yeni iş yeri yaradılmışdır. Yaradılmış yeni iş yerlərindən 60-ı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 24 layihə üzrə verdiyi 494,0 min manat güzəştli kreditin hesabınadır.
Bununla bərabər, Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünəməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 07.04.2016-cı il tarixli Sərəncamının icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Samux rayonu üzrə Məşğulluq Mərkəzində qeydiyyatda olan aztəminatlı ailələrdən 12 nəfər təlimlərə cəlb edilmiş, onlardan 9 nəfərinin biznes-planı müsbət dəyərləndirilmişdir. 9 nəfərlə müvafiq müqavilə bağlanmış və fəaliyyətə başlamışlar. Onlardan 1 nəfəri istixana qurmaqla, 1 nəfəri fotostudiya açmaqla, 1 nəfəri quşçuluqla, 6 nəfəri isə iribuynuzlu mal-qara saxlamaqla özünəməşğulluğu təmin edəcəkdir. Bu proqrama gələcəkdə daha çox işaxtaran cəlb olunacaqdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsinin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinin, imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə, iqtisadiyyatının əsasını aqrar sektor təşkil edən rayonumuzda cari ildə sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin məhsulu üçün 8306 hektar sahədə taxıl əkilmişdir ki, ondan da 5691 hektarı buğda, 2615 hektarı dən üçün arpadır. Sahələrdən 22873 ton taxıl məhsulu əldə olunmuşdur. Orta məhsuldarlıq 27,5 sentner təşkil edir.
Cari ildə rayonda 3618 hektar günəbaxan, 134 hektarı kartof, 490 hektar soya, 250 hektar bostan bitkiləri, 356 hekatr çoxillik otlar, 675 hektar tərəvəz, 20 hektar çəltik, 303 hektar qarğıdalı, 24 hektarı paxlalılar, 1194 hektar şəkər çuğunduru əkilmişdir. Hesabat dövründə sahələrdən 1534 ton kartof, 10437 ton tərəvəz,3475 ton bostan bitkiləri,7608 ton günəbaxan,47 ton paxlalılar, 1005 ton qarğıdalı,10567 ton şəkər çuğunduru, 40 ton çəltik, 182 ton soya toplanmışdır.
2017-ci ilin 01 oktyabr tarixinə iri buynuzlu mal-qaranın sayı 24998 baş olmuşdur. Bundan ana inək və camışların sayı 12918 baş təşkil edir. Qoyun və keçilərin sayı 153058 başdır.
9 ay ərzində 3319 ton diri çəkidə ət, 15920 ton süd, 5278 min ədəd yumurta, 327 ton yun istehsal olunmuşdur. Heyvandarlıq məhsullarının istehsalında da ötən ilin müvafiq dövrü ilə müqayisədə artım vardır.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 46 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur ki, onlardan 41-i istifadəyə verilmişdir. Şəmkir –Maşın kanalına daimi suyun verilməsi təmin edilmişdir.
Bununla bərabər hesabat dövründə 278 ədəd nasos, 57 ədəd elektrik avadanlığı təmir edilmişdir.Torpaqların suvarılması üçün kanallarda 268 min m3 lildən təmizləmə, 42 min m3 sahilbərkitmə işləri görülmüşdür. Kanallarda 43 ədəd hidrotexniki qurğu, 20 ədəd hidrotexniki postlar təmir edilmiş, 15200 m2 kol-koslardan təmizləmə işləri aparılmışdır.9 ay ərzində Gəncə çayında 24 min m3,Qabırrı çayında 10 min m3, Qoşqar çayında 9 min m3 əlavə sahilbərkitmə işləri görülmüşdür.
Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2017-ci ilin doqquz ayı ərzində 75 ədəd müxtəlif güclü transformator əsaslı, 155 ədədi isə cari təmir edilərək istismara verilmişdir. Qəsəbə və kəndlərdə 365 ədəd 0,4 kv-luq və 270 ədəd 10 kv-luq istismara yararsız dayaqlar yeni dayaqlarla əvəz edilmişdir.
Yenikənd yarımstansiyasında 16 MVA gücündə iki transformator quraşdırılıb. Fiziki cəhətdən köhnəlmiş 110 kV-luq avadanlıq müasir tipli 110 kV-luq eleqaz açarlar və avadanlıqla əvəz olunub. Yarımstansiyada 2 ədəd 35 kV-luq “1-ci Poylu” və “2-ci Poylu”, 6 kV-luq “Qırmızı Samux”, “Yenikənd”, “Fövqəladə hallar” hava xətləri qurulub. 35 kV-luq “1-ci və 2-ci Poylu” hava xətlərindən budaqlanan Qırmızı Samux kəndi ərazisində 35/6 kV-luq, gücü 2,5 MVA olan “Lüksemburq” adlı müasir qapalı tipli yarımstansiya tikilib. 35/10 kV-luq “Qarayeri” yarımstansiyası da tam yenidən qurulub.
Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində də müəyyən işlər görülmüşdür. Hal-hazırda rayonun 30 yaşayış məntəqəsində mavi yanacaqdan istifadə olunur ki, bu da rayon üzrə 85,7 faiz yaşayış məntəqəsinin təbii qazla təmin olunması deməkdir. 9 ay ərzində rayonun Qarayeri qəsəbəsində diametri 57 mm-lik 570 p/m və diametri 76 mm-lik 590 p/m uzunluğunda qaz xətti çəkilərək rənglənmişdir. Sərkar, Çobanabdallı və Əlibayramlı kəndlərində bir ədəd qaz tənzimləyici məntəqə quraşdırılmışdır. Çobanabdallı, Qarabağlar və Əhmədbəyli kəndlərində yol kənarında olan qaz xətləri əsaslı təmir edilmişdir. Hesabat dövründə 195 yeni abonent təbii qazla təmin edilmiş, 531 qaz sayğacı yenisi ilə əvəz edilmişdir.
İstehlak olunmuş enerjinin, təbii qazın və içməli suyun dəyərinin vaxtında, tam ödənilməsi üçün rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargah tərəfindən müvafiq işlər aparılmışdır. Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyərinin 99,6 faizi, təbii qazın dəyərinin 115,8 faizi yığılmışdır.
Bununla bərabər rayon İcra Hakimiyyətində yaradılmış “Qaynar xəttə” daxil olan məlumatlar, səyyar və fərdi qəbullarda edilən müraciətlər göstərir ki, əhalinin elektirik enerjisi və təbii qazla təminatında müəyyən problemlər hələ də mövcuddur. Xüsusilə küləkli havalarda elektrik enerjisinin verlişində böyük fasilələr yaranır. Xidmətlərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı və mövcud nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görməlidir.
Rayon əhalisinə göstərilən rabitə və poçt xidmətinin yaxşılaşdırılması istiqamətində də müvafiq işlər aparılır. 9 ay ərzində əsas telefon aparatlarının sayı 14 ədəd artırılaraq, 8299-a çatdırılmışdır. Yüksəksürətli internet portalının tutumu 232 port artırılmış və aztelekom.net portalının montaj tutumu 3824 porta çatdırılmışdır. Hazırda rayonda internet xidmətindən 3599 abunəçi istifadə edir ki, bu da keçən ilin müvafiq dövründəkindən 12,9 faiz çoxdur. Telekommunikasiya Qovşağı tərəfindən geniş zolaqlı yüksəksürətli internet xidmətinin keyfiyyətinin yüksəldilməsi və portların sayının daha da artırılması istiqamətində işlərini daha da yaxşılaşdırmalıdır.
2017-ci ilin doqquz ayında Samux Rayon İcra Hakimiyyəti başçısı aparatına ümumilikdə 430 ərizə, təklif və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkindən 49 ədəd (479 ədəd) və ya 10,2 faiz azdır. Müraciətlərdən 188-i (238) sakinlər tərəfindən bilavasitə rayon İcra Hakimiyyətinə, 242-i (241) isə respublikanın yuxarı təşkilatlarından olmuşdur. 9 ay ərzində daxil olmuş müraciətlərdə qaldırılan məsələlər yerində araşdırılmış, vətəndaşların haqlı tələbləri vaxtında həll edilmişdir.
Doqquz ayda rayon İcra Hakimiyyətinin başçısı tərəfindən rayonun hüquq mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri ilə birgə həftədə bir dəfə olmaqla rayonun bütün yaşayış məntəqələrində 39 səyyar qəbul-görüş keçirilmişdir. Bu görüşlərdə 115 müraciət edilmişdir. Müraciətlər əsasən yolların təmiri, yeni yaşayış massivlərinin elektrik enerjisi və təbii qazla təminatı, torpaq, suvarma suyu ilə təminat, bağça tikintisi, tibb müəssisələrinin təmiri ilə bağlı olmuşdur. Müraciətlərin 81 (70,4 %) icra edilmiş, 34 (39,6%) hazırda icradadır.
2017-ci ilin sonuna kimi qarşımızda yerinə yetiriləsi vacib olan daha böyük vəzifələr durur. Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin proqram xarakterli nitqlərində qarşıya qoyduğu vəzifələri yerinə yetirmək üçün bütün imkanlarımızı səfərbər etməliyik.
Qeyd etdiyimiz kimi Samux rayonunun 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf istiqamətləri ilə bağlı illər üzrə geniş tədbirlər planı tərtib edilmişdir.
Cari ildə şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması işlərinə başlanması gözlənilir. Rayonun Sərkar kənd orta məktəbi üçün 650 şagird yerlik, İnstitut qəsəbə tam orta məktəbi üçün 650 şagird yerlik yeni məktəb binalarının, Qarayeri qəsəbə 2 saylı tam orta məktəbi üçün 200 şagird yerlik, Alıuşağı kənd tam orta məktəbi üçün isə 120 şagird yerlik əlavə korpusların tikintisi həyata keçirilməlidir.
Eyni zamanda ilin sonuna kimi şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də əsas hədəflərimizdən biridir.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi, xüsusilə kənd təsərrufatının inkişaf etdirilməsinin sürətləndirilməsidir.
Əhalinin məşğulluğunun təmin olunması üçün yeni istehsal və emal müəssisələrinin yaradılması istiqamətində işlər görülür.
Ölkə başçısı tərəfindən 2017-ci ilin “İslam həmrəyliyi ili” elan edilməsi də qarşımızda yeni vəzifələr qoyur. Rayonda multikultural ənənələrin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması istiqamətində müvafiq işlər görülməlidir.