YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir.
YAP Samux rayon təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər davam edir. Bu gün Yeni Azərbaycan Partiyasının Samux rayon təşkilatının akt zalında "Yeni Azərbaycan Partiyası və müasir Azərbaycan gəncliyi" mövzusunda gənclərin iştirakı ilə tədbir keçirildi. Samux rayon gənclərinin bir qrupunun və ictimai-siyasi proseslərdə aktiv olan gənclərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə gənclərə təbriklərini çatdırdı.
G.Bayramov çıxışında ölkəmizdə gənclərin aparıcı rolundan bəhs etdi. Bildirdi ki, müasir düşüncəli Azərbaycan gəncliyi dövlətimizin ayrı-ayrı strukturlarında, ictimai-siyasi proseslərdə, vətəndaş quruculuğu sahəsində təmsil olunurlar. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan milli müstəqilliyimizin bu gün özünün ən yüksək inkişaf dövrünü yaşadığını diqqətə çatdıran G.Bayramov gənclərin də bu uğurlu işlərdə aparıcı qüvvə kimi iştirak etdiyini bildirdi. Qeyd etdi ki, hələ Ulu Öndərimiz Heydər Əliyev tərəfindən sovetlər dönəmində belə azərbaycanlı gənclərin SSRİ-nin ayrı-ayrı ölkələrinə, dünyanın ən qabaqcıl ali məktəblərində təhsil almaq üçün göndərilməsi bugünümüz üçün böyük örnəkdir. G.Bayramov Ümummilli Liderin ən layiqli davamçısı olan Prezident İlham Əliyevin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşmasının yüksək təzahürlərinin də, göz önündə olduğunu gənclərin diqqətinə çatdırdı. Ölkəmizdə gənclər siyasətinin aparıcı rolundan bəhs edən təşkilat sədri idmana qayğının, təhsilin ən yüksək səviyyəyə çatdırılmasının, mədəniyyətimizin inkişafının təmin edilməsinin kökündə məhz gənclərin gələcəyi naminə atılan addımların dayandığını vurğuladı.
Tədbirdə çıxış edən partiya fəalları Xəyalə Məmmədova, Gülnar Cavadova, Daşqın Əsgərov, Gülarə Cabbarova və digərləri Azərbaycan gəncliyinin böyük qüvvəyə malik olduğunu bildirərək, müasir gəncliyimizin milli ruhun ən böyük daşıyıcısı olduğunu və heç bir halda neqativ hallara, yalnış istiqamətlərə yönəlmiyəcəlkərinə əminliklərini ifadə etdilər.
Bu gün bir çox internet məkanlarında, sosial şəbəkələrdə müəyyən qrupların toruna düşmüş gənclərin doğru yola gəlməsi üçün YAP ətrafında cəmləşmiş gənclər olaraq, onların üzərinə mühüm vəzifələr düşdüyünü, gələcəyin məhz onların əlində olduğunu diqqətə çatdırdılar.