Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ədliyyə naziri vətəndaşları qəbul edib

22 sentyabr 2017 | 16:00

Ölkə Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən vətəndaşların bölgələrdə qəbuluna xüsusi diqqət yetirilir.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 22-də ədliyyə naziri Fikrət Məmmədov Samux rayonu Heydər Əliyev Mərkəzində Samux və Yevlax rayonlarından və Naftalan şəhərindən, eləcə də digər rayon və şəhərlərdən olan vətəndaşların qəbulunu keçirib.
Qəbuldan əvvəl nazir və Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Qəbul zamanı hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər üzrə qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Səfər zamanı ədliyyə naziri, həmçinin yerli məhkəmə və ədliyyə orqanlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, hakim və ədliyyə işçiləri ilə müşavirə keçirib.
Nazir ölkə Prezidentinin cari ilin fevralında imzaladığı cəza siyasətinin humanistləşdirilməsinə dair Sərəncamının müstəsna əhəmiyyətini vurğulayaraq, vətəndaşların azadlıq hüququnun qorunmasına daha məsuliyyətlə yanaşılmasını, habelə şəffaflığın, məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunmasının vacibliyini, eləcə də qərəzli yanaşmanın, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini qeyd edib, aidiyyəti tövsiyə və tapşırıqlar verib.
Eyni zamanda, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, rüşvətxorluğa, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı dövlət başçısının tələbləri diqqətə çatdırılaraq etik davranış qaydalarına dönmədən əməl olunması, vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması vurğulanıb.

Keçidlər