Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib

29 avqust 2017 | 16:00

Avqustun 29-da Samuxda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İslam həmrəyliyi mövzusunda regional konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda DQİDK-nın və rayon icra hakimiyyətinin məsul işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi, eləcə də qərb bölgəsində fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının əməkdaşları, dini işlər üzrə komissiyanın, YAP Samux rayon təşkilatının üzvləri, dini icma sədrləri, din xadimləri, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət təmsilçiləri iştirak ediblər.
Regional konfransın birinci panelində çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra respublikamızda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb. O, bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlının mövzu ilə bağlı məruzəsi dinlənilib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini vurğulayan M.Qurbanlı Azərbaycanın İslam mədəni irsinin yaranması və qorunub saxlanılmasında önəmli məkanlardan biri kimi tanındığını bildirib.
Mübariz Qurbanlı qeyd edib ki, bu gün dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin böyük önəm daşıdığının şahidi oluruq. Din pərdəsi altında insanlar arasında təfriqə salmaqla xaos yaratmaq xoşagəlməz reallığa çevrilib. Radikal dini təşkilat yaratmaq və yaxud onlara maddi-texniki dəstək verməklə öz məkrli niyyətlərini həyata keçirməyə çalışanlar müsəlman dünyasında qarşıdurmanı dərinləşdirməyə, İslam dünyasını zəiflətməyə, geridə saxlamağa, texnoloji cəhətdən inkişafını əngəlləməyə və yekun nəticədə coğrafi baxımdan böyük strateji əhəmiyyət daşıyan ərazilərdə hegemonluğa sahib olmağa cəhd göstərirlər.
Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir. Məhz bu səbəbdən 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi sayıla bilməz.
Samux rayonunun axundu İlham Məmmədov regionlarda keçirilən bu konfransların məqsədinin Azərbaycanın müxtəlif bölgələrində cəmiyyətin, xüsusilə də gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması, dini mühitdə radikallığa meyillərin səbəbinin öyrənilməsi, dəyərləndirilməsi, bu meyillərin qarşısının alınması üçün səmərəli metodların aşkara çıxarılması, bu sahədəki kompleks tədbirlərin səmərəliliyinin daha da artırılması olduğunu diqqətə çatdırıb.
Konfransın ikinci panelində "Dini radikalizmlə mübarizə və gənclərin maarifləndirilməsi" mövzusunda müzakirələr aparılıb.
Rayonun məktəb direktorlarının təlim-tərbiyə işləri üzrə müavinlərinin, məktəb psixoloqlarının, “Həyat bilgisi” fənnini tədris edən müəllimlərin, gənclərin iştirak etdikləri tədbiri giriş sözü ilə açan Samux Rayon İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Vüqar Tağıyev bu cür dini maarifləndirmə tədbirlərinin gənclər arasında milli-mənəvi və islami dəyərlərin qorunması istiqamətində əhəmiyyətli rolundan danışıb. O, həmçinin vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov gənclər arasında milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliğinin düzgün aparılmasının zərərli dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınmasındakı əhəmiyyətli rolundan danışıb. O, ənənəvi dini dəyərlərimizin mahiyyətindən bəhs edərək bu dəyərlərin qorunmasında, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçilik işinin aparılmasının vacibliyinə toxunub. Sədr müavini bu istiqamətdə ardıcıl işlərin həyata keçirildiyini bildirərək milli-mənəvi dəyərlərə varislik və müasirlik prizmasından yanaşılmasının zəruri olduğunu diqqətə çatdırıb.
Daha sonra çıxış edən Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Dövlət Komitəsi ilə təmsil etdiyi qurumun gənclərin dini radikalizmlə mübarizə sahəsində maarifləndirilməsi istiqamətində mütəmadi olaraq birgə tədbirlər keçirdiklərini deyib və bu tədbirlərin əhəmiyyətindən bəhs edib. O bildirib ki, xüsusilə Azərbaycanda gənclər arasında mövcud olan dini tolerantlığın, multikulturalizm ənənələrinin, eləcə də milli-mənəvi və islami dəyərlərin qorunub saxlanılması və təşviqi çox vacibdir.
DQİDK-nın dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov İslamın yad təsirlərdən qorunmasının, dini radikalizmə qarşı mübarizədə hər kəsin yaxından iştirak etməsinin, bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıb. O, məruzəsində müsəlman aləminin inkişafına mane olan amillərdən, İslam dininin dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyətindən bəhs edib.
Panel işini müzakirələrlə davam etdirib.

Keçidlər