Samuxda ilk dəfə olaraq soya bitkisi əkilmişdir.
Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunsada bu il Samux rayonunda ilk dəfə olaraq 490 ha sahədə soya bitkisi əkilmişdir. Hər hektara 25 sentner orta məhsuldarlıq və 250 sentner yaşıl kütlə gözlənilir.
Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Dəndə 33-45% zülal, 25-27% yağ və 25-27% karbohidratlar vardır (hətta zülal 52%-ə də çatır). Soya becərən təsərrüfatlar 2 məhsul: tam qiymətli zülal və bitki yağı alırlar. Soyanın zülalı suda yaxşı həll olur və yaxşı həzmə gedir. Soya dənində olan zülal arpaya nisbətən 3,6 qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur. Soyanı ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Soya dənindən yağ, marqarin, soya pendiri, süd, un, qənnadı məmulatı, konserv və başqa məhsullar alınır. Soyadan alınan yağ sabunbişirmə sənayesi üçün xammaldır. Eyni zamanda lak boyaq sənayesində də istifadə olunur.
Soyanın əkilməsində məqsəd ölkənin bu bitkiyə olan tələbatını yerli istehsal hesabına ödəmək və respublikamızdan məhsulun idxalına görə valyuta axımının qarşısını almaqdır.