Şriftin ölçüsü :

Saytın rəngi :

"Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən biri Əntiqə Əliyeva üçün Samuxda tədbir təşkil edildi

10 may 2017 | 16:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar respublika məktəblərinin şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərindən biri də Samuxlu yeniyetmədir. Rayonun Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Əntiqə Əliyeva yarışmada 2-ci yerə layiq görülüb.
Samux rayon Qarayeri qəsəbəsi 1 nömrəli məktəb-liseyin müəllim və şagird heyəti istedadlı yeniyetməni təntənə ilə qarşılayıb. Əntiqə Əliyevanın uğuru münasibətilə təhsil aldığı məktəbdə tədbir təşkil olunub.
Göyçək Namazova- Samux rayon Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin Əməkdar müəllimi: “Bütün müəllimlər, bütün şagirdlər bu qələbə münasibəti ilə sevinir. Ancaq mən iki qat artıq sevinirəm. Ona görə sevinirəm ki, Əntiqə həm məktəbimizin fəal şagirdidir, həm də mən Əntiqənin Azərbaycan dili və ədəbiyyat müəlliməsiyəm. Əntiqə mənim ulu öndərin adıyla bağlı müsabiqələrdə çıxış edən və qalib adı almış onuncu şagirdimdir”.
Ulu öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti, Azərbaycan xalqı və dövləti naminə çoxsaylı fədakarlıqları barədə dolğun yazısına görə fərqlənən Əntiqə təəssüratlarını bizimlə bölüşüb. Məktəbli gələcəkdə daha çox uğur qazanacağına hər kəsi əmin edib.
Əntiqə Əliyeva- “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi: “Mən ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qalibi oldum.  Bu qalibiyyət üçün vətənimə, xalqıma, məktəbimə, müəllimlərimə əsas da dil-ədəbiyyat müəllimim Göyçək müəlliməyə öz dərin təşəkkürümü bildirirəm.  Çox böyük uğurdu mənim üçün, uğurlarımın başlanğıcı oldu və bütün şagird yoldaşlarıma arzu edirəm ki, bu uğurlar hər birinin başına gəlsin”.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilən "Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 5 nəfər I, 11 nəfər II, 16 nəfər III dərəcəli diplomla, 18 nəfər isə tərifnamə ilə təltif olunub.
 

Keçidlər