Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 36 kilometr avtomobil yolunun yenidən qurulması işləri yekunlaşır

08 may 2017 | 16:00

Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi işləri "Azəravtoyol” ASC tərəfindən yekunlaşmaq üzrədir.
Ümumi uzunluğu 36 kilometr olan yolun 12 kilometri Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2014-cü il tarixli Sərəncamına əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 24 kilometrinin yenidən qurulması isə “Azəravtoyol” ASC-ə həvalə edilib. Hazırda cəmiyyət tərəfindən yolun sözügedən hissəsinin tikintisi işləri 4-cü texniki dərəcəyə uyğun, texnoloji ardıcıllığa riayət edilməklə və yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılır.
Layihə çərçivəsində əvvəllər eni 4 metr olan yolun hərəkət hissəsi genişləndirilərək 6 metrə çatdırılıb. Bunun üçün yolun yararsız qruntu 1 metrə qədər qazılaraq çıxarılıb, əvəzinə xüsusi material tökülərək yeni yol yatağı inşa edilib.
Artıq yolun 17 kilometrlik hissəsində qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının tikintisi işləri tamamlanaraq 12 santimetr qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Ümumilikdə isə yolun 147 min kvadratmetr sahəsinə asfalt döşənməsi nəzərdə tutulub.
Yolun qalan 7 kilometrlik hissəsində hazırda yol əsasının tikintisi davam etdirilir, yolun hərəkət hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilir. Layihə üzrə yolun 2 hərəkət zolaqlı olmaqla hərəkət hissəsinin eni 6 metrdir.
Tikintinin aparıldığı ərazilərdə yolun altından suların ötürülməsi üçün nəzərdə tutulmuş köhnə su boruları bərpa edilib, buna paralel olaraq yeni su boruları qurulub, su keçidləri inşa edilib. Bundan başqa, Gəncə çayı üzərində uzunluğu 63 metr, eni isə 9 metr olan 2 aşırımlı metal konstruksiyalı körpü də inşa edilib.
Görülən işlər tam olaraq başa çatdıqdan sonra 8 avtobus dayanacağı, zəruri olan yerlərdə isə 95 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, 73,5 kilometr uzunluğunda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələri sırasında yer alan Samux-Füzuli-Lək-Əlibayramlı-Qarabağlar-Çobanabdallı-Samux avtomobil yolunun tikintisi ilə 10 yaşayış məntəqəsində yaşayan 23 min nəfər əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq, insanların yetişdirdikləri kənd təsərrüfatı məhsullarının tez bir zamanda və rahat şəkildə bazarlara daşınmasına şərait yaradacaq.

Keçidlər