Şriftin ölçüsü :

Saytın rəngi :

Kəmalə Xəlilova: Biz 30 ilə yaxın həsrətlə gözlədiyimiz torpaqlarımıza qovuşuruq

27 noyabr 2020 | 16:00

“Azərbaycanın Vətən müharibəsi xalqımızın parlaq Qələbəsi ilə yekunlaşdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdığı qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Xəlilova deyib.
K.Xəlilovanın sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbə ölkəmizin regionda və dünyadakı nüfuzuna da əhəmiyyətli dərəcədə müsbət təsir göstərib: “Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış birgə bəyanat bizim Qarabağda zəfərimizi təsdiqlədi. Düşmən öz imzası ilə məğlubiyyətini, kapitulyasiyasını bütün dünyaya “bəyan etdi”. Azərbaycan dövləti isə həm hərbi, həm də siyasi qalibiyyətini, gücünü nümayiş etdirdi”.
O, Qarabağ qələbəsinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi, cəsarəti, diplomatik məharəti, Milli Ordumuzun gücü və xalqımızın dəstəyi nəticəsində əldə olunduğunu vurğulayıb.

Keçidlər